İrəvan Azərbaycanlı pedaqoji məktəbi – 100

post-img

Milli təhsil tariximizdən

XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçı­van və başqa şəhərlər ilə yanaşı İrəvan Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri olmuş­dur. Azərbaycanın elm və mədəniyyət tarixinə “İrəvani” təxəllüsü ilə daxil olmuş və öz önəmli töhfələrini vermiş xeyli alimlərə, ədəbiyyat və incəsənət xadimlərinə rast gəlmək olur. Mirzə Qədim İrəvani (1825-1875), Fazil İrə­vani (1782-1885), Mirzə Məhəmməd İrəvani (1718-1799), Şeyx Mövla Həsən İrəvani, Balağa İrəvani, Mirzə Müslüm İrəvani (1755-1823), Aşub İrəvani (1813-1891), Ləli İrəvani (Mirzə Əlixan Hükəma Ləli), Dəlil İrəvani (1763-1817), Şeyx Əbdülkərim İrəvani (1810-1891), Çeşmə İrə­vani (1763-1817), Hacı Şeyx Əli Əsgər İrəvani (1810-1891), Hacı Molla Məhəmməd İrəvani, Şakir İrəvani, Mirzə Əli İrəvani (1894-1935), Hacı Şeyx Cavad İrəvani (1870-1958), Qabil İrəvani, Mirzə Ağası İrəvani, Əbdülqasim İrəvani (1774-1823) və başqa görkəmli şəxsiyyətlərin ya­radıcılığı bunu bir daha təsdiq edir. Bütün bunlara baxmayaraq, həmin ərazilərin əsl sakinləri və sahibləri azərbaycanlılar olsa da, tarixin müxtəlif dövrlərində zor gü­cünə öz əzəli torpaqlarında yaşamaq hüququndan məhrum edilmişlər. Belə ki, 1918-ci ilin may ayında Qərbi Azərbaycanda qatı mürtəce mövqedən çıxış edən daş­nakların hakimiyyətə gəlməsi nə­ti­cəsində azərbay­canlılara qarşı amansız və kütləvi terror, soy­qırım siyasə­ti ən qəddar me­tod­larla həyata keçirilməyə başladı.

Bununla da İrəvanda soydaşlarımızın ictimai-siyasi, ədəbi-mə­dəni hə­yatı tənəzzülə uğ­ra­mış, onun görkəmli nümayəndələri soyqırıma və deportasiyaya mə­ruz qal­mış­lar. Sonralar Azər­­bay­canda elm və mədəniyyətin inkişafında böyük rol oynamış Mus­tafa bəy Topçubaşov, Əziz Əliyev, Əhməd Rəcəbli, Əhməd Cə­mil, Cə­fər Xən­­dan, Hey­dər Hüseynov, Maq­sud Məm­­mədov, Səid Rüstəmov, Bəhmən Axundov, Mir­zə Cabbar Məm­mədzadə, Cabbar Əs­gərza­də, Həsən Se­yidov, Cabbar Məc­nunbəyov, Əli Məh­zun və başqa gör­kəmli şəxsiyyətlərin ailələri də bu dövrdə öz doğma ocaqlarını tərk etməyə məcbur olmuşlar.

1918-1920-ci illərdə Qərbi Azərbaycanda er­məni mil­lət­çiləri tərəfindən 300-dən artıq azər­baycanlı kən­di yerlə yeksan edil­miş, on minlərlə dinc sakin kütləvi şəkildə qətlə yetirilmişdir. Xalqımıza məx­sus bir çox mədəniyyət, maarif ocaqları dağı­dıl­mışdı. Bununla da 1918-1920-ci il­lərdə er­məni daş­nakları tərəfindən azərbaycanlıların total şə­kil­də məhv edilməsi İrə­van ədəbi-mədəni mü­hi­tinin tənəzzülə uğramasına səbəb olmuşdu. Ədə­bi-mə­də­ni mühitin görkəmli nü­ma­yəndələri­nin bir qismi məhv edilmiş, bir qismi isə aman­sız­casına qətlə yetirilməkdən xilas olmaq üçün Tür­kiyə, İran, Azərbaycan, Orta Asi­ya və baş­qa öl­kələrdə özlərinə sığınacaq tapmağa məc­bur olmuşdular.  

Bütün bunlara baxmayaraq, 1920-ci il noyabr ayının 29-da Qərbi Azərbaycanda so­vet ha­kimiy­yəti qurulduqdan sonra başqa respublikalarda olduğu kimi, burada da məktəb və maarif proble­mi­­nə münasibət dəyişərək, təhsilin inkişafı tarixində yeni bir mərhələ başlandı. Bolşevik rejimi 1920-ci ilin noyabr ayının 29-na qədər “Ermənistan”da mövcud olan təhsil sistemindən im­tina edə­rək, yeni tipli sovet təhsil sisteminin yaradılmasını ön plana çəkdi. Elə ilk gündən baş­la­yaraq xalq maarifinin inkişafına ciddi səy göstərildi. 

Ermənistanda sovet hakimiyyəti qurulduqdan 7 gün sonra Ermənistan İnqilab Komitəsi 6 dekabr 1920-ci ildə bütün məktəblərin dövlət ixtiyarına keçməsi haq­qında dekret imzalayır. Hə­min dekretdə Ermənistanda yaşayan hər bir xalqa ana dilində pulsuz ibtidai təhsil almaq və təh­sildə bərabər hüquqa malik olmaq hüququ verilirdi.

1921-ci il dekabr ayının 17-də Ermənistan Xalq Maarif Komissarlığının ver­diyi əmrə əsa­sən köhnə tipli məktəblər ləğv olunaraq, məzmunca yeni tipli sovet məktəblərinin təşkilinə baş­la­nıl­dı. Ermənistan Maarif Komissarlığının verdiyi əmr­də açılacaq yeni tipli məktəblərin strukturu, təlimin məzmunu və s. qaydaları ümu­mi şəkildə olsa da müəyyənləşdirildi.

Yeni tipli məktəblərin təşkili ilə əlaqədar olaraq 1921-ci il aprel ayının 23-də Ermənistan Xalq Maarif Komissarlığının verdiyi əmrdə göstərilirdi ki, respublika­da yaşayan azərbaycanlılar öz ana dilində təhsil almalıdırlar. Bundan başqa, xarici dillərdən birinin öyrənilməsi isə məcburi hesab edilirdi.

Beləliklə, azərbaycanlı məktəblərinin yeni məzmunda təşkili istiqamətində ilk addımlar atılaraq birillik, ikillik və xüsusi məktəblər ləğv edildi. Yeni tipli ibtidai, yeddillik, səkkizillik və tam orta məktəblər təşkil edilməyə başlandı. Sovet haki­miy­yətinin ilk illərində İrəvanda, Ulu­xan­lıda, Vedibasarda, Allahverdidə, Qafanda, Basarkeçərdə, Ağbabada və s. bölgə­lərdə, kəndlərdə ilk məktəblər təşkil olunmağa başladı. Yeni tipli məktəblər təşkil edildikdən sonra İrəvanda və elə­cə də azərbay­canlılar yaşayan bütün bölgələrdə doğ­ma dilimizdə təhsil ocaqları şəbəkəsinin ge­niş­lənməsi orada təhsil alan şagird­lərin sayının sürətlə artmasına təkan verdi. Qər­bi Azərbay­canda 1922-1923-cü il­lər­də 36, 1924-cü ildə 62, 1929-30-cu illərdə 112, 1931-ci ildə isə 245 azər­­bay­canlı məktəbi fəaliyyət göstərirdi ki, bunlardan da 45-i İrəvan qəzasında idi. Həm də Azərbaycan məktəblərində şagirdlərin sa­yının sürətlə atrmasının əsas səbəblərindən biri də 1918-1920-ci illərdə erməni daş­nak­larının zülmü nəticə­sində ən qəddar üsullarla qətlə yetiril­məkdən xilas olmaq üçün doğma yurdlarını tərk etmiş soydaşlarımızın Ermənistanda sovet ha­ki­miy­­yəti  qu­rul­duqdan sonra bir qisminin yenidən öz vətənlərinə geri dönməsi ilə bağlı idi.

Milli dilimizdə təhsil ocaqları şəbəkəsinin genişlənməsi və idarə edilməsi, ora­­­da təhsil alan şagirdlərin sayının sürətlə artması isə müəllim kadrlarına olan tə­ləbatı daha da artırırdı.

Azərbaycanlı əhali arasında mədəni-maarif işlərini gücləndirmək məqsədilə 1922-ci ildə Ermənistan Xalq Maarif Komissarlığı nəzdində “Azlıqda qalan mil­lətlər bürosu” təşkil edildi. Həmin büroya İrəvanın tanınmış maarifçilərindən olan Mehdi Kazımov müdir təyin olunmuşdu. “Azlıqda qalan millətlər” bürosunun tər­kibinə müxtəlif millətlərin nümayəndələri daxil idi. Bu büro 1923-cü ilin iyun ayın­da “Azlıqda qalan millətlər şurası”na çevrildi. Bu şöbə tədris proq­ram­larının, dərsliklərin əldə olunması, çap edilməsi, müəllim kadrlarının hazırlanması, gecə kurs­­­larının və təlim-tərbiyə məsələlərinin təşkili, zəhmətkeş balalarının hamılıqla təhsilə cəlb edil­­məsi kimi mühüm işlərlə məşğul olurdu. Azərbaycan məktəblərinin müəllim kadrları ilə təmin olunması üçün, 1922-ci ildə Ermənistan K(b)P MK-nin yanında yaradılmış “Azsaylı xalq­lar şöbəsi” və onun müdiri Bala Əfəndiyev, Ermənistan Xalq Maarif Nazirliyinin nəzdində təşkil edilmiş  “Azlıqda qalan mil­lət­lər bürosu”nun müdiri Mehdi Kazımovun səyi nəticəsində 1922-ci ilin son­larında İrəvanda xüsusi hazırlıq kursları təşkil edildi. Həmin illərdə müəllimlik  kursların­dan keçmiş şəxslər müəllim kadrları kimi məktəblərə dərs deməyə gön­də­ri­lirdi. Sovet hakimiy­yətinin ilk illərində Qərbi Azərbaycanın müxtəlif böl­gə­lə­rin­də İrəvan şəhərində, Uluxanlı, Qorçulu, Haçaparak, Zirək, Zöhrablı, Göy­kümbət, Çar­bax, Şurnuxi, Yarpızlı, Narınbağ, Təkərli,  Murxuz, Şə­hərcik, Qa­ra­çanta, Gül­lü­­bu­laq, Zəhmət, Ğığı, Aldərə, Çiləxanlı, Gülüdüz, Zod, Böyük Vedi, Ço­ban­kə­rə, Hacı El­yas, Əcili, Qızıldaş və digər kəndlərdə ilk yeni tipli məktəblər təşkil olun­du.  

Görülən bütün tədbirlərə baxmayaraq, bu hazırlıq kursları da İrəvanda milli məktəblərimizin müəllim kadrlarına olan tələbatını ödəyə bilmirdi. Məsələn, 1922-1923-cü dərs ilində Qərbi Azər­bay­canda olan 36 azərbaycanlı məktəbində 1521 şa­gird təhsil alırdısa, 1931-ci dərs ilində azərbay­canlı məktəblərinin sayı artaraq 245-ə çatmış və ora­da təhsil alanların sayı isə 19362 nəfər təşkil edir­di. Həmin mək­təblərn idarə edilməsi üçün isə müəllim kadrlarına çox böyük tələbat var idi.

Bu ehtiyacın ödənilməsi üçün azərbaycanlı ziyalılar tərəfindən milli pedaqoji kadrlar hazır­layan tədris müəssisəsinin yaradılması məsələsi 30 yanvar 1922-ci ildə EK (b) P MK-nin birinci qurultayında qaldırılsa da, onların tələblərinə məhəl qo­yul­mamışdı.

Amma buna baxmayaraq, Azərbaycan məktəbləri üçün müəllim çatışmazlığı problemini həll etmək məsələsi yenə də azərbaycanlı ziyalıların qarşısında mühüm bir vəzifə kimi gündə­lik­də qalırdı. Azərbaycanlı məktəbləri üçün pedaqoji kadr­ların hazırlanması məsələsi  Er­mənistan Kommunist Partiyasının 1923-cü il mar­tın 29-da keçirilən ikinci qurultayında qurulta­yın azər­bay­­canlı nümayəndələri tərəfin­dən yenidən qaldırılmış və müzakirə olunmuşdu. Qurul­tay­­da Er­mə­nistanda maarif və məktəb sahəsində mövcud vəziyyət geniş təhlil edilərək bir sıra mühüm qərarlar qəbul edilmişdi. EK(b)P MK-nin yanında fəaliyyət göstərən “Azlıqda qalan mil­lət­lər” şöbəsinin müdiri Bala Əfəndiyev çıxış edərək, milli məktəblərimizin vəziyyəti ilə bağlı öz tək­liflərini vermişdir. Hətta qurultayda azər­baycanlı məktəbləri üçün pedaqoji kadrların hazırlan­ması məsələsi ilə bağlı mü­vafiq qərar qəbul edilməsinə baxmayaraq, məsələ öz həllini tapma­mış­dı. Qəbul edilmiş qərar­da müəllimlərin maddi və­ziy­yətini yaxşılaşdırmaq, yeni məktəb binaları­nın tikilməsi, məktəbyaşlı uşaqların, xüsusilə də qızların təhsilə cəlb edilməsi və s. bu kimi mə­sələlərdə öz ək­sini tap­mışdır. Amma qurultayda Ermə­nistanın şovinist dairələri və eləcə də Xalq Maarif Komissarı A.Mravyan azərbay­canlı məktəblərini müəllim kadrları ilə təmin etmək üçün Azərbaycandan pedaqoji kadrların dəvət olunmasını daha məq­sə­dəuyğun hesab etmişdi. Ermə­nis­tanın şovinist dairələri azər­baycanlı məktəbləri üçün İrəvanda yerli pedaqoji kadrlar hazırla­yan hər hansı bir təhsil müəssisəsinin yaradılması məsələsini məqsədli şəkildə, müx­təlif vasitə­lərlə əngəlləyirdilər. Bura­da bolşevik cildinə bürünmüş erməni daşnak­la­rı­nın ən başlıca əsas məkr­­li məqsəd­lərindən biri azərbaycanlıların savadlanmasının, mədəni tərəq­qi­sinin və gələcək pers­­pektivləri­nin hər vasitə ilə qarşısını almaq idi. 

Azərbaycanlı məktəblərində pedaqoji kadrlara olan ehtiyacı, qismən də olsa, aradan qal­dır­maq üçün Ermənistan K(b)P MK-nın “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyevin və Ermənistan Xalq Maarif Komissarlığının nəzdində fəaliyyət göstərən “Azlıqda qalan millətlər bü­rosu”nun müdiri Mehdi Kazımovun təşəbbüsü və səyi nəticəsində 1922-ci ilin noyabr ayında İrəvanda 2 aylıq yay hazırlıq kursu təşkil edildi. İlk olaraq bu kurslar azərbaycanlı müəllimlərin hazır­lanması işini canlandırdı. Azərbaycanlı məktəblərində çalışmaq üçün bu hazırlıq kursunu elə həmin ildə 30 nəfər bitirmişdi. Həmin hazırlıq kursunda Azərbaycan  məktəbləri üçün 60-dan artıq müəllim hazırlanmışdı. Bundan başqa, Ulu­xan­lıda, Vedidə, Basarkeçərdə, Zəngəzurda, Ağbabada və azərbaycanlılar yaşa­yan bölgələrdə də hazırlıq kursları təşkil edilmişdir ki, bir çox pedaqoji kadrlar da məhz belə kurslarda təhsil almaqla püxtələşmişdi. 1923-cü ilin sonlarında müxtəlif bölgələrdə təşkil edilmiş bu hazırlıq kurslarında 1926-cı ilə qədər 143 müəllim hazırlan­mışdı ki, bunlardan  da 6 nəfəri qadın idi. Bu kursların təşkilində İrə­vanda Azərbaycan ədəbi-mə­dəni, ictimai-siyasi mühitinin aparıcı simalardan olan Bala Əfəndiyevin, Mehdi Kazımovun, Mus­tafa Hüseynovun, Miryusif Mirba­ba­ye­vin, Əkbər Rzayevin, Rza Şeyxzadənin, Əsgər Əsgər­za­də­nin, Bülbül Kazımo­vanın və başqalarının böyük rolu olmuşdur. Bu müəllim hazırlığı kurslarında nə­zəri və təc­rübi məşğələləri yuxarıda adlarını qeyd etdiyimiz şəxslərin özləri apa­rırdı.

Azərbaycanlı məktəblərində dərs demək üçün 1923-cü ilin ortalarında Ermə­nistan Xalq Maarif Komissarlığının nəzdində fəaliyyət göstərən “Azlıqda qalan millətlər bürosu”nun müdiri Mehdi Kazımov Azərbaycan Xalq Maarif Komissar­lı­ğına müraciət edərək, İrəvanda və bölgə­lər­də müxtəlif ixtisaslar üzrə Azərbaycan­dan müəllim kadrların göndərilməsini xahiş edir. Azər­baycan Xalq Maarif Komis­sarlığı Mehdi Kazımovun xahişini nəzərə alaraq Qərbi Azərbacandakı ana dilli məktəblərimizdə dərs demək üçün 20-yə qədər müəllim göndərmişdi. Həmin peda­qoji kadrlar İrəvanda, Vedidə, Qəmərlidə, Basarkeçərdə və s. bölgələrdə müəl­lim kimi fəaliyyət gös­tər­məklə yanaşı, həm də mədəni-maarif quruculuğu sahə­sin­də də yaxından iştirak edirdilər. Əsl erməni xisləti azərbaycanlı məktəblərində dərs de­yən həmin müəllimlərə dözülməz şərait yarat­dığı üçün onlar da maddi və mə­nəvi sıxıntılara dözə bilməyib bir müddətdən sonra Ermənistanı tərk etməyə məcbur olur­dular. Hətta müəl­limlər aylarla maaş, onlara verilən ərzaq normaların be­lə ala bilmirdilər. Ermə­ni şovinizminin azərbaycanlı müəllimlərə qarşı yaratdığı bu prob­lemlər uzun illər bu şəkildə davam etmişdir.

Müəllim çatışmazlığı problemini, qismən də olsa aradan qaldırmaq üçün Azər­­­baycan Xalq Maarif Komissarlığının razılığı əsasında İrəvandan Bakıya 1923-cü ildə 16, 1925-ci ildə 38, 1926-cı ildə isə 11 nəfər pedaqoji təhsil almaq məqsədilə müxtəlif ali təhsil müəssisələrinə gön­dərilmişdi. Mamed Həsənov, Zəh­ra Abbasova, Əziz Əzizov, Tacirə Bağırova, Siddiqə Qədimova kimi gənclər Azər­baycan Ali Pedaqoji İnstitutunu bitirdikdən sonra İrəvana qayıdaraq maarifin inkişafına öz  töh­fə­lərini  verirdilər.

Sovet hakimiyyətinin ilk illərində İrəvanda  azərbaycanlı qızlar məktəbi, İrə­van yeddillik azərbaycanlı məktəbi, Əzizbəyov adına məktəb, Asrıyev, Dzerjinski və Şaumyan adına beynəl­mi­ləl məktəblərinin isə azərbaycanlı bölmələri fəaliyyət göstərirdi. İlk vaxtlarda milli məktəb­lərimizdə müəllim kadrlarına böyük tələbat olduğundan, çox vaxt İrəvan 7 illik azərbaycanlı mək­­təbinin şagirdlərindən də dərs demək üçün istifadə edirdilər. Hətta qış tətilində Zaqafqaziya Kommunist Univer­sitetində təhsil alan azərbaycanlı tələbələr İrəvanda və yerlərdə təşkil edilmiş səyyar məktəblərdə dərs deməyə dəvət edilirdi. 

Görülən bütün bu tədbirlər isə azərbaycanlı məktəblərində müəllim kadrlara olan  tələ­batı  ödəyə bilmirdi. Ermənistanın şovinist dairələri azərbaycanlı məktəb­lə­ri üçün pedaqoji kadrlar ha­zırlayan müstəqil tədris müəssisəsinin yaradılmasını isə heç bir vəchlə istəmirdilər. Bunun ən baş­lıca səbəblərindən biri azərbaycanlı əha­­linin öz tarixi torpaqlarında qalıb möhkəmlənməsinin qarşısını almaqdan ibarət idi.

Erməni şovinist dairələri Erməni Pedaqoji Texni­ku­munun nəzdində azərbay­canlı şöbəsinin açılmasını daha məqsədəuyğun hesab edirdilər. Müəllim çatışmaz­lı­ğı probleminin aradan qal­dırıl­ması işini qaydaya sal­maq üçün yerli kadrlar ha­zırlayan təhsil müəssisəsinin yaradılmasının təxirəsalın­maz tələbat olduğunu aydın dərk edən “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfən­diyevin “Azlıqda qalan millətlər şurası”nın müdiri Mehdi Kazımovun, “Zən­gi” qəzetinin məsul redaktoru Mustafa Hüseynovun, İrəvanda Azərbaycan ədəbi-mədəni, icti­mai-siyasi mühitinin apa­rıcı simalarından olan Əkbər Rizayevin, Qu­lam Fərha­dovun, Rza Şeyxzadənin, Miryusif Mir­babayevin, Murtuza Muradovun, Əhməd Əhmədovun, Abbas Fərə­covun və başqa qeyrətli azər­baycanlı ziyalıların erməni şovinist dairələri qarşı­sında təkidli tələbi, ciddi səyi, siyasi və milli iradəsi sayə­sində Ermənistan Xalq Maarif Komissarlar Şurası İrəvan Türk Pedaqoji Texni­kumu­nun təşkil edilməsi barədə qərar qəbul etmişdi. Mövcud dövrün diktə etdiyi bu tələbi həyata ke­çir­mək üçün qar­şıya çıxan maneələr, çətinlikər, yuxarıda adlarını çəkdiyiniz qeyrətli azərbay­canlı zi­yalıları bu ali məqsədə çatmaq üçün apardıları mübarizədən bir anda olsun belə geri çəkindir­mədi. Onların bu tarixi xidməti bu gündə dərin minnətdarlıq hissi ilə yad edilir. Beləliklə 1924-cü ilin oktyabr ayının 15-də İrəvan Müəllimlər Semi­na­ri­yasının xələfi olan İrəvan Türk Pedaqoji Texni­ku­mu açıldı. Onu da qeyd edək ki, erməni şovinizmi əhatəsin­də azər­bay­canlı mək­­təbləri üçün müəllim­lər hazırlayan belə bir təhsil ocağının açılması­nın nə qədər ağır və çətin mübarizə­dən  yarandığı barədə fikrimizcə artıq şərhə ehtiyac yoxdur.

Texnikumun ilkin fəaliyyət dövründə nəzər saldıqda məlum olur ki, Mehdi Kazımov di­rek­tor  və rus dili müəllimi, Bala Əfəndiyev ictimaiyyət müəllimi, Əs­gər Əsgərzadə ana dili müəl­li­mi, Cəmil Əliyev təbiət müəllimi, Kərim Məhərrə­mov isə texniki işlər üzrə köməkçi kimi fəaliy­yət göstərmişdir. Texnikumda təhsil verməyə İrəvanın tanınmış qadın maarifçilərindən olan Bül­bül Kazımova da cəlb edilmişir. Bülbül Kazımova texnikumda dərs deyən ilk azərbaycanlı qadın idi. Zən­gin təcrübəyə malik olan bu fədakar kollektiv tükənməz enerji ilə fəaliyyətə baş­lamışdır. Bu mərhələni Mehdi Kazımovun, Cəmil Əliyevin, Əsgər Əsgərza­də­nin, Bülbül Kazımovanın pedaqoji fəaliyyətinin ikinci dövrü kimi də xarakterizə et­mək olar. Onların ikinci dövr pedaqoji fəaliyyəti istər forma, istərsə də məzmun və keyfiyyət baxımından daha məhsuldar olmuşdur.

Bu təhsil ocağı 1925-ci ildə Nəriman Nərimanov adına İrəvan Türk Pedaqoji Texnikumu adlandı. İrəvanda bütün azərbaycanlı məktəblərində mövcud olan problemlər bu texnikumda da möv­cud idi. Yeni yaranmış bu təhsil ocağı bir çox problemlərlə üzləşmişdi. Heç bir tədris planı, proqramı, dərslik belə yox idi. Hətta dərs demək üçün müəllim kadrları belə çatışmırdı. Erməni pedaqoji texnikumunun binasında fəaliyyət  göstərən bu maarif ocağı 30 nəfər tələbəni əhatə edən darısqal bir sinif və iki yataq otağından ibarət idi. Müəllimlər otağı belə  yox idi. Əlavə otaq­ların ayrılması üçün müvafiq qurumlara edilən müraciətlərə isə heç bir müsbət cavab veril­mirdi. Məlumdur ki, hər hansı bir təhsil  müəssisəsinin nor­mal və ahəng­dar fəaliyyət göstərməsi üçün ilk növbədə onun müstəqil bina ilə təmin edilməsi, mad­di-texniki bazasının yaradılması, tədris prosesi üçün əlverişli şəraitin olması vacib şərtdir. Yeni təşkil olun­muş İrəvan Türk Pe­daqoji Texniku­mu­nun tamamilə əlve­riş­siz və dözülməz bir şəraitdə fəaliyyət göstərməsi, dərslik və dərs vəsaitləri, təd­ris proqramları, laboratoriyalar, fənn kabinələri, yataq­xa­na, yeməkxana və s. ava­danlıqlarla təchiz edilməməsi, sözsüz ki, bu təhsil ocağının normal fəaliy­yətini ən­gəl­ləyirdi. Ermənistanın “bolşevik” cildinə bürünmüş haki­miy­yət orqanları nəin­ki texnikumda, elə­cə də Azərbaycan məktəblərində mövcud olan problemlərin və ça­tışmazlıqların aradan qaldı­rıl­ması üçün heç bir səy göstər­mirdi. Erməni şovinist­lərinin bütün sahələrdə azər­bay­canlalara qarşı yürütdüyü qərəzli və ayrı-seçkilik siyasəti təhsil sahəsində də özünü qabarıq  şəkildə göstə­rir­di. Pedaqoji texni­kum­da ana dilində kitab, dərslik və dərs vəsaitlərinə, tədris proq­­ramlarına və s. ləva­zimatlara böyük ehtiyac olduğu halda, Ermənistan Xalq Maarif Komis­sarlığı bu tələbatı belə ödəmək istəmirdi. Demək olar ki, Ermənistanın ilk Xalq Maarif Ko­mis­sarı, 1924-1926-cı ildə isə EK(b)P MK-nin birinci katibi olmuş Aşot Hova­nes­yanın 1920-ci il 17 dekabr tarixdə verdiyi əmrdə təhsilin ana dilində aparılması, məktəb­lərin dövlət ixtiyarına keçə­rək pulsuz olması, yeni tipli sovet məktəblərinin zəh­mət­keş balalarının üzünə açıq olması – bü­tün bunlar hamısı ilk növbədə er­mənilər üçün nəzərdə tutulurdu.

Bu cür ciddi problemlər səbəbindən aydın olur ki, bu təhsil müəssisəsində təd­ris prosesi üçün heç bir əlverişli şərait olmadığı üçün 1925-ci ilin sonlarına qədər texnikuma əsaslı qəbul hə­yata keçirilməmişdir. Texnikumda yalnız 1926-cı ilə qə­dər altıaylıq və birillik kurslar fəaliyyət göstərmişdir. Texnikumun nəz­dində müəl­limlər  hazırlayan bu hazırlıq kurslarında az-çox savadı olan, molla­xa­na və ibtidai rus məktəblərini bitirənlər müəllim kimi təkmilləşdirilərək mək­təblərə gön­dərilirdi. 1925-ci ildə hazırlıq kursuna 25 nəfər tələbə qəbul olun­muşdu ki, onlar da 1926-ci ilin əvvəlində həmin kursu bitirdikdən sonra azərbaycanlılar yaşayan müxtəlif bölgə­lərdəki mək­təblərə müəllim kimi göndərirdilər. Belə hazırlıq kursları fasilələrlə sonrakı dövr­lərdə də fəaliy­yət göstərmişdir.

Araşdırmalar göstərir ki, Ermənistan Xalq Maarif Komissarlığı tərəfindən azərbaycanlı pe­daqoji texnikumunda mövcud olan problemlərin aradan qaldırılma­sına, tədris vəsaitləri, kitablar və digər ləvazımatlarla təmin edilməsinə heç bir kö­məklik göstərilməmiş, bu ehtiyaclar uzun müddət Azərbaycan Xalq Maarif Ko­mis­sarlığı tərəfindən ödənilmişdir. Hətta mənbələrin verdiyi mə­lumatlardan məlum olur ki, “Az­saylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyev və texniku­mun direk­toru Mehdi Kazımov bu tədris ocağının normal fəaliyyət göstərməsi üçün müstəqil bi­na ilə təmin edilməsinə, maddi-texniki, tədris bazasının yaradılmasına böyük ehtiyacın olduğu barədə dəfələrlə Ermənistanın şovinist dairələri qarşısında məsələ qaldırsalar da, öz müsbət həl­lini tapmamışdır. Texnikumun açıldığı vaxtdan 1 il keçməsinə baxmayaraq əsaslı qəbul keçir­mək müm­kün olmamışdır. Texnikuma il­kin tələbə qəbulunun keçirilməsi prosesini ləngidən ən əsas səbəblərdən biri burada tədris prosesi üçün əlverişli və dözülməz şəraitin olması ilə bağlı idi.

Varlığının ilk günlərindən Azərbaycanlı İrəvan Türk Pedaqoji Texnikumu çox böyük çətin­liklərlə üz-üzə qalmışdı. Amma bütün bu çətinliklərə və ciddi maneələrə baxmayaraq, yeni təşkil olunmuş texni­ku­mun möhkəmləndirilməsi, fəaliyyətinin canlandırılması, müəllim və tələbə kon­tin­genti­nin for­ma­laş­dırılması, tədrisin təşkili və s. həlli vacib olan məsələlər qeyrətli ziyalı­la­rı­mızın – “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfən­diyevin, texnikumun direktoru Mehdi Ka­zımovun, “Zəngi” qəzetinin məsul redak­toru Mustafa Hüseynovun, ziyalılardan Əsgər Əsgər­zadənin, Əkbər Rza­yevin, Əh­məd Əhmədovun, İsmayıl Babayevin, Cəmil Əliyevin, Murtuza Muradovun və baş­­qa­la­­rının qarşısında duran ən mühüm məsələ idi.

Bütün ciddi maneələrə baxmayaraq, yeni yaranmış texnikumun fəaliyyətinin canlandırıl­ma­sı, tədrisin təşkili, müəllim və tələbə kollektivinin formalaşdırılması və s. həlli vacib olan məsələlər məhz “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyevin, texnikumun direktoru Meh­­di Kazımovun təşəbbüsü və səyi nəti­cəsin­də öz həllini tapmışdır. Həmçinin onun şəx­si təşəbbüskarlığı və əzmi sayəsində Azərbaycan Xalq Maarif Komissarlığına etdiyi müraciət əsa­sında texnikum üçün ana dilində müxtəlif adda kitabların, tədris proqramlarının, dərslik və dərs vəsait­lərinin əldə olunmasına nail olunmuşdur.  Texnikumun fədakar kollektivi bu tədris oca­ğı­nın mədəni quruculuq qüvvəsinə çevrilməsi üçün milli iradə nümayiş et­dir­miş, əllərindən gələni əsirgəməmişdilər. 

Texnikumun ilkin fəaliyyət  dövrünə  nəzər  saldıqda pedaqoji heyətin, tədri­sin təşkili və s. sahələrdə müəyyən irəliləyişin olduğu məlum olur. Qısa zaman ər­zində Əşrəf Bayramov, Mir­yusif Mirbabayev, Məhəmməd Əzimzadə, İsmayıl Ba­bayev kimi ziyalılar bu maarif ocağının pe­daqoji heyətinə daxil olmuşdular. Qeyd etmək lazımdır ki, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyev ilk əmək fəaliyyətinə bu texnikumda başlamışdır. O, 1926-27-ci illərdə bu təhsil ocağında kimya-biologiya fənnini tədris etmişdir.

1929-cu ilin iyun ayında texnikumun ilk buraxılışı olmuşdu. 1926-cı ildə  qəbul olunmuş 32 nəfər tələbədən 20 nəfəri texnikumu bitirməyə müvəffəq ola bilmişdi ki, onlardan da 18 nəfəri oğlan, 2 nəfəri isə gənc qızlar idi.

İrəvan Türk Pedaqoji Tenikumunun ilk buraxılışı İrəvanda və bölgələrdə milli maarifimiz üçün böyük şadlıq xəbəri kimi yayılmışdı. Mənbələrin verdiyi məlu­mat­lardan məlum olur ki, tə­lə­bələrdən 3 nəfəri təhsil aldığı müddətdə ağır və yoluxucu xəstəliyə tutularaq dünyasını dəyiş­miş, 9 nəfəri  isə müxtəlif səbəblərdən təhsilini yarımçıq qoyaraq texnikumu tərk etməyə məcbur olmuşdu. Beləliklə, İrə­van Türk Pedaqoji Texnikumu Ermənistənda fəaliyyət göstərən azərbay­canlı mək­təb­­lərin müəllim kadrlarına olan ehtiyacını ödəməyə başlamışdır.

Öz  məhdud imkanları hesabına azərbaycanlı məktəblərini müəllim kadrlarla  təmin edən peda­qoji texnikumunn müəyyən nailiyyətlərinə  baxmayaraq, müstəqil bina ilə təmin edilməsinə, tələbə kontingentinin sayının artırılmasına böyük ehtiyac var idi. Mehdi Kazımovun hesabat­la­rın­dan da məlum olur ki, bu tədris ocağının  müstəqil bina ilə təmin edilməsi və tələbə qəbulunun sayının artırılması üçün dəfə­lərlə Ermənistan Xalq Maarif Komissarlığına və müvafiq  qurumlara   edilən mü­raciətlər öz həllini tapmamışdır. Çünki sovet Ermənistanının şovinist dairələri ay­dın dərk edirdilər ki, Azərbaycanlı Pedaqoji texnikumunun müstəqil bina ilə təmin edilməsi onun bö­yük inkişafına və yeni keyfiyyət yüksəlişinə, milli pedaqoji kadr­ların hazırlanması işinin daha da genişlənməsinə və yüksəlməsinə gətirib çıxara­caqdır.

1930-cu illərdə Ermənistanda 7-dən artıq erməni texnikumu fəaliyyət göstə­rirdi ki, onların da hər biri müstəqil bina, tədris üçün lazımi şəraitlə təmin edildiyi, bütün zəruri ehtiyacları ödə­nildiyi halda belə, İrəvanda yeganə Azərbaycanlı Peda­qoji Texnikumu olan bu təhsil müəssisəsi bütün bu qayğılardan tamamilə məhrum idi. Ermənistanın “bolşevik” cildinə bürünmüş şovinist-daşnak dairələri azərbay­canlı pedaqoji texnikumunun yeni bina ilə təmin edilməsi və yaxud da yeni tərdis binasının tikilməsi məsələsini hər dəfə müxtəlif bəhanələrlə təxirə salırdılar. İrə­vanda yeganə pedaqoji kadrlar hazırlayan bu təhsil ocağı elə varlığının ilk günlə­rin­dən çox böyük prob­lemlər və çətinliklərlə üz-üzə qalmışdı. Müxtəlif vaxtlarda Ermənistanın Xalq Maarif Komis­sar­ları olmuş Aşot Hovanesyan, Serqo Mikael­yan, Ardo Ye­ği­zariyan, Betrik Martirosyan və başqa­ları İrəvanda Azərbaycan təh­sili üçün əlve­rişli şəraitin yaradılmasına heç vaxt imkan verməmiş, hər zaman ma­neçilik törət­məyə və milli məktəblərimizin ahəngdar fəaliyyətini əngəlləməyə ça­lışmışlar. Am­ma texnikumda mövcud olan prob­lemlərə baxmayaraq, bu tədris oca­ğının fədakar kol­lektivi bu təhsil müəssisəsinin fəaliyyətinin daha da canlandırıl­ması və möh­kəm­­ləndirilməsi üçün yüksək əzm­kar­lıqla çalışmışdılar. Bu barədə “Qı­zıl şəfəq” qəzeti səhifələrində, erməni mək­­təb­lərindən fərqli olaraq, azərbay­canlı məktəblərinə və pedaqoji texnikuma Ermə­nis­tan hö­ku­məti tərəfindən lazımi kö­mək­liyin göstəril­məməsi, laqeyd münasibət sər­gi­ləməsi barədə kifa­yət qədər kəskin yazılar dərc olunmuşdu. Texnikumun rəhbər­liyi bütün çətinliklərə baxma­yaraq, bu təhsil oca­ğını tədris-mate­rial bazası ilə tə­min etmək, ali təhsilli pedaqoji kadrlar cəlb etmək, tələbə kontingentinin sayını ar­tırmaq və pedaqoji texnikumun daha ahəngdar fəaliyyət göstər­məsi üçün imkanlar axtarıb ta­pır­dılar. Texnikumun pedaqoji şurasının demək olar ki, hər iclasın­da bu tədris ocağının bütün sa­hələri ilə bağlı məsələlər müzakirə edilərək müvafiq qərar­lar qəbul edilirdi.

İlk dəfə bir neçə müəllimlə fəaliyyətə başlayan İrəvan Türk Pedaqoji Tex­nikumuna 1934-cü illərdə ali təhsilli müəllimlər cəlb olundu. Azərbaycan dili və ədəbiyyatından Nəsib Əfən­diyev, Müzəffər Nəsirli, Abbas Azəri, tarixdən – Nəzər Paşayev, pedaqogika və psixo­logiyadan Tacirə Bağırova, Zəhra Abbasova, kim­yadan Ramazan Əliyev fizika və riyaziyyatdan Mamed Həsənov, Zərri Qurbanova, Əziz Əzizov və Kərəm Abbasov kimi ali təhsilli, işıqlı simalar dərs deyirdilər.

Texnikuma yüksək səviyyəli ali təhsilli pedaqoqların cəlb edilməsi tələbələrin dərin elmi bi­lik­lərə yiyələnməsi ilə yanaşı, tədrisin keyfiyyətinin daha da yüksəl­məsinə ciddi təsir göstə­­rirdi.

Belə ki, erməni şovinizmi əhatəsində qarşılaşdığı bütün çətinliklərlə, maneə­lərə baxmaya­raq, azərbaycanlı pedaqoji texnikumu təhsil sistemində öz uğurları ilə mövqeyini  daha da  möhkəm­ləndirərək Cənubi Qafqazda ali məktəb səviyyəsində bö­­yük uğur qazana bilmişdi. İrə­van Türk Pedaqoji Texnikumu 1934-cü ildə  Ümum­­­ittifaq texnikumlar yarışında  birincilik qaza­na­raq 7 min manat məbləğində  pul mükafatına layiq görülmüşdür.

1935-ci ildə Məmməd Səid Ordubadi, Mikayıl Müşfiq, Mehdi Hüseyn və başqalarından ibarət nümayəndə heyəti İrəvanda səfərdə olarkən İrəvan Türk Pe­daqoji Texnikumun müəllim və tələbə kollektivi ilə görüş keçirmişlər. Məmməd Səid Ordubadi texnikumun müəllim və tələbə heyəti qarşısında çıxış edərkən bu tədris ocağının fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Türk Pedaqoji Tex­nikumu bizdə böyük intibahlar yaratdı. Türk mədəniyyətinin nə qədər böyük inkişafda olduğunun  canlı  şahidi olduq”.

Ümumiyyətlə, Azərbaycanın bir çox görkəmli ziyalıları – Cəlil Məmməd­qulu­zadə, Əli Nazim, Mir Cəlal, Yusif Vəzir Çəmənzəminli, Sabit Rəhman, Səməd Vurğun, Məmməd Arif, Ni­gar Rəfibəyli, Mirvarid Dilbazi, Əbülhəsən, Mikayıl Rəfili, Həmid Araslı, Vəli Xuluflu, Sü­ley­man Rüstəm və bir çox başqaları bu təhsil ocağının qo­nağı olmuşlar. Pedaqoji texnikumda belə ədəbi toplantıların, yaradıcılıq gecələri­nin, elmi konfransların keçirilməsi tələbələr arasında şəxsi yaradıcılıq işlə­rinin genişlənməsinə, onların elmi-ədəbi dünya görüşlərinin artmasına da müsbət tə­sir göstərirdi.

İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin yaradılması Qərbi Azərbaycanda yaşayan azər­baycanlıların həyatında mühüm hadisə idi. İrəvan Azərbaycanlı Pedaqoji Məktə­binin ya­ran­ması­nın 15 illik yubileyi 1940-cı ildə dekabr ayının 6-da məktəbin böyük iclas zalında tən­tənəli şə­kil­də qeyd edilmişdir. İrəvan Türk Pedaqoji Texni­kumun kütləvi tədbirlər sırasında 15 illik yu­bile­yi­nin keçirilməsi xüsusi bir yer tutur. Bu münasibətlə yaradılan komissiyada “So­vet Ermə­­­nistanı” qəzetinin redaktoru Cəfər Vəli­bəyov, texnikumun müəllimləri Mehdi Kazımov, Əşrəf Bay­ramov, İsmayıl İs­mayılov, Qulam Fərhadov üzv, texnikumun direktoru Bəhlul Yusifov isə ko­mis­­si­yanın sədri seçilmişdi. Komissiyada Ermənistan Xalq Maarif Komissarlığından və Mər­kəzi İcraiyyə Komitəsindən də təmsil olunanlar var idi.

Ümumiyyətlə, İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi 15 il ərzində azərbay­canlı məktəbləri üçün 1228 nəfər müəllim hazırlayıb buraxmışdır ki, bunlardan 242 nəfəri qiyabi, 150 nəfəri isə birillik müəllimlər hazırlığı kursunun məzunları idi.

Azərbaycanın bir sıra tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimləri akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvü Zərifə Budaqova, professorlar Nəzər Paşayev, Əli Fərəcov, Yusif Yusifov, Nəriman Əliyev, Fərhad Fərhadov, Həmid Əliyev, Cəfər Cəfərov, Süleyman Məm­­mədov, Qur­ban Bayramov, elmlər namizədi, dosent­lər Kövsər Tarverdi­­ye­v­a, Zəhra Əli­yeva, qabaqcıl maarif xadimləri, Əməkdar müəllimlər Tapdıq Novruzov, Şəfiqə Məhərrəmova, Bilas Şadlinski, ictimai xadimlər Həbib Həsənov, Məhərrəm Bayramov, Tapdıq Əmiraslanov, Əməkdar rəssam Cabbar Quliyev və başqaları bu təhsil ocağının yetirmələridir.    

1948-ci ilin noyabr ayının ortalarına kimi İrəvanda fəaliyyət göstərən İrəvan Azərbaycanlı  Pedaqoji Texnikumu təkcə tədris müəssisəsi kimi deyil, eyni zamanda Qərbi Azərbaycanda ədə­biy­yatı­mızın, mədəniyyətimizin, incəsənətimizin inkişafında, for­­malaşmasında və qorunma­sın­da çox böyük rol oynamışdır. Bolşevik cildinə bürünmüş erməni daşnaklarının məkrli siyasəti nəti­cə­­sində təhsil tariximizin ən şanlı səhifələrindən birini təşkil edən böyük, şərəfli tarixi bir yol keç­miş İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu da de­por­ta­siyaya məruz qoyularaq 1948-ci ilin noyabr ayında müəllim və tələbə kollek­tivi ilə birlikdə Azər­baycanın Xanlar rayonuna köçürül­müşdü. 1948-ci ildə Qərbi Azərbaycanda 53 erməni texni­ku­mu, 14 ali mək­təb, 3 qiyabi təhsil müəs­si­səsi olduğu halda, İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu Qərbi Azərbaycanda Azər­baycan dilində peda­qoji kadr­lar ha­zırlayan yeganə təhsil ocağı idi. Bu təhsil ocağının 24 illik fəaliyyəti dövründə Qərbi Azərbaycanda Azər­baycan məktəbləri üçün pedaqoji kadrların hazır­lan­­ma­sında misilsiz xid­mət­ləri olmuş­dur. Bu il oktyabr ayının 15-də təhsil tariximizin şərəfli səhifələrindən birini təş­­­­kil edən, möhtəşəm maarif ocaqlarından olan İrəvan Azərbaycanlı Pe­da­qoji Məktəbinin 100 illik yubileyi tamam olur. Bu maarif ocağının əlamətdar tarixinin qeyd edil­məsi həm təhsil ta­riximizin öyrənilməsi, həm də bu təhsil ocağının hansı mühüm rola malik ol­du­ğunun gənc nə­sil­lərə çatdırılması baxımından olduqca əhəmiyyətlidir.   

Könül Həsənova

filologiya üzrə fəlsəfə doktoru, dosent

Cəlal Allahverdiyev

filologiya üzrə fəlsəfə doktoru, dosent





Təhsil