Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir sıra ölkələrdə COVID–19 virusunun mutasiyaya uğramış yeni – “JN.1” ştammının aşkarlanması barədə məlumat yayıb. Bildirilir ki, bu ştamm diqqətə alınacaq dərəcədə təhlükəli variantdır. Virus əhalisi çox olan Hindistan, Çin və ABŞ-da aşkar edilib, yayılma coğrafiyası isə daha da genişlənə bilər.
ÜST dünya əhalisi üçün yoluxmanın miqyasının hələlik kiçik olduğunu bildirsə də, insanları peyvənd etdirərək qorunmağa çağırıb. Virusun yayıldığı ABŞ-da isə xəstə sayının artacağı qaçılmazdır.
İngiltərənin Səhiyyə Təhlükəsizliyi Agentliyi yeni ştammın bəzi yoluxanlarda aşkarlandığını bildirib. Başqa ştammlara nisbətən daha təhlükəli olub-olmadığı isə hələ ki, araşdırılmayıb. Amma dünyada koronavirusa yoluxma hallarının yenidən artmağa başladığı məlumdur. Eyni zamanda, bir çox ölkələrdə donuz qripi və digər respirator infeksiyalara yoluxma hallarının çoxaldığı da müşahidə edilir.
Hazırda ABŞ-ın bir sıra ştatlarında, eləcə də İspaniyanın turizm bölgələrində xəstəxanalarda və digər tibb müəssisələrində məcburi maska rejimi tətbiq edilir. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, son günlər 29 min insan koronavirusdan, 15 min nəfər isə qripdən ağırlaşmalar səbəbindən xəstəxanalara yerləşdirilib.
Alimlər araşdırmalarla insanın vəziyyətinin kəskinləşməsinə səbəb olan yoluxucu virusun mutasiya nəticəsində yarandığı fikrini artıq təsdiq ediblər. Xəstəlik qonşu dövlətlərdə də vəziyyəti gərginləşdirib.
Bugünlərdə xəstələrin vəziyyətinin kəskinləşməsi səbəbindən Türkiyə xəstəxanalarının reanimasiya şöbələrində də çarpayı çatmazlığı yaranıb. Ölkə mətbuatı yazır ki, xəstələr boş çarpayı tapmaq üçün günlərlə növbə gözləməli olurlar. Xüsusilə, İstanbulda vəziyyət gərgindir.
Türkiyə Anestiozologiya və Reanimasiya Dərnəyinin rəhbərliyi palatalara yerləşdirilən xəstələr üçün reanimasiya tədbirlərinə, təcili və təxirəsalınmaz tibbi yardıma da ciddi tələbat olduğunu deyib. Həkimlər bildiriblər ki, COVID-19, donuz qripi və digər tənəffüs yolları xəstəlikləri, xüsusən də uşaqlarda “üçlü hücum” artıq epidemiyaya çevrilmək üzrədir. Buna görə də İstanbul Səhiyyə Palatası ölkənin Səhiyyə Nazirliyinə müraciət edib ki, əhali arasında maska taxmağın vacibliyi tövsiyə edilsin.
İzmir Tibb Universitetinin “Medical point” klinikasının təcili yardım mütəxəssisi, professor Ərsin Aksay da epidemiya ilə bağlı xəbərdarlıq edib. O, xüsusilə donuz qripi və qrip virusunun ciddi ağırlaşmalar və fəsadlar törətdiyinə diqqət çəkib.
Bəs ölkəmizdə vəziyyət necədir? Bu “üçlü hücum”un Azərbaycanda baş verməsi gözləniləndirmi? Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov bununla bağlı bildirdi:
– Hazırda Azərbaycanda hava-damcı yolu ilə yayılan bir sıra virus infeksiyaları müşahidə olunur. Xəstələnənlərin sayı az olsa da, mövsümi qrip və digər respirator virus infeksiyaların tez-tez baş verməsi məlumdur. Yeni koronavirus infeksiyasına, qızılcaya yoluxma halları var. Vaxtında müalicəyə başlamayanda, bu virus infeksiyalarının bəziləri pnevmoniyaya səbəb ola bilər.
İnfeksionistin sözlərinə görə, bu halların baş verməsi virusun növü və patogenliyi, yoluxmuş şəxsin yaşı, sağlamlıq və immun sisteminin vəziyyəti, ciddi yanaşı gedən xəstəliklərin olması və digər amillərlə bağlıdır. T.Eyvazov risk qrupundan olan insanlara yoluxma və fəsadların qarşısını almaq üçün peyvənd etməyi, həmçinin xəstəliyin əlamətləri görünəndə dərhal həkimə müraciət etməyi məsləhət görüb. O qeyd edib ki, həkim təyinatı olmadan antibiotiklərin istifadəsi və özünü müalicə etmək cəhdləri yolverilməzdir və sonrakı fəsadlara səbəb ola bilər.
Mütəxəssis ABŞ-da qeydə alınan yeni COVID-19 ştammının Azərbaycanda yayılması ilə bağlı rəsmi məlumatın olmamasını da diqqətə çatdırdı:
– Buna baxmayaraq, biz ictimaiyyəti qarşıdakı aylarda daha diqqətli olmağa çağırırıq. Tənəffüs yoluxucu xəstəlik əlamətləri olan şəxslər mümkün qədər özlərini təcrid etməli, insanların çox olduğu yerlərdən uzaq durmalı, ictimai nəqliyyatda maskadan istifadə etməlidirlər. Qeyd edək ki, bu cür tədbirlər universal olmaqla təkcə koronavirusdan deyil, həm də qripdən və digər kəskin respirator virus infeksiyalarından qorunmağa kömək edir. Ümumilikdə, ölkədə epidemioloji vəziyyət sabitdir və narahatlığa əsas yoxdur.
Pediatr Vaqif Qarayev isə bildirib ki, uşaqlar arasında qızılca, göy öskürək, suçiçəyi və mövsümi tənəffüs yolları xəstəlikləri yayılmaqda davam edir. Yoluxanlar, əsasən, peyvənd olunmamış uşaqlardır. Bir xəstə uşağın məktəbə, yaxud bağçaya getməsi kifayətdir ki, digər uşaqlar da yoluxsun. Virus hava-damcı yolu ilə yayıldığından yoluxmanın sürəti və əhatə dairəsi istənilən halda xəstələnənlərin sayını artıra bilər. Buna görə də uşaqlara ciddi nəzarət etmək, hərarətlərinə, burun axıntısına, öskürəyinə ciddi yanaşmaq lazımdır.
Zərifə BƏŞİRQIZI
XQ