Prezident İlham Əliyevin 2024-cü il fevralın 5-də imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam əhalinin mühüm bir hissəsini təşkil edən 1,1 milyon nəfər pensiyaçının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlərin davam etdirilməsinə xidmət edir. 2018–2023-cü illərdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, yaşa görə orta aylıq pensiyada 2 dəfə artım baş verib, pensiya təminatına əlçatanlığın artırılması üçün mühüm addımlar atılıb.
Dövlət başçısının yeni sərəncamı ilə 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılır. Artımlar bu il yanvarın 1-dən tətbiq olunur və yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənilir.
Bildiyimiz kimi 2023-cü ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılmasında vahid yanaşma tətbiq olunur. Hazırkı indeksasiya əsaslı pensiya artımı da digər pensiyaçılarla yanaşı, qulluq stajına görə pensiyalarına əlavələr təyin edilmiş pensiyaçıları (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və s.) da əhatə edir. Pensiyaların qulluq stajına görə əlavələrlə birlikdə müəyyən edilmiş məbləğləri və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımlar da 11,2 faiz indeksləşdirilərək artırılıb.
Pensiya sahəsində bir sıra problemlər də mövcuddur. Belə ki, son illərdə vəfat edənlər arasında əmək qabiliyyətlilərin xüsusi çəkisi yüksəlməkdədir. Əgər, 2001-ci ildə ölüm səviyyəsi əmək qabiliyyətli kişilər arasında 35 faiz, qadınlar arasında isə 15,3 faiz idisə, 2021-ci ildə bu göstərici müvafiq olaraq 46,2 faiz və 24 faiz təşkil etmişdir. Bu isə o deməkdir ki, əmək qabiliyyətli, məşğul insanların böyük bir hissəsi pensiya almadan vəfat edir. Onların ödədikləri sosial sığorta haqlarından isə varisləri faydalana bilmirlər. Ölkəmizdə pensiya sahəsində vərəsəlik mexanizminin formalaşdırılması zəruridir. Həmçinin pensiya sahəsində liberal islahatların aparılması vacibdir. Bu, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə müsbət təsir göstərməklə yanaşı, həm də iqtisadi inkişafa öz töhfəsini verəcək. Qeyd olunanların həyata keçirilməsi pensiya sahəsində inklüzivliyin artırılmasına da müsbət təsir göstərəcək.
Yeni sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılıb.
Sığortaolunanların fərdi şəxsi hesabında toplanmış pensiya kapitalları da Dövlət Statistika Komitəsinin məlumatı əsasında istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 8,8 faiz indeksləşdirilərək artırılıb. Göründüyü kimi, həmin pensiya kapitalları sosial sığorta ayırmaları ilə yanaşı, hər ilin əvvəlində dövlət tərəfindən də indeksləşdirilərək artırılır. Son artımlar müsbət dəyərləndirilməlidir, çünki indeksləşdirmə pensiyaçıların sosial müdafiəsini gücləndirəcək.
Vüsal BAYRAMOV,
iqtisad üzrə fəlsəfə doktoru