Siqaret beynin həcmini azaldır

post-img

32 mindən çox insanın beyin müayinəsindən sonra müəyyənləşib ki, tütün məhsulları beyin həcminin tədricən itirilməsilə nəticələnir. İtirilmiş beyin isə bərpa olunmur.

Əlavə bir pis xəbər odur ki, beyin həcminin azalması qocalmanı da sürətləndirir. Sent-Luisdəki Vaşinqton Universiteti tibb fakültəsinin psixiatriya professoru Laura Berut deyir ki, siqaret çəkmək, əslində, demensiya xəstəliyinin inkişafında bir amildir. L.Berutun sözlərinə görə, son vaxtlara qədər elm adamları siqaretin beyinə təsirlərini diqqətə almırdılar. İndiyədək alimlər daha çox siqaretin ağciyərlərə və ürəyə göstərdiyi dəhşətli təsirlərinə diqqət yetirirdilər, indisə aydın olur ki, siqaretin beyinə də mənfi təsiri var.

Bundan başqa, L.Berutun və onun həmkarları Böyük Britaniyanın tibbi qeydlərinin məlumat bazasından 32 mindən çox insanın siqaret çəkmə tarixçələrini, genetik məlumatlarını və beyin müayinələrini təhlil edərək belə nəticəyə gəliblər: siqaret çəkmək genetik meylin, beyin həcminin azalması da siqaretin nəticəsidir.

Bundan əlavə, aydın olub ki, siqarət çəkən insanların beyinləri kiçilir. Hətta illər əvvəl siqareti tərgitmiş insanların beyinlərinin heç vaxt siqaret çəkməyənlərə nisbətən daha kiçik olduğu aşkarlanıb. Buna görə də, təəssüf ki, vurulmuş zərəri düzəltmək mümkün deyil, lakin sonrakı zərərin qarşısını almaq mümkündür.

Əlbəttə ki, beyindən əlavə, siqaret insanın digər orqanlarına da təsir göstərir, ağciyərlərə, qan damarlarına, ürəyə, mədə-bağırsaq traktına və sinir sisteminə zərər verir. 

Buna görə də, siqareti tərgitməyə çalışın. Hələ gec deyil.

XQ

 

Sosial həyat