Su gələn arxa bir də gələr...

post-img

Bu, bölgənin enerji təminatını yüksəldir, azad torpaqlara can verir

Azərbaycan su təminatına görə dünyanın az təmin olunan regionlarından sayı­lır. İçməli suya olan tələbatı və kənd təsərrüfatının ehtiyaclarını ödəmək üçün potensial baxımdan kifayət qədər su ehtiyatlarımız yoxdur. Ölkənin ümumi su ehtiyatları 28,5-30,5 kubkilometr arasında dəyişir. Quraq illərdə bu göstərici azalaraq 22,6 kubkilometrə düşür. Onun da 70 faizi ölkə xaricində formalaşır.

Bu barədə Azərbaycan Dövlət Su Eh­tiyatları Agentliyinin rəsmisi Riad Axund­zadə deyib: “Azərbaycan su baxımından riskli ölkələr qrupunda yerləşir. Qlobal iq­lim dəyişikliklərinin təsirləri bütün dünya­da olduğu kimi, ölkəmizdə də hiss olunur. Belə ki, Azərbaycanın su ehtiyatlarının, təxminən, 70 faizi ölkə xaricində forma­laşır. Kür, Araz, Samux çayları ilə yanaşı, ümumilikdə, 21 transsərhəd çay vasitəsilə ölkəmizə daxil olan su ehtiyatları yerüstü su ehtiyatlarımızın 70 faizini təşkil edir. Di­gər su ehtiyatları ölkə sərhədləri daxilində yerli çaylardan formalaşır. Bu su ehtiyatla­rında işğaldan azad edilmiş ərazilərin payı 25 faizdir”. 

Hazırda Qarabağ və Şərqi Zəngə­zurun ümumi su ehtiyatları 2,1 milyard kubmetr həcmində dəyərləndirilir. Bu eh­tiyatlardan səmərəli istifadənin təmin edil­məsi məqsədilə, ümumilikdə, 9 ədəd su anbarı və onlardan qidalanan kanalların əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulmuşdu. Artıq işğaldan azad olunmuş sahələrdə ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonunda yerləşən Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən Xa­çınçay su anbarları, o cümlədən Tərtər­çay sol sahil kanalının təmir-bərpası işləri başa çatdırılıb. 

Suqovuşan su anbarı ilə Tərtər, Ağ­dərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının torpaq sahələri suvarılır. Həmin su anbarı istifadəyə ve­rilməklə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıb. 

Xaçınçay vasitəsilə Ağdamın Qər­vənd, Xındırıstan kimi kəndlərinin 2 min hektara yaxın əkin sahələri suvarılır. Yaxın gələcəkdə Quzanlı kəndi də bu anbardan su götütəcək. Ümumilikdə, Xaçınçay su anbarı vasitəsilə 8 min hektara yaxın əkin sahəsinin suvarılması nəzərdə tutulur.

Köndələnçay –1, Köndələnçay – 2 və Aşağı Köndələnçay su anbarlarının təmir–bərpa işləri isə yaxın günlərdə tamamla­nacaq. Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov qurumun ilin yekunları ilə bağlı keçirdiyi tədbirdə deyib: “Laçın rayonu ərazisində yerləşən Zabuxçay su anbarının tikintisi davam et­dirilir. Qız qalası su anbarından sugötürən magistral kanalın, Həkəriçay və Bərgüşa­dçay su anbarları və onlardan qidalanan kanalların inşası işlərinə isə qarşıdakı illər­də başlanılması nəzərdə tutulub. Kanalla­rın təmir-bərpası suya tələbatı ödəmək üçün olduqca vacibdir. Çünki anbarlardan suvarılan əkin sahələrinə verilən su itkilə­rinin azaldılması hesabına daha yüksək su göstəricilərinə nail olunması qıtlıq döv­ründə aqrar məhsulların artırılması üçün olduqca vacibdir.

Qeyd olunan layihələr Azərbaycanda əhali, kənd təsərrüfarı və sənayenin su təchizatı probleminin həllində çox böyük uğur olmaqla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi ayonlarının sosial-iq­tisadi inkişafına önəmli töhfədir. Eyni zamanda, ərazidə mövcud subartezian quyularının istifadəsinə tələbatın azal­masına səbəb olacaq. Bunlardan başqa, Qarabağ və Şərqi Zəngəzurda sovet döv­ründə tikilərək istifadəyə verilmiş 2 böyük su anbarı var. Ümumi su tutumu 560 mil­yon kubmetr olan Sərsəng su anbarının istifadəsi 125 min hektara yaxın torpaq sahəsinin suvarılma suyu ilə təmn etməyə imkan yaradacaq. Zəngilan və Cəbrayılın ərazisində yerləşən, su tutumu 1,6 milyon kubmetr olan Xudafərin su anbarı isə 75 min hektar yeni ərazinin suvarılmasını tə­min edəcək. Onun suyundan həm də İran tərəfi istifadə edir. 

Bölgənin Tərtər, Bazarçay (Bərgü­şadçay), Həkəri kimi əsas və digər kiçik çayları həm də böyük enerji potensialına malikdir. Azərbaycan Respublikası əra­zisində 5 milyard kVt•saat enerji almaq üçün alternativ enerji mənbələri mövcud­dur və mütəxəssislər bildirirlər ki, bunların 60 faizi Qarabağ və Şərqi Zəngəzurda olan çayların payına düşür. Bu, ilk növbə­də, çayların yuxarı hissələrində meyilliliyin və sululuğun çox, axının sürətili olması ilə bağlıdır. Bu səbəbdən də üzərlərində su elektrik stansiyaları tikilib. Hətta sovet dövründə tikilən SES-lər də var. Onlardan biri “Tərtər” SES-dir. 1976-cı ildə Tərtər­çayın üzərində Sərsəng su anbarı ilə bir­gə inşa edilib. Stansiya hər birinin gücü 25 MVt olan 2 hidroaqreqatdan ibarətdir. 1990-cı ildə stansiyanın il ərzində istehsal etdiyi elektrik enerjisi 81,9 mln. kVt•saat olub. 

Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunanda isə bölgədə 30-a yaxın ki­çik su elektrik stansiyaları vardı və onlar düşmən tərəfindən dağıdılmışdı. Təbii ola­raq yararsız vəziyyətə salınmış bu elektrik stansiyaları bərpa edilərək istismara verilir və yeniləri tikilir. Azad olunmuş ərazilərdə fəaliyyətə başlayan ilk elektrik stansiyası isə Laçının Güləbird kəndindəki 8 meqa­vatt gücündə su elektrik stansiyası olub. Bu günədək işğaldan azad edilən ərazilər­də 26 yerdə su-elektrik stansiyası tikilərək yenidən qurulub və hazırda isə 9 yerdə tikinti işləri davam etdirilir. 

Ümumiyyətlə, Qubadlı, Zəngilan, La­çın və Kəlbəcərdə böyük və kiçik çayların üzərində bir neçə elektrik stansiyası qur­mağa imkan var və bu çaylar üzərində qu­rulan stansiyalar enerji mənbəyinin böyük bir hissəsini təşkil edəcək. 

Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları üzərində elektrik stansiyalarının inşasının başa çatdırılma­sı da gücümüzə güc qatacaq. 

Sözügedən SES-lər və bərpası və inşası planlaşdırılan digər pilot layihələr Qarabağ və Şərqi Zəngəzurda dayanıq­lı enerjini təmin etməyə imkan verəcək, həm torpaqların suvarılmasında xüsusi rol oynayacaq, həm də iqtisadiyyatımızın irə­liləyişində dönüş yaradacaqdır.

Pünhan ƏFƏNDİYEV
XQ



Sosial həyat