Çiriş: dadlı kətə, iltihaba çarə

post-img

Yazın əvvəllərində yerdən topa-topa çıxan çirişin yarpaqları yaşıl rəngin ən tünd çalarlarında olur, formasına görə erkən yazda qar altından boy göstərən nərgizi xatırladır. Kökləri kəndirəbənzər, təxminən 25 santi­metr uzunluğunda olur və lətlidir. Sarı və qırmızı rəngdə olan çiçəkləri gözəl görünüşə malikdir.

Xalqımızın qədim kulinariya mə­dəniyyətində çirişdən hazırlanan kətə və qutab özünəməxsus dadı ilə seçilir. Onun yarpaqlarından hazırlanan buğ­lama, sıyıq, kətə, qutab və s. xörəklər orqanizmin müxtəlif vitaminlərlə təmin edilməsi və möhkəmləndirilməsinə kömək edir. Kətə və qutab bişirmək üçün ona soğan, dağkeşnişi və qu­zuqulağı əlavə edilərək doğranır, qarı­şığa azacıq duz qatılaraq adi qaydada kətə, yaxud qutab bişirilir. Çiriş kətəsi mədə-bağırsaq, xüsusən kolit xəstəliyi zamanı çox xeyirlidir.

Çiriş tozu təzə beçə balı ilə qay­nadılır və azacıq qatılaşana yaxın gö­türülür. Hazırlanan məlhəm sınıq və çıxıqlarda, çiban və dolama tipli irinli yaraların müalicəsində istifadə edilir.

Çiriş köklərindən hazırlanan ya­pışqandan cildləmədə, papaq və çək­mə istehsalında istifadə edilir və hə­min yapışqana su dəyməyəndə uzun illər öz keyfiyyətini saxlayır.

XQ

Sosial həyat