Moskva ilə münasibətlərdə “qırmızı xətlər” keçilib
Ermənistanda Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutu ilə bağlı məsələ yenidən aktiv fazaya daxil olub. Belə ki, ölkənin ədliyyə naziri Qriqor Minasyan Roma Statutunun ratifikasiyası müstəvisində qanunvericilikdəki dəyişikliklərə dair fikirlərini bölüşüb. Nazirin sözlərinə görə, mövcud durumda yeni qanunların qəbuluna da zərurət yaranıb. Minasyan vurğulayıb ki, hazırda bu istiqamətdə bir neçə ölkənin, o cümlədən, Gürcüstanın, eləcə də digər aparıcı dövlətlərin təcrübəsinin təhlili aparılmaqdadır.
Bütün bunlar öz yerində. Qeyd edək ki, Roma Statutu Birləşmiş Millətlər Təşkilatı Konfransının 15 iyun – 17 iyul 1998-ci il tarixləri arasında İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin qurulması haqqında sənəddir. Beynəlxalq müqavilələrdə ona tez-tez “statut” deyilsə də, gündəlik istifadədə Roma Əsasnaməsi adlanır. O zaman sazişin qəbuluna 160 ölkə səs vermişdi ki, həmin ölkələrdən 120-si onun lehinə, 21-i bitərəf, 7-si əleyhinə olmuşdu. Ümumən, 2016-cı ilin mart ayından etibarən 139 dövlət Roma Statutunu imzalamışdı. Onlardan yalnız 124-ü sənədi təsdiqləmişdi.
Rusiya Roma Statutunu 13 sentyabr 2000-ci ildə imzalamışdı. Lakin 2016-cı ilə qədər sənəd təsdiqlənməmiş saxlanılmışdı. 16 noyabr 2016-cı ildə Prezident Vladimir Putin Rusiyanın Roma Statutunda iştirakdan imtina edən sərəncam vermişdi. Əsaslandırma belə olmuşdu ki, BCM-in yurisdiksiyasından çıxma ölkənin milli maraqlarından irəli gəlir. Nəzərə alaq ki, o vaxt dünya miqyasında işğal kimi qiymətləndirilmiş Krımın Rusiya tərəfindən tutulması yaşanmışdı.
Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur. Roma Statutuna əsasən, BCM dövlətlərin özlərinin həllində çətinlik çəkdikləri və müdaxilə etmək istəmədikləri vəziyyətlərdə yalnız yuxarıda sadalanan dörd əsas beynəlxalq cinayəti araşdıra bilər. İstisna olaraq, BCM-in yurisdiksiyası BMT-nin Təhlükəsizlik Şurası tərəfindən icazə verildiyi təqdirdə, bəzi başqa cinayətlərə də aid olunur.
Ermənistana gəldikdə isə 2023-cü il oktyabrın 3-də ölkə parlamenti BCM-in Roma Statutunu ratifikasiya edib. Hakim “Mülki müqavilə” fraksiyasının 60 deputatı ratifikasiyanın (lazım olan 54 səslə) leyihə, müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyalarından 22 deputat əleyhinə səs verib. Bundan əvvəl, yəni mart ayında isə Ermənistanın Konstitusiya Məhkəməsi Roma Statutundan irəli gələn öhdəliklərin fundamental qanunlara uyğunluğunu tanıyaraq, özünün Roma Statutunun konstitusiyaya zidd olması barədə 2004-cü ildə çıxardığı qərarını ləğv etmişdi.
“Ratifikasiya o deməkdir ki, Ermənistan Respublikası ərazisində törədilmiş istənilən ağır cinayət BCM-in yurisdiksiyasına düşəcək və belə bir cinayəti reallaşdırmaq niyyətində olanlar üçün, bu, ən azı, çəkindirici təsir göstərəcək. Azərbaycan Silahlı Qüvvələrinin hələ də Ermənistanın suveren ərazisində yerləşdiyini nəzərə alsaq, ratifikasiya özünü doğruldur”, –deyə Ermənistan hökumətinin beynəlxalq hüquqi məsələlər üzrə sözçüsü Yeqişe Kirakosyan parlamentdəki səsvermədən sonra bildirmişdi.
Ermənistanın baş naziri Nikol Paşinyan isə ötən ilin sentyabrında vurğulamışdı ki, Roma Əsasnaməsinin ratifikasiyası “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Ermənistan–Rusiya strateji tərəfdaşlıq alətlərinin xarici təhlükəsizliyin təminatı üçün kifayət etməməsinin” nəticəsidir. Eyni zamanda, İrəvan Moskvanı əmin etməyə çalışmışdı ki, ratifikasiya Kremlin yüksək vəzifəli şəxslərinə qarşı yönəlməyib. Elə əsl məsələ də bundadır. Məlum olduğu kimi, ötən ilin martında BCM Rusiya Prezidenti Vladimir Putinin və ölkənin uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. “Biz Rusiyaya ikitərəfli saziş bağlamağı təklif etmişik ki, Roma Əsasnaməsi Ermənistan tərəfindən ratifikasiya olunarsa, Rusiyanın qorxuları aradan qalxsın”,– deyən nə Kirakosyanın, nə də digər erməni rəsmilərinin oxşar açıqlamarı Moskva tərəfindən anlayışla qarşılanır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun 2023-cü ilin oktyabrında bildirdiyi kimi, Rusiya Ermənistan baş naziri Paşinyanın Ermənistanın Roma Əsasnaməsinə qoşulmaq qərarının KTMT alətlərinin kifayət qədər olmamasına və Ermənistan–Rusiya tərəfdaşlığı ilə bağlılığına dair sözlərini qəbul etmir. Rusiya ilə razılaşma təklifinə gəlincə, Peskovun sözlərinə görə, indi bu, “yalnız erməni tərəfinin ideyasını” ifadə edir. “Lakin fakt faktlığında qalır: Ermənistan BCM-i tanıyıb. BCM bizim üçün tanınmayan strukturdur və təbii ki, biz BCM-in Prezident Putin və Lvova-Belova ilə bağlı qərarını tamamilə qanunsuz və əhəmiyyətsiz hesab edirik”, – deyə Rusiya dövlət başçısının mətbuat katibi vurğulamışdı.
Onu da bildirək ki, Ermənistan rəsmiləri tərəfindən dövriyyəyə buraxılmış və Roma Statutunun qəbulunun İrəvan–Moskva münasibətlərində gərginliyi aradan qaldırmaq üçün əlavə sənəd məntiqi keçərsiz kimi görünməkdədir. Bu isə o deməkdir ki, ölkələr arasında mövcud istiqamətdə hansısa kompromis yoxdur. Ancaq ötən il İrəvan rəsmiləri özlərinə xas şəkildə vurğulamışdılar ki, sənəd hələ qüvvəyə minmədiyindən, belə bir şans saxlanılır. Əlbəttə, onlar Moskvanın məsələyə can atmasına fokuslanmışdılar. Ancaq məlum oldu ki, Rusiya tərəfi yarımçıq oyunlara gedən deyil. Bu isə o deməkdir ki, Ermənistana daxil olacağı təqdirdə, V.Putini həbs gözləyir.
***
Bəli, indi Ermənistanın ədliyyə naziri Q.Minasyan ölkəsinin digər qanunvericilik aktlarını Roma Statutuna uyğunlaşdırmaqdan söz açırsa, belə məlum olur ki, haqqında danışdığımız məsələ qətidir. Deməli, Ermənistan Rusiya ilə münasibətlər baxımından bütün “qırmızı xətləri” keçməkdədir. Həm də, bu, o deməkdir ki, Ermənistanın Roma Statunun qəbulu ilə Azərbaycanı cəzalandırmaq məntiqi də əhəmiyyətsizdir. Həm də ona görə ki, yalan-gerçək İrəvan Bakı ilə sülhə hazır olduğunu bildirsə də, Moskva ilə münasibətləri normallaşdırmaqdan bəhs etmir.
Ə.CAHANGİROĞLU
XQ