8 gün Xruşşovla bir kreyserdə...

post-img

Azərbaycanlı matrosun 65 il əvvəl başına gələn hekayət 

Ömrünün ixtiyar çağlarını yaşayan Rasim Abbasov əslən Ağdam rayonunun Kosalar kəndindəndir. O, 1958-ci ildə hərbi xidmətə çağırılıb. 6 ay Kalininqrad şəhərində dənizçilik məktəbində təlim keçəndən sonra onu Hərbi Dəniz Donanmasında xüsusi xidmətə qəbul ediblər.

Bir müddət donanmada “Uspeşnı” gəmisində xidmət keçən keçmiş mat­ros o illəri xatırlayarkən deyib: “Bir gün gəmidə hərbi həyəcan siqnalı verildi və göyərtədə cərgəyə düzüldük. Ovaxt­kı sovet rəhbəri Nikita Sergeyeviç Xruşşov dənizçiləri salamlayaraq “Bal­tik” gəmisinə keçdi. Admiral bizim oldu­ğumuz gəmidə idi. Gəmilər hərəkətə gəlib La-manş boğazınadək getdi, bir neçə gün hərəkət edib Atlantik okea­nının ortalarına qədər onu müşayiət etdik. Sonra sualtı gəmilər gəldi və Xruşov göyərtəyə çıxıb onu müşayiət edən matroslara əl elədi. Gəmi kapi­tanı göyərtəyə qalxıb səsgücləndirici ilə onun adından bizə təşəkkür etdi və geri qayıtdıq. Oradaca bizə elan etdilər ki, sovet rəhbəri gəminin bütün heyə­tinə onun adından Fəxri fərman veril­məsini tapşırıb. Gəmidə olan bütün hərbçilərə Fəxri fərman verildi”.

Keçmiş matros həmin hərbi hissə­də xidmət edən yeganə azərbaycanlı olub. O, bir neçə ay sonra hərbi xid­mətini Qara Dəniz Hərbi Donanmasın­dakı “Orconikidze” kreyserində davam etdirib: “Kreyser Sevastopol sahillə­rində xidmət edirdi. Təxminən, 6 ay sonra həmin kreyserlə bizi Sakit oke­ana apardılar. Məlum oldu ki, təyyarə ilə Cakartaya gedən sovet lideri Nikita Xruşşovun ada dövlətləri rəhbərləri ilə görüşündə Qara Dəniz Hərbi Donan­masının xüsusi xidmət matrosları öz funksiyalarını yerinə yetirəcəklər.

Nəhayət, dəniz yolu ilə uzun səfər­dən sonra sakit okeandakı Yava adası­na gəlib çıxdıq. İndoneziyanın paytaxtı Cakartada Nikita Sergeyeviç əvvəlcə prezident Hacı Mühəmməd Suxarto ilə görüşdü və bundan sonra adada oldu­ğu, təxminən, 8 gün ərzində sovet lideri hər gün kreyserdəki kayutda bir neçə ada dövlətinin rəhbərləri ilə görüş ke­çirdi. Rəsmi görüşlərin keçirildiyi 8 gün ərzində hər gün onu görürdük. O, krey­serdə həmişə admiralla birlikdə olurdu. 

Sovet rəhbəri hər gün matrosların düzüldüyü sıranın qarşısından keçir­di. Adətən, o, rəsmi görüş keçirmədi­yi günlərdə çox sərbəst, yaxası-başı açıq vəziyyətdə olurdu. Hətta arada göyərtəyə qalxıb mahnı oxuyur, musiqi sədaları altında rəqs edirdi. Bir dəfə sıra baxışının qarşısından keçərkən bir neçə matrosa əl verib görüşdü. Növbə mənə çatanda o, haradan ol­mağımla maraqlandı. Mən Azərbay­candan olduğumu və hərbi xidmətim müddətində Amerikaya səfəri zamanı onu müşayiət edən gəmidə olduğumu söylədim. Sovet rəhbərinə dedim ki, bu, artıq sizinlə ikinci səfərimdir. O, çox məmnun halda bir daha mənim əlimi sıxdı və minnətdarlıq hissi ilə kürəyimə vurdu”.

1958–1961-ci illərdə Sovet Hərbi Dəniz Donanmasında qulluq edən keç­miş matros hərdən əsgərlik illərinin şə­killəri ilə dolu olan albomunu vərəqləyir və xəyalən o illərə qayıdır. Üstündən 65 ilə yaxın vaxt keçsə də, həmin gö­rüş və təəssüratlar onun yaddaşında unudulmaz bir xatirə kimi yaşayır.

Süleyman QARADAĞLI



Sosial həyat