“Çiçəklənən Şuşa”nın Xarıbülbül sevinci

post-img

Təbiətin gözoxşayan mənzərələri, başını torpaqdan qaldırıb boylanan çiçəklər, əziz Şuşa və hər ləçəyində məxsusi gözəllik daşıyan Xarıbülbülün sevinci, Cıdır düzündəki günəbaxanlar,  fırça ustasının ilham mənbəyi...
Tanınmış rəssam, Azərbaycan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Səyyad Əliyevin Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda açılan “Çiçəklənən Şuşa” adlı rəsm sərgisi hər bir ziyarətçidə belə xoş təəssürat yaradır. Açılışdan öncə sərgi barədə medianı bilgiləndirən rəssam dedi ki, sayca 7-ci olan budəfəki fərdi sərgisi ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr edilib.
Sərgidə neorealistik və abstrakt üslubda əsərlərin yer aldığını söyləyən fırça ustası dedi: “Ekspozisiyada sərgilənən əsərlərin çoxu Şuşa və Qarabağ, habelə onların təbiəti mövzusundadır. Burada dövlətçilik və Vətənə məhəbbəti tərənnüm edən sənət əsərlərini də görmək mümkündür. Təşkilatçılara təşəkkürümü bildirirəm”.
Açılış mərasimində Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəssamın yaradıcılığı barədə məlumat verdi, sərgidə yer alan portret və mənzərə janrlarının önəmini qeyd etdi. Xalq rəssamı söylədi ki, hər iki janrda olan əsərlərin tərənnümü birbaşa Vətənə sevgi ilə bağlıdır: “Rəssam Qarabağ mövzusuna çox dəqiq münasibət göstərib. Onun qeyri-adi incəsənət eşqi həmişə parlaq hiss olunur.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Yeganə Cəlilova və digər natiqlər qeyd etdilər ki, sərgidə Şuşa və Qarabağın gözəl təbiətini tərənnüm edən əsərlərin yer alması xüsusu önəm daşıyır. Belə ki, əslən Şuşadan olan rəssam bu əsərlərində nisgillə 
sevinci bir araya gətirib. Bildirildi ki,  rəssam bu əsərləri böyük zövq və yüksək ustalıqla yaradıb.         
Xatırladaq ki, Səyyad Əliyevin tarixçi olması ona şanlı keçmişimiz və vətənpərvərlik mövzusunda orijinal sənət əsərləri ərsəyə gətirməkdə kömək edir. Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Şuşa Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə açılan sərgi iyunun 18-dək davam edəcək.

Ceyhun ALIŞLI,
jurnalist

Mədəniyyət