Rusiyaya yumurta ixracı daxili bazarda bahalaşma yaratmayacaq

post-img

Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev “Vahid Rusiya”nın 21-ci Konqresi çərçivəsində keçirilən tədbirdə “RİA Novosti” müxbirinə müsahibəsində  ölkədə yumurtanın bahalaşmasına görə, xalqdan üzr istəyib, həmçinin tezliklə Türkiyə və Azərbaycandan “rüsumsuz yumurta” alınacağını, bunun nəticəsində isə bu məhsula olan tələbatın ödəniləcəyini, qiymətlərin aşağı düşəcəyini bildirib. O, Prezident Vladimir Putinin vəziyyətlə bağlı haqlı iradları ilə razılaşdığını, bundan nəticə çıxarılacağını, rəhbərlik etdiyi qurumun isə bundan sonra daha yaxşı fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. 

D.Patruşev yumurtanın qiymətinin bahalaşmasının davam etməsi fonunda bəzi ekspertlərin idxalın gerçəkləşəcəyinə əsassız olaraq şübhə ilə yanaşdığını da vurğulayıb. Kənd təsərrüfatı naziri, adətən,  yeni il bayramları ərəfəsində ölkədə yumurtanını bahalaşdığını, qısa müddət ötdükdən sonra isə qiymətlərin ucuzlaşmağa doğru getdiyini qeyd edib.  

D.Patruşev müsahibəsində  Rusiya hökumətinin dost ölkələrdən toyuq yumurtasına idxal gömrük rüsumlarının sıfırlanmasını da təsdiqləyib və hazırda yumurtanın idxal rüsumunun istehsalın maya dəyərinin 15 faizini təşkil etdiyini, güzəştin 2024-cü il yanvarın 1-dən iyunun 30-dək qüvvədə olacağını, bu müddət ərzində hökumətin hesablamalarına görə, ölkəyə rüsumsuz 1,2 milyard yumurta idxalının reallaşacağını diqqətə çatdırıb. 

Xatırladaq ki, Rusiya ­Prezidenti məsələ ilə bağlı çıxışında məhsulun bahalaşdığı ilk günlərdə qiymətləri endirmək üçün diqqəti  idxalın zəruriliyinə yönəltdiyini, lakin müəyyən qurumların bu vacib tədbiri geçikdirməkdə maraqlı olduqlarını, bu yolla daha çox qazanmağa ümid etdiklərini vurğulayıb.  

Yeri gəlmişkən, Rusiya Federal Antiinhisar Xidməti tərəfindən ölkədəki dörd müəssisə yumurta qiymətlərinin bahalaşmasına səbəb olan kartel sui-qəsdində şübhəli bilinib. Adıçəkilən xidmət  Krımın “Partizan” və “Oktyabrskoye” şirkətlərinə, həmçinin Kirov istehsalçıları olan  “Sovetskaya Aqrofirma” və Vyatsko-Polyanskaya quşçuluq fabriklərinə  qarşı inzibati iş açıb.  

Rusiya Kənd Təsərrüfatı Nazirliyi yumurta idxalında rüsumların sıfırlanmasını operativ tədbir adlandırıb. Bu, ölkədə sözügedən məhsulla bağlı daxili bazarın tələbatını ödəmək və tezliklə qiymətin bahalaşma dinamikasını sabitləşdirmək məqsədi daşıdığını bildirib. 

Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədri Vladimir Qutenev də   Türkiyə və Azərbaycandan idxal olunacaq yumurtanın qiymətinin  tənzimlənməsinin  əsas və yeganə tədbir olduğunu vurğulayıb. O, daha sonra Rusiya hökumətinin bundan sonra  mövcud sahəyə investisiya qoyulmasına  xüsusi diqqət yetirəcəyinə də əminliyini  ifadə edib.   

Yeri gəlmişkən, Azərbaycan və Türkiyədən yumurta alışları ilə Rusiyada yumurtanın qiymətinin yaxın aylarda sabitləşəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, son 1 ildə Rusiyada yumurta 40 faiz bahalaşıb. Burada digər bir məqam da odur ki, qonşu ölkənin Azərbaycandan yumurta almağa başlaması respublikamızda bu məhsulun qiymətinin artacağı narahatlığı doğurub. Amma Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli mediaya qonşu ölkəyə  ərzaqlıq yumurta ixracının daxili bazarda qiymətlərin artmasına gətirib çıxarmayacağını da bildirib. Lakin Azərbaycanda  yumurta istehsalı ilə məşğul olan müəssisələrin qarşıdakı 3 ay ərzində istehsal güclərini 15-20 faiz artırmalı olacaqlarını vurğulayıb.    

Assosiasiyanın sədri daha sonra deyib ki, Rusiyada Azərbaycanın yumurta istehsal edən quşçuluq müəssisələri uzun illər reyestrə daxil edilməyib. Nəticədə, quşçuluq fabrikləri izafi istehsal yarandıqda bu ölkəyə yumurta ixrac edə bilməyib.  Halbuki Azərbaycanın bu sahədə fəaliyyət göstərən müəssisələri müasir standardlara uyğun olsa da, müəyyən bəhanələr gətirilərək qeydiyyata alınmayıb. Belə bir vəziyyətdə – Rusiyada yumurtaya təlabat ödənilmədiyi və nəticədə, qiymətlərin bahalaşdığı şəraitdə isə 6 müəssisə (Giləzi Quşçuluq”, “Hacıqabul Quşçuluq”, “Muğan Quşçuluq”, “Ləzzət Quşçuluq”, “Pirsaat Quşçuluq” və “Yaşma Quşçuluq” şirkətləri) bu ölkə tərəfindən reyestrə salınıb.   

M.Həsənli daha sonra deyib: “Azərbaycan Rusiyadan hər zaman yumurta idxal edirdi, bu gün isə ölkəmiz Rusiyaya yumurta göndərməyə başlayır. Rusiya bazarı bizim üçün yeni və böyük bir bazardır. Rusiya bazarına yumurta satmaq bizə daha sərfəlidir. Hazırda Azərbaycandan Yaxın Şərq ölkələrinə – Qətər, Səudiyyə Ərəbistanı, İraq və digər ölkələrə yumurta ixrac edilir. Oktyabrın 1-dək olan statistik məlumata görə, Azərbaycan həmin ölkələrə 40 milyon ədəd yumurta ixrac edib”.  

Assosiasiyasının sədri onu da bildirib ki, ölkəmizin ərzaqlıq yumurtaya gündəlik təlabatı 3,2–3,6 milyon ədəd, daxili istehsal isə 4,6–4,9 milyon ədəd civarındadır. Ölkəmizin bu məhsula təlabatı tam ödənilir.

Onu da qeyd edək ki, son illərdə ölkəmizdə ərzaq təminatı ilə bağlı digər sahələr kimi, sənaye quşçuluğunun inkişafına da mühüm önəm verilib. Həmçinin  yeni texnologiyaların tətbiqi bu sahənin inkişafını daha da sürətləndirib, quşçuluq təsərrüfatlarının quş əti və damazlıq yumurta üzrə istehsal gücləri artıb. Bütün bunların nəticəsidir ki, respublikamızın ərzaq təminatının daxili istehsal hesabına ödənilməsində broyler quşçuluq təsərrüfatlarının çəkisi getdikcə yüksəlib. 

Azərbaycanda aqrar sektorun inkişafı ilə bağlı indiyədək qəbul edilən bir sıra proqramlarda qarşıya qoyulan hədəflərə nail olunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib və bunun nəticəsində sənaye quşçuluğu respublikanın daxili istehsal hesabına ərzaq təminatında əhəmiyyətli mövqe tutub.  

Bu sahəyə göstərilən diqqətin nəticəsidir ki, bu gün illik istehsal gücü 55 min ton quş əti və 248 milyon ədəd yumurta olan 39 quşçuluq fabrikinin istehsal gücünün genişləndirilməsinə və əlavə olaraq 5 damazlıq, 1 əmtəəlik və 9 broyler fabrikinin istifadəyə verilməsinə son illər ərzində 98 milyon manat güzəştli kredit verilib.

Vaqif BAYRAMOV 
XQ

 

Sosial həyat