“Ümummilli lider Heydər Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı müstəqil Azərbaycan dövlətinin güclü sosial siyasətinin formalaşmasını və ildən-ilə təkmilləşməsini təmin edib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin də canlanmasına imkan yaradıb”. Bu fikirləri yeni ilin ilk həftəsində qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov dedi. O, əhalinin sosial müdafiəsinin gücləndirilməsində ötən il əldə edilən uğurlarla bağlı XQ-yə bildirdi:
– Ötən 20 ildə Ulu öndər Heydər Əliyevin uğurlu sosial siyasətini Prezident İlham Əliyev xüsusi qayğı ilə davam və inkişaf etdirib. Cənubi Qafqazın ən sürətlə inkişaf edən, qüdrətli, lider dövlətinə çevrilən Azərbaycan, eyni zamanda, sosial dövlət olaraq vətəndaş rifahının təminatı istiqamətində mühüm uğurlara nail olub. 2023-cü il Prezident İlham Əliyevin fərman və sərəncamları əsasında son 5 ildə 4-cü sosial islahat paketinin reallaşdırıldığı, dövlət başçısının uğurlu sosial siyasətinə uyğun olaraq vətəndaş rifahı və məmnunluğunun təminatı istiqamətində növbəti irəliləyişlərin əldə edildiyi daha bir il kimi yadda qalır.
Sosial islahat paketi 1,9 milyon vətəndaşı əhatə edib və artımlar üçün əlavə olaraq illik 750 milyon manat ayrılıb. 2023-cü ildən minimum aylıq əməkhaqqı 345 manata çatdırılıb və bu artım 700 min işçini əhatə edib. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşları orta hesabla 15 faiz artırılıb. Minimum aylıq əmək pensiyasının məbləği 2023-cü il fevralın 1-dən 280 manata çatdırılıb. Pensiyalar 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq bu ilin əvvəlindən 14,7 faiz indeksləşdirilərək artırılıb və bu artım 1,1 milyon pensiyaçını əhatə edib. Yaşa görə orta aylıq pensiyanın məbləği pensiyaçılar üçün yaşayış minimumunu 2,3 dəfə üstələyib. 4-cü sosial islahat paketi çərçivəsində Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 500 manatdan 600 manata qaldırılıb. Orqanizmin funksiyalarının pozulması dərəcəsindən asılı olaraq, əlillərin pensiyası 500, 400 və 330 manat olub. Həmçinin 2023-cü ildən Prezidentin fərdi təqaüdü 1500, “Xalq” fəxri adına görə təqaüd 200, “Əməkdar” fəxri adına görə 150 manat təşkil edib.
Bundan başqa, aylıq müavinətlər – yaşa görə, 220 manat, ailə başçısını itirməyə görə (hər ailə üzvü üçün) 120 manat, beşdən çox uşağı olan qadınlara hər uşağa görə 105 manat, aztəminatlı ailələrdəki 1 yaşadək uşağa görə 100 manat olub. Uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinət 500 manata çatdırılıb. Ötən ilin 11 ayı ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 7 milyard 285 milyon manat ödənilib.
Həssas qruplara göstərilən digər qayğılardan da söz açan F.Talıbov dedi:
– Şəhid ailələri və qazilərin mənzillə təminatı sosial dəstək proqramının mühüm bir istiqamətini təşkil edir. Həmin kateqoriyadan olan şəxslərə İkinci Qarabağ müharibəsindən sonra 6000, ümumilikdə, ötən dövrdə 14 min 800 mənzil verilib. Həmçinin qazilərə 2023-cü ildə 100, postmüharibə dövründə 424, ümumən, ötən dövrdə 7600 avtomobil verilib.
Prezident İlham Əliyevin fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və ilk DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir. 2022-ci ildə Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” xidmət məntəqəsi, ötən ilin avqustunda Qarabağ Regional DOST Mərkəzi və və Peşə Hazırlığı Mərkəzi açılıb. Hazırda DOST xidmətləri şəbəkəsinin Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı və Şuşanı da əhatə etməsi üçün layihə, təmir-tikinti işləri aparılır.
Onu da qeyd edək ki, DOST konsepsiyası 20-dən çox beynəlxalq mükafat və sertifikatla təltif edilib və mötəbər beynəlxalq qurumlar tərəfindən dünyanın qabaqcıl təcrübələrindən biri kimi tanınaraq digər ölkələrdə də tətbiqi təşviq olunur. Serbiya, Moldova, Özbəkistan və digər bəzi ölkələrdə Azərbaycanın DOST modelinin, sosial sahədə rəqəmsallaşma, əlilliyin qiymətləndirilməsi və başqa təcrübələrinin tətbiqi nəzərdə tutulur.
Həssas qrupların yaradıcı potensialının inkişafına dəstək göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllıda “DOST evi” filialı fəaliyyətə başlayıb. “DOST evi”ndə 10 istiqamət üzrə 6 emalatxana (dulusçuluq, bədii oyma, misgərlik və zərgərlik, dərzilik və kəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanaları) fəaliyyət göstərir. Bu yeni inklüziv məkan da bölgədə yaşayan əlilliyi olan şəxslər və digər həssas qrupların bacarıqlarının təkmilləşməsinə, onların məşğulluğuna, gəlir imkanlarının artırılmasına, milli sənətkarlığın inkişafına, bölgədə turizm imkanlarının genişləndirilməsinə və s. dəstək məqsədi daşıyır.
Həssas qruplara diqqət çərçivəsində aktiv məşğulluq proqramlarının genişləndirilməsi davam etdirilib və 2023-cü ildə 371 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Ötən ilin 11 ayında 45,5 min şəxsə əlillik (o cümlədən 22,6 min nəfərə ilkin, 22,9 min nəfərə təkrar) təyin edilib. Əlillik sahəsində mühüm islahat olaraq 2022-ci ilin 1 iyulundan əlilliyin qiymətləndirilməsində qabaqcıl dünya təcrübəsinə uyğun yeni meyarlar tətbiqinə başlanılıb. Əlillik təyinatına əsas verən meyarların sayı həmin il 128-dən 563-ə, 2023-cü ildə isə daha da artırılaraq 617-ə çatdırılıb, yəni, əlillik təyinatına əsas verən meyarların sayı 5 dəfəyə yaxın artırılıb.
Son 5 ildə reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub, Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, Qəbələ rayonunda Uşaq Reabilitasiya Mərkəzi açılıb. Görülən işlər reabilitasiya xidmətləri ilə təmin olunanların illik sayının artmasına imkan verib. 2023-cü ildə 78,9 min əlilə reabilitasiya xidmətləri göstərilib, 9,7 min nəfərə 80,8 min reabilitasiya vasitəsi verilib. Dekabrın 1-dən Qarabağ Regional DOST Mərkəzində, o bölgədə əlillərin reabilitasiya xidmətlərinə əlçatanlığının təmin etmək üçün Ambulator Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı üzrə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri davam etdirilib. Həmin ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə 2023-cü ilin avqust ayında onlara birdəfəlik müavinətin (600 manat) təyin olunmasına başlanıb. Qeyd olunan mütəxəssislərin aylıq vəzifə maaşlarına əlavələr hesablanması və onlara hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub.
Onlardan artıq 1000-dən çox şəxsin məşğulluğu təmin edilib, 30 sakin üçün özünüməşğulluq proqramı üzrə təsərrüfatlar yaradılıb, 700 nəfərin məşğulluğuna dəstək işləri aparılır. İşğaldan azad olunmuş ərazilər üzrə ilkin mərhələ olaraq 2026-cı ilədək 12 min şəxsin peşə hazırlığına cəlb edilməsi də planlaşdırılıb. Nazirlik artıq bir sıra şəhər və kəndlərin işsiz sakinləri üçün peşə hazırlığı kurslarının təşkili işlərinə başlayıb. Peşə kurslarına 2023–2024-cü illərdə həmin ərazilərdə məskunlaşmış, habelə məskunlaşması nəzərdə tutulan işsizlər cəlb ediləcək.
Əhalinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərə nəzər salsaq deyə bilərik ki, yola saldığımız il uğurlu olub. Əminik ki, qurum 2024-cü ildə də həssas qruplara qayğı və diqqətini davam etdirəcək.
Zərifə BƏŞİRQIZI
XQ