Səhv etmirəmsə, 2008-ci ilin noyabrının əvvəlləri idi. Kiyevin küçələri boyu uzanan qazon və yaşıllıqların üstünə “əl gəzdirən” dümağ qırov artıq qapını kəsdirən qışın ilk əlamətlərindən xəbər verirdi. O vaxt Ukraynada Viktor Yuşşenko prezident, Yuliya Timoşenko isə baş nazir idi.
Xatırlayıram, həmin günlərin ən mühüm hadisələrindən biri Barak Obamanın Amerika Birləşmiş Ştatlarında prezident seçilməsi idi. Seçkidən bir gün sonra Kiyevdəki qaradərili adamların hamısı – ali məktəb tələbələrindən tutmuş bazarlardakı alverçilərəcən, bütün gecəni fişəng atıb mahnı oxudular, çalıb oynadılar.
Həmin günlərin yaddaqalan hadisələrindən biri də Liviya lideri Qəddafinin Kiyevə gəlişi idi. Yadımdadır, Ukraynanın Yazıçılar Birliyinə getməli idim. Səhər tezdən durub qəlyanaltı etdim. Sonra televizorda yerli xəbərlərə qulaq asmağa başladım. Proqramlarda Qəddafinin Kiyevə gəlişi barədə informasiyalar verilirdi. Mən heç yerə tələsmirdim. Görüşəcəyim yazıçı ilə də xüsusi bir işim yox idi. Bir də ki, bu yazı-pozu tayfasının əksəriyyətinin tənbəl olduğuna, günortayacan yatmağına olan inamıma görə özüm üçün oteldən bir az gec çıxmağı qərarlaşdırmışdım.
Nəhayət, günorta oldu. Gödəkcəmi geyinib küçəyə çıxdım. Avtobusa minib şəhərin mərkəzinə yola düşdüm. Yazıçılar Birliyi orada yerləşirdi.
Avtobusdan düşüb, yolu keçdim. Geniş prospektlə üzüyuxarı getməyə başladım. Nəhəng inzibati binanın yanından keçərkən polisin mənə gəldiyim yolu, daha doğrusu, istiqamətimi dəyişmək barədə işarə etdiyini gördüm.
Görəsən, nə baş vermişdi belə?.. Ayaq saxlayıb ətrafa göz gəzdirdim. İrəlidə möhtəşəm bir çadır qurulmuşdu. “Görəsən, toydur, yoxsa yas?” – deyə ürəyimdən keçirdim.
Polis nəfərinin arxasında, çadırın ətrafında dolaşan ucaboy, qaraşın, silahlı qızlar diqqətimi çəkdi. Yox, deyəsən, nə toy idi, nə də yas. Möhtəşəm, zəhmli çadır elə uzaqdan adama “get-get” deyirdi.
Az sonra yolüstü köşkdən aldığım yerli qəzetlərdə öz-özümə verdiyim suala cavab tapa bildim: sən demə, gördüyüm o nəhəng çadır Liviyadan təşrif buyuran ali qonaq üçün qurulubmuş. Axşam televizorda göstərilən geniş reportajda isə Liviya lideri Müəmmər Qəddafi və onun çadırı barədə ətraflı məlumat verdilər. O da məlum oldu ki, diktatoru 40 bakirə qız qoruyur. Qəddafinin düşüncəsinə görə, bu cür qızlarda hissetmə, duyma qabiliyyəti yüksək olur.
Televiziya reportajında Baş nazir Timoşenkonun ağ paltarda bədəvi çadırına, məşhur qonağın görüşünə gəlişi barədə kadrlar da nümayiş etdirildi.
Həmin ilin soyuq Kiyev payızı yadımda, bax, bu cür qalıb...
Firuz MUSTAFA,
yazıçı-dramaturq