Azərbaycan məhsulu Almaniyanın super marketlərində

post-img

“Lidl” Almaniyanın supermarketlər şəbəkəsinin adıdır və Amerika Birləşmiş Ştatları da daxil olmaqla dünyanın müxtəlif yerlərində 11.000-dən çox mağazası fəaliyyət göstərir. Latviya və Estoniya istisna olmaqla Avropa İttifaqının hər bir üzvü olan ölkədə Lidl mağazalarına rast gəlmək mümkündür.

Təsisçisi Jozef Şvarz olan şəbəkənin əsası 1930-cu ildə qoyulub. Jozef Şvarz qısa müddətdə şirkəti, qida məhsullarının topdansatış bazarında əhəmiyyətli müəssisəyə çevirib. 1945-ci ildə Almaniyanın müharibədə məğlub olmasından sonra şirkət öz fəaliyyətini bir müddət dayandırsa da, növbəti illərdə yenidən canlanmağı bacarmışdır. 1977-ci ildə, atasının ölümündən sonra şirkəti oğlu Diter Şvars idarə etməyə başlayıb.

LİDL mağazaları adətən avtomobil dayanacağı olan və 700–1000 kvadratmetr sahəyə malik  supermarketlərdən ibarətdir.

Mağazaların tərtibatı standartdır və hər zaman bütün filiallarda, hər şey demək olar ki, eynidir. Lidl məhsullarının çeşidi 2000-ə yaxındır. Başqa sözlə, həm də onlayn mağazalar şəbəkəsinə malik bu supermarketlərdə tapılmayan məhsul yoxdur.

Bu günlərdə Lidl mağazalarında Azərbaycan məhsulu olan “Selected” araqları satışa çıxarılıb. “Gəncə-Şərab-2”-nin istehsalı olan bu məhsulların Almaniya bazarına yol açması Azərbaycan iqtisadiyyatının böyük uğurudur. Bir şüşəsi 9,9 avroya satılan məhsulun təbii ki, şəbəkənin digər ölkələrində olan mağazalarında da satışı təşkil olunacaqdır.

Müəssisənin idarə heyətinin sədri Namiq Məmmədov deyir ki, bu, təkcə respublika iqtisadiyyatının, bizim səhmdar cəmiyyətin uğuru deyil, bu, ilk növbədə ölkəmizin nüfuzunun durmadan artmasının nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət ölkəmizi dünyanın hər yerində daha yaxından tanımağa və bizə hədsiz maraq göstərməyə imkan yaradıb. Biz də bu imkanlardan maksimum yararlanmağa çalışırıq.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Gəncə



Sosial həyat