BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Azərbaycan üçün də prioritetdir

post-img

Növbəti 7 ildə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sahəsində ciddi işlər həyata keçirilməlidir. Ölkələr, dövlətlər 2030-cu ilə qədər daha böyük səylər göstərməlidirlər ki, bu qlobal layihə uğurla həyata keçirilsin. Bu və digər məsələlər barədə noyabrın 15–16-da  Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda ətraflı bəhs edilib. 

Tədbirdə çıxış edən Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov DİM layihəsinin həyata keçirilməsi üçün 2030-cu ilə qədər vaxt ayrıldığını xatırladaraq bildirib ki, Azərbaycan bu qlobal sənədin icrasını özünün prioriteti hesab edir. Qeyd olunub ki, bu gün dünyada insanların çoxu müharibələrin, müharibədən sonra ərazilərdə basdırılan minaların qurbanına çevrilir. Ə. Əhmədov Azərbaycanın dünyada minalardan ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu diqqətə çatdıraraq deyib ki, işğaldan azad edilmiş ərazilərimizdə minaların partlaması nəticəsində 3 mindən çox insan həyatını itirib. Mina problemini təkcə Azərbaycanın deyil, dünyanın da aktual problemi kimi səciyyələndirən Baş nazirin müavini Bakı forumunda DİM-in minalarsız cəmiyyət, minalarsız dünya strategiyasını qəbul etməyə həssaslıqla yanaşacağına əminliyini bildirib. 

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında qeyd edib ki, ölkəmiz Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına böyük önəm verir. Bildirilib ki, Azərbaycan hökumətinin qlobal çağırışları nəzərə alaraq təsdiq etdiyi 2030-cu ilədək 5 milli prioriteti və “2022‒2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası” DİM-lərə sıx inteqrasiya olunub. Bu amil “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” üzrə ölkəmizin götürdüyü öhdəliklərin icrasının sürətləndirilməsinə xidmət edir. 

 Azərbaycanın regionda ilk olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərin yekunu kimi BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat təqdim etdiyini vurğulayan nazir növbəti sənədin 2024-cü ildə təqdim ediləcəyini diqqətə çatdırıb. “Bu il ölkəmizdə ilk dəfə olaraq, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə dövlət xərclərinin DİM-lər ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb. Büdcə xərc maddələrinin DİM hədəfləri ilə ilkin əlaqələndirilməsi göstərir ki, 2022-ci ildə icmal büdcənin ümumilikdə 80 faizdən çoxu DİM hədəfləri ilə əlaqəlidir. Bu rəqəm 2022-ci il üzrə ümumi daxili məhsulun təxminən 23 faizinə bərabərdir”,–deyə o əlavə edib. 

DİM-lərin icrasına dövlət sektoru ilə yanaşı, özəl sektorun da cəlb edilməsini olduqca vacib hesab edən M. Cabbarov deyib ki, bu məqsədlə BMT-nin İnkişaf Proqramının ölkə nümayəndəliyinin dəstəyi ilə beynəlxalq və yerli investorlar, həmçinin təsir yaratmaq potensialı olan müəssisə və startaplar üçün bir sıra tədbirlər görülüb, Dayanıqlı İnkişaf Məqsədlərinə investisiyanın cəlb edilməsinə dair DİM İnvestisiya Xəritəsi və İnvestisiya Ekosisteminin Tədqiqatı təşəbbüsləri icra olunub.

Azərbaycanda aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayının 683 mindən çox olduğunu vurğulayan nazir bildirib ki, hazırda ölkəmizdə özəl bölmənin ÜDM-də payı 86,5 faiz, məşğulluqda payı isə 78 faizdən artıqdır. Onun sözlərinə görə, güclü özəl sektor rəqabətqabiliyyətli layihələrin icrasına, eləcə də yeni müəssisələrin və iş yerlərinin yaradılmasına öz töhfəsini verir. Bu da DİM hədəfləri arasında çox önəmli istiqamətlərdəndir. Qeyd olunub ki, Azərbaycanda dövlət-özəl sektoru tərəfdaşlığı çərçivəsində görülən işlər də DİM-lərə nail olunması baxımından əhəmiyyətli mexanizmlərdən biri kimi qiymətləndirilə bilər. Bu məqsədlə ölkəmizdə ötən il dekabrın 9-da dövlət-özəl tərəfdaşlığı haqqında qanun qəbul edilib. 

M. Cabbarovun sözlərinə görə, qlobal çağırışlar fonunda ölkə iqtisadiyyatında bir çox ölkələrlə müqayisədə müsbət nəticələrə nail olunması, məhz möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modeli ilə şərtlənir. Son 20 ildə Azərbaycanda Ümumi Daxili Məhsulun 4 dəfə artdığını diqqətə çatdıran nazir ölkəmizdə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft-qaz sektorunun, eləcə də sahibkarlığın inkişafının, xüsususən də uğurlu sənayeləşmə siyasətinin  iqtisadiyyatın davamlı və dayanıqlı inkişafına öz töhfəsini verdiyini bildirib. Natiq, həmçinin ölkəmizdə iqtisadiyyatın inkişafına, ixrac potensialının artırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalına töhfə verən sənaye parklarının uğurlu fəaliyyətindən bəhs edərək deyib ki,  son illər onların sırasına işğaldan azad edilmiş bölgələrimizdə fəaliyyət göstərən Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası da qoşulub. 

2026-cı ildə Azərbaycanda qeyri-neft-qaz ixracının həcminin 85 faiz artırılmasını qarşıya başlıca məqsəd kimi  qoyulduğunu vurğulayan nazir qeyd edib ki, Azərbaycanın Milli Prioritetlərində və “2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatındakı mövqeyi gücləndirmək və yüksək gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir. Onun sözlərinə görə, strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz, qeyri-neft qaz ÜDM-in isə illik orta hesabla 5 faiz artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85 faiz artırılması hədəflənir.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və nümayəndəsi Məhəmməd Nasar bildirib ki, BMT-nin ölkə üzrə qrupu Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsini dəstəkləyir. BMT-nin Azərbaycanın DİM-in əldə edilməsindəki irəliləyişini sürətləndirmək məqsədilə maraqlı tərəfləri cəlb etməyə və əməkdaşlıq üçün uyğun mühit yaratmağa çalışdığını vurğulayan nümayəndənin fikrincə, Bakı forumu ölkələr arasında bilik və təcrübə mübadiləsi üçün platforma təmin etməklə Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsində irəliləyişin sürətlənməsinə imkan yaradır. “İki gün ərzində məzmunlu panel müzakirələri, bilik və aparıcı praktikaların mübadiləsi regionda da DİM-in maliyyələşdirilməsinin maksimallaşdırılması üçün yeni yanaşmaların hazırlanması və innovativ həllərin təşviqi üçün mühüm vasitə olacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, 2030-cu ilədək BMT gündəliyinin reallaşdırılmasında region ölkələri və beynəlxalq təşkilatlarla təcrübə mübadiləsi və əməkdaşlığın möhkəmləndirilməsi məqsədi daşıyan Dayanıqlı İnkişafa dair II Bakı Forumunda Avropa və MDB ölkələrinin yüksək vəzifəli şəxsləri, BMT, beynəlxalq maliyyə və regional təşkilatların, dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri, eləcə də ekspertlər iştirak ediblər.

Yeri gəlmişkən, Dayanıqlı İnkişaf Məqsədləri BMT Baş Assambleyasının 2015-ci il sentyabrın 25-də qəbul etdiyi qətnamə ilə təsdiq olunub. Bu qlobal sənəd növbəti 15 il müddətinə insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığını təmin edilməsinə təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarətdir. “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri 1 yanvar 2016-cı il tarixində rəsmi şəkildə qüvvəyə minib. Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni məqsədlər fonunda qarşıdakı 15 il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. 

 

M. YAQUBZADƏ 
XQ

 

Sosial həyat