Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Səngəçal terminalı ilə tanış olublar

post-img

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş hərbi attaşelər bu gün mühüm strateji obyekt olan Səngəçal terminalında olublar.

AZƏRTAC xəbər verir ki, xarici ölkələrin hərbi attaşelərini terminalda bp şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli qarşılayıb.

Terminalla tanışlıq Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən Xəzər Enerji Mərkəzindən başlayıb. Bildirilib ki, mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin işə salınması ilə bağlı keçirilən təntənəli mərasim vaxtı baş verib. Prezident İlham Əliyev və Böyük Britaniya Kral ailəsinin üzvü Şahzadə Endryü qırmızı lenti kəsərək Xəzər Enerji Mərkəzinin rəsmi açılışını elan ediblər və tədbirdə iştirak edən ali qonaqlar açılış mərasimində rəmzi nişan kimi gipsdən olan kərpiclər üzərində öz əl izlərini qoyublar. Bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib.

Qivami Rəhimli qonaqlara bp şirkətinin regionda fəaliyyəti barədə təqdimat edib. Təqdimatda dünya neft sənayesində Azərbaycanın əldə etdiyi birinciliklər qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, dünyada ilk dəfə sənaye üsulu ilə neft quyusu 1846-cı ildə Bakıda - Bibiheybət ərazisində qazılıb. 1878-ci ildə Xəzər dənizində suya salınan Nobel qardaşlarının “Zərdüşt” (“Zoroastr”) gəmisi dünyada ilk neft tankeri, 1897-1907-ci illərdə Bakıdan Batumiyə çəkilmiş boru xətti dünyada ilk ən böyük neft kəməri (833 km) olub.

Qeyd olunub ki, məşhur Nobel qardaşları XIX əsrin ikinci yarısında Azərbaycanda biznes fəaliyyətinə başlayıblar və bütün dünyada tanınan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb.

Azərbaycan həm də dünyada ilk dəfə olaraq 1949-cu ildə Xəzərin “Neft daşları” yatağındakı platformadan neft çıxarmağa başlayıb və bu Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşüb.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan yeni neft erasına qədəm qoyub, qlobal və regional güclərin maraqlarını balanslaşdıraraq, bp və tərəfdaşları ilə birlikdə Avro-Asiya məkanında enerji təhlükəsizliyini təmin etmək üçün Xəzər regionunda dünyanın ən böyük neft-qaz layihələrini həyata keçirərək mühüm infrastrukturlar yaradıb.

Qonaqlar avtobusla Səngəçal terminalının əməliyyatlar sahəsinə gedərək bu infrastrukturla, oradakı texnoloji qurğularla tanış olublar. Bildirilib ki, Xəzər dənizindəki yataqlardan hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkan olaraq, AÇG yatağından çıxarılan neft və “Şahdəniz”dən hasil edilən qaz terminala nəql olunur, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri ilə dünya bazarına ixrac edilir. Terminal gündə 1,2 milyon barel xam nefti emal etmək gücünə malikdir. Gündəlik qaz emalı həcmi isə 81 milyon kubmetrdir. Sahəsi 688 hektardan çox olan, dünyanın ən böyük inteqrasiya edilmiş neft və qaz terminalı olması baxımından unikal hesab olunan, Səngəçaldan başlayan əməliyyatlar qlobal enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyində mühüm rol oynayır.

Qivami Rəhimli Azərbaycanın mühüm geostrateji məkanda yerləşməsi, Xəzərdən hasil olan karbohidrogenlərdən əlavə üçüncü tərəfin resurslarını mövcud infrastruktur və ixrac boru xətləri vasitəsilə nəql etmək imkanları barədə də qonaqları ətraflı məlumatlandırıb.









Sosial həyat