ABŞ və Finlandiya hərbi müttəfiqliyi güclənir

post-img

Finlandiyanın xarici işlər naziri Elina Valtonen, ölkənin müdafiə naziri Antti Hakkanen və ABŞ dövlət katibi Entoni Blinken ABŞ hərbçilərinə öz bazalarını, anbarlarını, silahlarını və kontingentini Finlandiyanın 15 hərbi bölgəsində yerləşdirməyə imkan verəcək “Defence Cooperation Agreement” çərçivə sazişini (DCA) imzalamaq üçün Vaşinqtonda görüşüblər. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

İmzalanandan sonra saziş Finlandiya Parlamenti tərəfindən nəzərdən keçirilməlidir. DCA-nın 2024-cü ilin yazında qüv­vəyə minməsi gözlənilir. Ölkələr arasında çərçivə sazişi konkret məlumat vermir və yekun deyil. Ətraflı müddəa və şərtlər yekun müqavilədə öz əksini tapacaqdır. Finlandiyanın müdafiə naziri Antti Hakkanenin sözlərinə görə, Şərqi Finlandiyada – Rusiya ilə sərhəddə Amerika bazalarının və hərbi kontingentinin yerləşdirilməsi gözlənilmir.

Kreml müqavilənin bağlanmasını Rusiya üçün təhlükə hesab edir. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Finlandiya NATO-ya üzv olub və NATO-nun hərbi infrastrukturu “artıq içəri daxil olanda” Rusiya tərəfi üçün “bu, açıq-aydın təhlükə yaradacaq”. Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Finlandiya arasında “ən mehriban münasibətlərin” olduğunu, lakin indi hərbi hissələrin Leninqrad hərbi dairəsində cəmləşməli olacağını vurğulayıb.

Səbuhi 
XQ

 

Dünya