Əlin qələm – sinən dəftər...

post-img

23 Yanvar Beynəlxalq Əlyazma Günüdür

Ən yaxın keçmişdə ağappaq vərəq üzərində muncuq kimi düzülən sətirləri görəndə deyər­dilər:

– Ay maşallah! Nə gözəl xəttin var!

Gözəl xətt, az qala, onun sahibinin savad və bilik səviyyəsinin bir göstəricisi kim qəbul edilirdi. 

Əbəs yerə deyil ki, insanın xəttinə əsasən, onun xarakter və xasiyyətini müəyyən edən qrafologiya elmi var. Kriminalistikada anonim şikayət və məktubların araşdırılması ilə məşğul olan mütəxəssislər var. Orta məktəbin aşağı si­niflərində isə səliqəli və düzgün yazmaq üçün hüsnxətt öyrədilirdi. 

Hər il yanvarın 23-ü dünyada Əlyazma Günü kimi qeyd edilir. Əllə yazılan mətn onun müəllifinin daxili dünyasından, hiss və duyğula­rından soraq verən informasiyadır.

Antik və intibah dövrlərdə yazılanlar məhz əlyazma şəklində bu günə gəlib çıxıb. Rusiyada inqilabçıların, mütəfəkkirlərin, yazıçı və şairlə­rin çoxlu yazışmaları var və onların fəaliyyəti­nin böyük bir hissəsini təşkil edir. Azərbaycan ədəbiyyatında C.Cabbarlının Sona xanıma, M.Müşfiqin Dilbər xanıma, H.Cavidin ailə üzvlə­rinə məktubları məşhurdur. 

Mütəxəssislərin qənaətinə görə, əl yazısı və xəttin gözəlliyin, sağlamlığın qorunmasına və ömrün uzanmasına kömək edir. Məsələn, xət­tatlığın geniş tətbiq olunduğu Yaponiya və Çində yazının müalicə üçün tətbiq olunmasının müm­künlüyü üzərində araşdırma aparılır. Vaxtilə Pe­kin Qrafik Kommunikasiya İnstitutunda aparılan araşdırmaya görə, gözəl xəttə malik tələbələr daha sağlam və perspektivli olurlar. Həmin insti­tutda aparılan tədqiqatlar nəticəsində böyük xət­tatların çoxunun uzunömürlü olduğu müəyyən edilib.

Elmi-texniki tərəqqi, müasir innovativ texno­logiyalar çox şeyi arxa plana keçirib. Son illər müxtəlif mobil qurğular və qadjetlərin, elektron yazışmaların həyatımıza daxil olması ilə əlaqə­dar oilaraq əllə yazışmalardan, demək olar ki, istifadə olunmur. Qeyd etmək xoşdur ki, 2020-ciildə Qaçqınların və Məcburi Köçkünlərin İşlə­ri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpər­vərlik sosial layihəsi bu sahədə çox faydalı bir iş oldu.

Orta məktəblərdə şagirdlər arasında dostluq yazışmaları, ailələrə böyük sevinc bəxş edən əsgər məktubları, sevgi məktubları...Təəssüf ki, bunların hamısı arxada qalıb. İndi küçələrdə poçt qutuları, mənzillərdə poçt üçün, o cümlədən məktub üçün ayrılan guşələr də çox nadir hallar­da gözə dəyir.

Hətta təsəvvür etmək də çətindir ki, kimsə ağ vərəq üzərində yazmağa başlasın: “Əvvəla, salam! Salamdan sonra zəhmət çəkib biz tərəfin əhvalı ilə tanış olmaq istəsən...” 

Böyük Səməd Vurğun isə yazı barədə dahi­yanəliklə deyib:

 

Əlin qələm – sinən dəftər,

De gəlsin hər nəyin vardır,

Deyilən söz yadigardır.

 

Süleyman HACIYEV



Sosial həyat