Paris Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 bürünc qazanaraq ümumi sıralamada 2-ci olan parataekvondo üzrə Azərbaycan milli komandası Vətənə qayıdıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar. Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal əldə ediblər.
İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kiloqram) 1/4 finala kimi irəliləyib. Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyədən geri qalıb. 3-cü yeri isə Böyük Britaniya komandası tutub. Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə iştirak edib.
L.QURBANOVA
XQ