İnsanın ömrü xalqın, Vətənin rifahı yolunda sərf olunursa, adı əbədi xalqının tarixinin şərəf səhifələrinə yazılır, ömrü ömürlərin xilasına doğru savab əməllərə yönəlirsə, daim milyonların alqışları, duaları ilə xatırlanır... Ulu öndərimiz kimi.
Heydər Əliyev sovet hakimiyyətinin hökmündə olduğu bütün millətlərə mənliyini unutdurmaq siyasətini yürütdüyü zamanda xalqının, millətinin oğlu olaraq, gəlmişdi dövlət başına. Və ən çox mənəviyyatımızın zərbələr altında olduğu bir zamanda belə bir insanın qayğısına, himayəsinə sığınmaq bizim xoşbəxtliyimiz idi, əslində. Öz yurdunun ictimai-siyasi, sosial-iqtisadi həyatıyla yanaşı, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi, milli-mental xüsusiyyətləri sahələrində özünəməxsus yüksək intellekti ilə hərtərəfli geniş biliyə malik olduğu, bağlılığı elə ilk çıxışlarından hiss edilirdi. Xalqın təfəkkürünə doğma olan belə istinadlar, ana dilində sərrast nitqi camaatın ona ərkini, hörmətini artırırdı. Nitqlərinin birində Fikrət Qocanın “Rüşvətxorlar”adlı şeirindən:
Haradasa iki namərd
Oturub üz-üzə indi:
Biri rüşvət alandı,
Biri rüşvət verəndi.
İlan kimi qıvrılıb
Xəyanət yatır pullar altında.
Onlar qeyrət satıb,
Vətən satıb pullar altında,
Bəlkə də düşünüblər Vətən nədir –
Bir az torpaq, bir az da sudur.
Cahil, Vətən Koroğlu qeyrətidir,
Həcər namusudur.
Rüşvətxora hər cür rüşvət gərəkdir.
Rüşvət də rəng-rəngdir.
Böyüklər qarşısında
əyilib-düzəlmək rüşvəti var.
Yaltaqlığı da rüşvət alan olur.
Rüşvət həqiqətə bənzər yalan olur.
Rüşvət puluna
Uşağına “Əlifba” kitabı alan olur.
Rüşvət-xəyanət ocağıdır,
Rüşvət-kürəyimizə sancılan xain bıçağıdır.
Elə bu rüşvətxorlar idi
Babəki qızıla satanlar -
Yadların ayağına atanlar.
Onlar Gəncədə Məhsətini
Daşqalaq elədi,
Susduq ki, neyləyək, taleyi belədi.
Bakıda Sabiri qoçulara söydürdülər.
Fitva verib
Hələbdə Nəsimini soydurdular.
İndi də qaranlıq bir evdə,tində,
Dalanda
Onlar rüşvət verəndə, rüşvət alanda,
Yenə biz oluruq müqəssir.
Babək yenidən düşür əsir.
Məhsəti təzədən daşqalaq olur.
Nəsimi təzədən soyulur.
Axtarın!
Hardasa iki namərd oturub üz-üzə indi:
Biri rüşvət alandı,
Biri rüşvət verəndi.
“Rüşvət xəyanət ocağıdır, rüşvət kürəyimizə sancılan xain bıçağıdır” misrasını misal gətirmişdi. Fikrət Qoca hələ o zaman bir dövlət başçısının nəzərini cəlb etməyəcək qədər gənc idi. Cavan bir şairin şeirindəki müraciəti millətinin övladlarını yaxşı tanıyan, qədrini bilən dövlət xadiminin yüksək diqqəti, ali həssaslığından xəbər verirdi. Sonralar da milli lider, xalqın adamı olduğunu yurdun sadə insanına ehtiramlı, səmimi davranışı, Vətənin şərəfini ucaltmaq missiyası ilə sübut etdi. Bu böyük dahinin milli-mədəni dəyərlərimizə, istedadlı gənclərə, əmək adamlarının, ziyalıların, elm xadimlərinin zəhmətinə qayğı və hörmət dolu münasibəti xalqımızın hamılıqla örnək olaraq qəbul etdiyi ən vacib xüsusiyyətlərə çevrildi və biz də – o dövrün yeniyetmələri, məhz belə qədirşünaslığın tərbiyəvi əsasları üzərində böyüdük, müstəqil həyatımıza qədəm basdığımızda görüb-götürdüklərimiziunutmadıq. Həyatımızın taleyüklü məsələlərində belə Heydər Əliyev fenomeni, sözün əsl mənasında, ömrümüzün işıq saçan mayakı oldu. Bu fikirləri kimdənsə eşitdiklərimə deyil, şəxsi həyatımda yaşadıqlarıma istinadən deyirəm.
1986-cı ilin avqustunda ailəmiz ağır bir çarəsizliklə üz-üzə qalmışdı. Ağrı-acısını heç vaxt üzə vurmayan Fikrətin səhhətindəki artıq gizlədə bilmədiyi narahatlıqlar müxtəlif bəhanələrinə baxmayaraq, yoldaşının israrlı təkidi onu həkimə yönəltmişdi və müayinənin nəticələri, həkimin qərarı hamımızı sarsıtmışdı. Məlum olmuşdu ki, ağ ciyərlərinin sol payı şişlə örtülüb. Həyatının sanılı günlərini yalnız zamanın cərrahiyyə möcüzəsi səviyyəsində edilən müdaxilə uzada bilər ki, bu da mümkün görünmürdü.
O günlər yaddaşımın qaranlığına kösöv kimi közərən bir neçə detalla həkk olundu: Fikrətin üzünə çökmüş mis rəngi, kiçik məktəbli qızlarını izləyən kədərlə dopdolu gözləri, tələm-tələsik yoldaşıyla birlikdə çapa hazırladığı yeni kitabının nizamsız düzümü, anamın Fikrətin dediyi kimi “xəstələr yanında ümid tək gəzən” həkim atamızdan imdad istədiyi yuxuları və göyə açılı titrək əlləri... Düzdür, atamızın qəfil ölümüylə əziz insanın itkisinin əzabını dadmışdıq artıq. Lakin bu sınağın dəhşəti hər birimizin boyundan, çəkə biləcəyindən çox böyük idi. Ailəliklə Fikrətlə bərabər xəstə düşmüşdük, işimiz-gücümüz, ovqatımız, həyatımız donmuşdu sanki, bir-birimizin üzünə baxmağa belə taqətimiz qalmamışdı, nə edəcəyimizi bilmirdik. Belə bir zamanda Allahın göndərdiyi qurtuluş kimi Heydər Əliyev imdadımıza yetişdi.
O vaxtlar artıq Moskvada işləyirdi. Təsadüf elə gətirmişdi ki, həmin illərdə Sevil xanım Fikrətlə bir neçə mahnı, o cümlədən, Zərifə xanımın xatirəsinə həsr etdiyi məşhur “Ana” mahnısını işləmişdi və onu tanıyırdı. Xəstəliyinin ciddiliyini biləndə atasıyla danışmış və Ulu öndərimiz təcili olaraq Fikrətin Moskvaya gətirilməsini məsləhət görmüşdü. Az zaman içərisində onun klinikaya yerləşdirilməsini, təhlillərinin, təyinatlarının aparılmasını, ən bacarıqlı onkoloq cərrahın əməlliyyatı yerinə yetirməsini təşkil etmişdi...
Uğurlu əməliyyatla sağlığına qovuşmuş Fikrət həmişə deyirdi ki, indiki ömrümü göydə Allahın, yerdə Heydər Əliyevin sayəsində yaşayıram və onun həssas münasibətini heç vaxt unutmurdu. Deyirdi ki, əməliyyatdan bir az sonra zəng edib mənimlə danışdı, ürək-dirək verdi; “Fikrət, birdən qorxarsan, qorxma, – dedi. – Əməliyyatın yaxşı keçib, heç nəyin qalmayıb. Mənim bir tanışım neçə il qabaq sənin kimi əməliyyat olunub, artıq yaşlı adamdır, valeybol oynayır nəvələrilə. Sən də çox yaşayacaqsan, hələ cavansan, xalqa lazımlı adamsan, möhkəmlənəcəksən, özünə fikir ver...”
Fikrət, həqiqətən, ondan sonra bir ömür yaşadı, yazdı, – yaratdı, xalqının mədəniyyət xadimi kimi fəaliyyət göstərdi, ədəbiyyat adlı məsləkinə vicdanla xidmət göstərdi. Ulu öndərimiz isə ailəmizin, bir həyat qədər borclu olduğu əziz İnsanı, dualarımızın, alqışlarımızın ünvanı oldu. İndi də dünyadan köçmüş əzizlərimin sırasında ərk etdiyim əzizim kimi onun ruhuna dualarımı göndərirəm.
Dövlətimizin müzəffər başçısı, atasından yurdçuluğu miras alıb, böyük nailiyyətlərlə davam etdirən oğlu İlham Əliyevin ömrünün uzun, canının sağlam olmasını milyon-milyon insanımızla bərabər Tanrıdan diləyirəm. Çünki yurdumuzun, xalqımızın şərəfinin keşikçisi olduğuna, atasından qalan Vətənə xidmət işini ömürü boyu qəlbi və ruhuyla davam etdirəcəyinə hamı kimi mən də qətiyyətlə inanıram, Ulu öndərimizin vəsiyyətlərini daim ləyaqətlə yerinə yetirdiyi qədər də yetirəcəyinə, Vətənimizin, xalqımızın inkişafı naminə heç nəyi əsirgəməyəcəyinə əminəm.
Güldəniz QOCAYEVA,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, dosent

