“Girdman–Şirvan–Naxçıvan” ümumerməni birliyi ilə Ermənistan hakimiyyətinin “ideya” yaxınlığına sözardı
Ermənistanda sərsəm bir təşkilat var. Adı belədir: “Girdman–Şirvan–Naxçıvan” ümumerməni birliyi. Bu birlik Dağlıq Qarabağın müstəqillik bəyannaməsi adlanan saxta sənədin qəbulunun 32-ci ildönümü münasibətilə bəyanat yayıb. Əlbəttə, məsələyə reaksiya vermək, bəlkə, bir o qədər yerinə düşmür. Ancaq iş ondadır ki, bu bəyanatı Ermənistan dövlətinə məxsus “Armenpress” informasiya agentliyi yayıb. Deməli, durum kifayət qədər ciddidir.
Bəli, durum həm də ona görə ciddidir ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində, guya, cəhdlər etdiyini vurğulayan və özünü mütərəqqi subyekt kimi göstərməyə çalışan Ermənistan dövləti öz media orqanı vasitəsi ilə separatçı mahiyyət daşıyan belə bir məsələni tirajlamaqdadır. Kimsə deyə bilməz ki, “Armenpress”in mövqeyi rəsmi İrəvanın mövqeyi deyil. Bir vacib məqam da var ki, onu yazının sonunda diqqətə çatdıracağıq.
Əvvəla, sözügedən təşkilatın özünə diqqət yetirək. Göründüyü kimi, Girdman, Şirvan və Naxçıvan adları Azərbaycan toponimləridir. Ümumerməni birliyi ermənilərin milli kulinariyamızdakı dolmaya iddia etdikləri kimi, onların əzəli torpaqlarımıza da eyni formada sahiblənməyinin təbliğatını aparır. Dolmanın adı dəyişdirilmədiyi kimi, torpaqlarımızın adı da saxlanılır. Yəni, ortada son dərəcə böyük həyasızlıq var.
İkincisi, indiyədək iki Qarabağ müharibəsi olub. İkinci Qarabağ müharibəsində Ermənistan rüsvayçı məğlubiyyətlə üzləşib. Ölkənin baş naziri Nikol Paşinyan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. İndi isə Ermənistanın dövlət mediası “Armenpress” separatçı mərama xidmət edən qurumun sənədini yayır. Özü də “Dağlıq Qarabağın” “müstəqilliyi” ilə bağlı bəyanatı. Belə bir durumda rəsmi İrəvanın sülh “zəngulə”lərinə səmimi yanaşmaq mümkündürmü? Əlbəttə ki, yox!
Əlqərəz, “Girdman–Şirvan–Naxçıvan” ümumerməni birliyinin bəyanatında bildirilir ki, 32 il əvvəl yanvarın 6-da Dağlıq Qarabağ Ali Sovetinin birinci sessiyasında Dağlıq Qarabağın “müstəqilliyi bəyannaməsi” qəbul edilib. Guya, Qarabağ “müstəqilliyinin” bütün hüquqi mərhələlərini keçib: “Hələ 1991-ci il sentyabrın 2-də vilayət və Şaumyan Rayon Deputatlar Sovetinin birgə iclasında “Dağlıq Qarabağ Respublikasının elan edilməsi haqqında bəyannamə” qəbul edilmişdir”.
Bəyanatda 1991-ci ilin dekabrın 10-da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin “müstəqilliyini təsdiq edən referendum”dan da söz açılıb. Məlum olduğu kimi, həmin prosesi yerli azərbaycanlılar boykot etmişdilər və ancaq erməni əhalinin qatıldığı “referendum”da “DQR”in müstəqilliyinə səs verilmişdi. Sən demə, belə hüquqi prosedurla əldə edilmiş müstəqillik möhkəm tarixi və siyasi əsaslara söykənirmiş. Hansı əsaslara? “Girdman–Şirvan–Naxçıvan” ümumerməni birliyi həmin əsasları qondarıb bəyanatına salmağı yaddan çıxarmayıb. Elə ən böyük tarixi saxtakarlıq da məhz budur. Birlik iddia edir ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini 1918–1920-ci illərdə mövcud olmuş respublikanın varisi kimi elan etmişdi. Guya ki, həmin illərdə, yəni Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Azərbaycanın tərkibində nə Qarabağ, nə də Naxçıvan yer almışdı...
Çox güman ki, cəfəngiyyatın böyüklüyünün fərqinə vardınız. Erməni dövlət mediasının bəyanatını tirajladığı “Girdman–Şirvan–Naxçıvan” ümumerməni birliyi onu da iddia edir ki, guya, Azərbaycan erməni xalqına qarşı aparteid və ayrı-seçkilik siyasəti aparıb və bu, silahlı toqquşmalara, dinc erməni kəndlərinin sakinlərinin kütləvi deportasiyasına səbəb olub. Nəticədə, iki xalqın bir arada yaşaması mümkünsüz olub. Və daha bir cəfəngiyyat: “SSRİ-də qüvvədə olan konstitusiya və qanunlar muxtar qurumlara və kollektiv şəkildə yaşayan milli qruplara İttifaq respublikasından çıxdıqda öz dövlət-hüquqi statusu məsələsini müstəqil həll etməyə imkan verirdi”.
Hesab edirik ki, sonuncu sitatın üzərində xüsusi dayanmağa ehtiyac var. Məsələ burasındadır ki, uzun illər davam etmiş nəticəsiz Azərbaycan–Ermənistan danışıqlarında İrəvan hər vəchlə Qarabağdakı separatçı rejimi ayrıca tərəf kimi göstərməyə çalışmışdı. İstəmişdi ki, rəsmi Bakı onların təmsilçiləri ilə bir masa arxasında əyləşsin. Bəs, yuxarıda haqqında söz açılmış “referendum” nə üçün olmuşdu? Məsələ burasındadır ki, Azərbaycana qarşı, xüsusən də Qarabağla bağlı ərazi iddialarında olan erməni avantüristləri lap əvvəldən bölgəni Ermənistana birləşdirmək istəmişdilər. Təsadüfi deyil ki, Qarabağ ambisiyasının, yəni “miatsum”un ideoloqlarından sayılan Abel Aqanbekyan (SSRİ prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri) hələ 1987-ci ildə fransız mediasına açıqlamasında bildirmişdi ki, Dağlıq Qarabağ iqtisadi cəhətdən Ermənistana bağlıdır, nəinki Azərbaycana.
Lakin erməni başbilənlər “miatsum”u birbaşa reallaşdırmağın mümkün olmadığını gördükdə, “referendum” keçirib, ərazini ayrıca dövlət olaraq göstərməyə çalışmışdılar. Bölgəni Ermənistana birləşdirmək əzmi o qədər böyük olmuşdu ki, rəsmi İrəvan “DQR”in “müstəqilliyini” tanımamışdı. Yəni, “Girdman–Şirvan–Naxçıvan” ümumerməni birliyinin bəyanatında vurğulandığının əksinə olaraq, “referendumda” məqsəd heç də Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi deyildi. Bu, sadəcə bir variant idi.
Bəyanatda daha bir cəfəng məqam da var. Sən demə, Azərbaycan “DQR”in müstəqillik prosesini dayandırmaq üçün Şirvanda, Naxçıvanda yaşayan yarım milyondan çox ermənini didərgin salıb, Sumqayıtda, Bakıda qırğınlar törədib. Hər halda, tarixi bu qədər saxtalaşdırmaq görünməmiş haldır. Ancaq tipik erməni avantürizmi üçün, bu, çox adi məsələdir. Axı, elementar məntiq və ona uyğun zaman anlayışı var. Ermənilərin Bakını, Sumqayıtı və digər əraziləri tərk edib Ermənistana getmələri daha əvvəlki prosesdir. Yəni, onlar həmin avantüristlərin yaratdıqları vəziyyətə görə yaşadıqları Azərbaycan ərazilərindən çıxanda, “DQR”in “müstəqilliyi” adlı bir şey yox idi. Deməli, Azərbaycan buna qarşı çıxa bilməzdi.
Ümumerməni birliyi daha sonra birbaşa hazırkı dövrə keçid alır və bildirir ki, Azərbaycan törətdiyi cinayətlərə görə cəzasız qaldığından, növbəti etnik təmizləməni Qarabağda aparıb. Guya, ölkəmiz on aya yaxın davam etmiş humanitar böhran yaradıb və sair və ilaxır. Yekunda təşkilat belə qənaətə gəlib ki, “Dağlıq Qarabağ”ın “müstəqilliyinə” alternativ yoxdur.
Bir daha vurğulayaq ki, belə bir qurum Azərbaycanla sülhə gəlmək istədiyini bildirən Ermənistanda fəaliyyət göstərməkdədir. Yəni, orada dövlət qeydiyyatına alınıb. Ən vacibi isə heç də bu təşkilatın bəyanatında nələri bildirməsində deyil. Başlıca məsələ onun açıqladıqlarının Ermənistan dövləti üçün də prioritet təşkil etməsindədir. Bu yerdə sonda üzərinə gələcəyimizi bildirdiyimiz məqama keçid alaq.
Bir daha bildirək ki, “Girdman–Şirvan–Naxçıvan” Ümumerməni Birliyinin bəyanatında Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Qarabağın və Naxçıvanın, guya, ölkəmizin tərkibində yer almadığı iddia olunub. Halbuki, qədim Azərbaycan torpağı İrəvanın Ermənistana paytaxt kimi peşkəş edildiyi tarixi faktdır.
Ermənistan dövləti də bu sayaq manipulyasiyalara baş vurmaqdadır. Diqqət yetirək, hazırda rəsmi İrəvanın Azərbaycanla sülh üçün irəli sürdüyü başlıca prinsiplərdən biri 1991-ci ilin Alma-Ata Bəyannaməsinə əsasən dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Alma-Ata Bəyannaməsi 1991-ci ilin dekabrın 21-də imzalanıb. Qarabağda haqqında söz açdığımız “referendum” isə dekabrın 10-da keçirilib. Yəni, “müstəqillik” qərarı həmin vaxt verilib, yanvarın 6-da isə elan edilib. O zaman Alma-Ata Bəyannaməsi ilə dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması məsələsi əhəmiyyətini itirməkdədir.
Bəli, Ermənistan, sadəcə, bildirə bilər ki, qanun geriyə işləmir və “müstəqillik” qərarı Alma-Ata Bəyannaməsindən əvvəl olub. Nəzərə alaq ki, ölkəmizin ötən il sentyabrın 19-20-də keçirdiyi uğurlu lokal xarakterli antiterror tədbirlərinə və suverenliyimizin tam bərpasınadək erməni iqtidarının nümayəndələri, o cümlədən, baş nazir N.Paşinyan Qarabağın seçkili hakimiyyətinin olduğunu vurğulamışdı.
Onu da nəzərə alaq ki, lokal xarakterli antiterror tədbirlərindən sonra, daha dəqiq desək, sentyabrın 28-də “DQR”in ləğv edildiyi bildirilsə də, ötən ilin sonlarına doğru Ermənistanda səslənən fikirlər bunun əksini sübuta yetirməkdədir. Məsələn, keçmiş qondarma rejimin rəhbəri Samvel Şahramanyan bildirib ki, “DQR” referendum yolu ilə yaradılıb və heç kəs “xalqın iradəsinə” əsaslanmış qərarı ləğv edə bilməz. “Girdman–Şirvan–Naxçıvan” ümumerməni birliyi kimi, S.Şahramanyan da Ermənistan ərazisindədir.
Üstəlik, rəsmi İrəvan yenə də anti-Azərbaycan siyasətindən geri durmur, onun təmsilçiləri müxtəlif beynəlxalq toplantılarda ölkəmizi işğalçı kimi göstərirlər, mövcud istiqamətdə təbliğat aparırlar. Halbuki, belə yanaşma yolverilməzdir. Ermənistan səmimiyyət nümayiş etdirməlidir. Yeri gəlmişkən, səmimiyyətin ilk göstəricilərindən biri “Girdman–Şirvan–Naxçıvan” ümumerməni birliyi adlanan və avantürist niyyətə köklənmiş təşkilatın dövlət qeydiyyatının ləğvi olmalıdır.
Ə.RÜSTƏMOV
XQ