“Bayer”lə dördüncü dəfə qarşı-qarşıya

post-img

“Qarabağ” Bakıda itirdiyi xalları Leverkuzendə tapa bilər

Bizə belə cəsarətli qənaətə gəlməyi möhtəşəm uğurları ilə aləmə səs salan Ağdam komandası özü öyrədib. Çox da uzağa getməyib, təkcə son illərdə Azərbaycan çempionunun neçə-neçə ölkədə avrokubok yarışları sınağından şərəflə çıxdığını yada salaq. Qazaxıstanda “Kayrat”, Polşa­da “Legiya”, Macarıstanda “Ferentsvaroş”, İsveçdə “Hekken” üzərində qələbələr xatirələrdə hələ təzədir. Elə buna görə də futbol pərəstiş­karlarımız bu gün Bakı vaxtı ilə gecəyarısı starta çıxacaq Leverkuzen matçında yenə “Qarabağ”dan mükəmməl oyun, yenilməz qələbə əzmi gözləyirlər. Kiminlə oynadığımızı yaxşı dərk etsək də, dörddəbir finalın astanasında daha bir tarixi zəfərin şahidi olacağımıza inamımız az deyil.

Ötən ilin payızından bəri dost-rəqiblərin dördüncü görüşü­nün əhəmiyyəti əvvəlki üç oyundan onunla fərqlənir ki, bu dəfə onlar daha mühüm sınaqda üz-üzə gələ­cəklər. Uduzan Avroliqa ilə vidala­şacaq, qalib komanda isə dörddə­bir finalda yoluna davam edəcək. “Bayer” ilə görüşlərin nəticələrinə əsaslansaq (böyük hesabla məğ­lubiyyət, son dəqiqələrdə penalti ilə uduzduğumuz oyun, 90+2-də itir­diyimiz qələbə), belə bir fikrə gələ bilərik ki, “BayArena”da “Qarabağ” fırtınası baş verə bilər. İki məğlubiy­yət və bir heç-heçədən sonra qələ­bəni bayram etmək vaxtı çatmışdır.

Bakıda “Bayer”in 34 oyundan ibarət məğlubiyyətsiz görüşlər seri­yasını dayandırmağa dəqiqələr qa­lırdı. Həmin rekord göstəricinin 35-ə böyük çətinliklə çatdırıldığını hamı gördü. Yağışlı havada “Tofiq Bəh­ramov” stadionunda qeydə alınan “dinc” nəticəyə (2:2) Azərbaycan çempionundan və onun azarkeşlə­rindən çox, almaniyalı qonaqların sevindikləri də heç kimin gözündən yayınmadı. Bu isə tam şəkildə təs­diq edirdi ki, meydanda hadisələrin gedişinə nəzarətin əsasən bizim­kilər tərəfində olduğu görüşdən sonra məğlubedilməz məşqçi Xabi Alonsonun, etiraf etdiyi kimi, onun komandasının bəxti gətirmişdi. 

Almaniya çempionatının şə­riksiz lideri Azərbaycan Premyer Liqasının növbəti qızıl medallar dəstinin yarım addımlığında olan “Qarabağ”ın güclü təzyiqindən, hər halda, xilas yolu tapa bildi. Maestro Alonsonun dediyi kimi, bəxt amili onların xeyrinə oldu. Qonaqlar bə­rabərlik qoluna əlavə vaxtda ürək­dən sevindilər. 

Kim bilir, bu gecə futbol aləmi, bəlkə də, yenə gur səslə “Qara­bağ” haqqında danışacaq. “Braqa” (Portuqaliya) ilə hər iki pley-off görüşündən, paytaxtımızda Bun­desliqa klubu ilə səkkizdəbir fina­lın birinci raundundan sonra məhz belə olmuşdu. Bu, təsadüfi deyil. Azərbaycanın 1 nömrəli klubu ta­rixində ən böyük nailiyyəti ilə diqqət mərkəzindədir. Elə milli komanda­ların məşqçilərinin də onun oyun­çularına diqqəti artmışdır. Məsələn, bu yaxınlarda Çernoqoriya yığ­ma komandasının baş məşqçisi vəzifəsinə dəvət olunmuş, yaxın keçmişdə Azərbaycan millisini də çalışdırmış xorvatiyalı mütəxəssis Robert Prosineçkinin Çernoqoriya futbolunun “Qarabağ”dakı Marko Yankoviç-Marko Veşoviç tandemini martın üçüncü ongünlüyündə An­talyada Belarus və Şimali Makedo­niya ilə yoldaşlıq görüşlərinə çağır­ması, qapıçımız Andrey Lunyovun da Rusiya komandasına namizəd­lər sırasında olması, xarici klubların getdikcə daha çox oyunçumuzla maraqlanması çox şeydən xəbər verir. 

Məşqçilik bacarığı Avropa fut­bol dairələrində gündən-günə daha yüksək qiymətləndirilən Qurban Qurbanovun komandası “Braqa” ilə hər iki oyunda, “Bayer” ilə Bakı qarşılaşmalarında sübut etdi ki, ən çətin sınaqlara belə hazırdır və səkkizdəbir finalın ikinci raundunda Leverkuzendə də rəqibi ilə bərabər səviyyədə oynamağa qadir kollek­tivdir.

“Qarabağ” UEFA Avropa Liqası turnirində dörddəbir finala çıxmaq, qürur doğuran tarixinə yeni, əvvəl­kilərdən də parlaq səhifə yazmaq imkanını özündə saxlayır. Bu im­kandan faydalanmaq arzusu təkcə Azərbaycan xalqının deyil, qarşı­dakı görüşə birbaşa hadisə yerində şahidlik etməyə hazırlaşan Alma­niyadakı, digər xarici ölkələrdəki həmvətənlərimizin, türkiyəli qar­daşlarımızın istəyidir.

Hər bir işdə, o cümlədən, id­manda qüvvəyə inam mühüm şərt­dir. Futbolçuları kimi, özü də yük­sək keyfiyyətli işi ilə xarici klubların maraq dairəsində olan baş məşq­çimiz Q.Qurbanov bu vacib key­fiyyəti kollektivə yaxşı aşılamışdır. Komanda məhz öz qüvvəsinə möh­kəm inam sayəsində Avroliqanın pley-off səddini də aşıb, dörddəbir finala yaxınlaşmışdır. İndi isə ölkə çempionumuz bu məqsəd uğrunda mübarizədə son döyüşünə çıxacaq. Biz də öz növbəmizdə, həmişəki kimi, “Hamılıqla səninləyik və uğur­lar, “Qarabağ” deyirik!

P.S. “Bayer” Bundesliqanın növbəti turunda “Volfsburq”a qalib gəlməklə (2:0) seriyanı 36-ya çat­dırmış, “Qarabağ” da Almaniyaya “Zirə” üzərində qələbə ilə yola düş­müşdür (3:1). Hər iki komanda yax­şı əhvaldadır. Bu gün onlardan biri yenə meydanı sevinclə tərk edə­cək. Maraqlıdır, məhz kim?

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist



İdman