Ötən il DOST mərkəzlərində 700 mindən çox, ümumilikdə, ötən dövrdə 2 milyona yaxın vətəndaşa xidmət göstərilib və bu sahədə məmnunluq səviyyəsi 98 faizdir. Bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ötən ilin yekunlarından danışarkən əldə edilən uğurlarla bağlı bildirdi.
Qurum rəhbəri qeyd etdi ki, Prezident İlham Əliyevin fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və ilk DOST mərkəzi açılıb və bu, vətəndaşlara sosial xidmətlərin “bir pəncərə”dən, modern və çevik, şəffaf mexanizmlər üzərində təqdim edilməsinə imkan verib:
– Ötən il Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin də açılışı olub. Hazırda 7 DOST mərkəzi vətəndaşlara çox yüksək səviyyədə xidmət göstərir. Bu il 5 yaşını qeyd edən DOST Agentliyinin fəaliyyəti beynəlxalq arenada da yüksək qiymətləndirilib. Bir çox ölkələr DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər və həmin ölkələrdə Azərbaycanın DOST modelinin tətbiqi məqsədilə təcrübəmizin öyrənilməsi üçün işlər aparılır.
Bu il Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində keçirilən “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans da böyük maraqla qarşılanıb. "DOSTTALKS" layihəsi çərçivəsində “Heydər Əliyev xatirələrdə”, eləcə də bir çox tədbir və layihələr də həyata keçirilib.
Agentliyin sədri daha sonra bildirdi ki, “DOST Çağrı Mərkəzi” – 142 2023-cü ildə 1,8 milyon, ötən dövrdə 5,1 milyondan çox vətəndaşın müraciətini cavablandırıb. “Könüllü DOST” proqramının fəaliyyəti genişlənir, agentliyin Korporativ Sosial Məsuliyyət dəyərlərinin təbliği sahəsində bir sıra təşkilatlarla əməkdaşlıq artır. Sədr DOST Agentliyi, Azərbaycan Banklar Assosiasiyası və Bakı Dövlət Universitetinin birgə təşkil etdiyi “Sərhədsiz istedadlar” sərgi-yarmarkasından da söz açdı, ötən ilin uğurla başa vurulduğunu diqqətə çatdırdı.
Zərifə BƏŞİRQIZI
XQ