2024-cü ilin dövlət büdcəsində sosial hədəflər önəmli yer tutur

post-img

Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri birinci oxunuşda qəbul ediləndən dərhal sonra bəzi media qurumlarında bu sənəddə əvvəlkilərdən fərqli olaraq gəlir və xərclərlə bağlı ciddi artımlar “gözə dəymədiyi” bildirilib. Əslində belə bir iddianın səsləndirilməsi ilə mövcud reallıq təhrif olunub və bununla hakimiyyətə qara yaxmaq məqsədi güdülüb. 

Fikrimin təsdiqi kimi bir məqama aydınlıq gətirmək istərdim. Belə ki, gələn ilin büdcəsi tərtib olunarkən əvvəlki ilin büdcə göstəriciləri, ölkə iqtisadiyyatının növbəti ildə inkişaf parametrləri və digər bir sıra göstəricilər əsas götürülür. Bu göstəricilərin sırasında isə əsas yeri əvvəlki ilin büdcəsinin gəlir və xərcləri tutur. Bu səbəbdən də 2024-cü ilin büdcə göstəricilərini dəyərləndirərkən cari il iyun ayında 2023-cü ilin büdcəsində aparılmış dürüstləşməni xatırlatmaq zəruridir.

Qeyd edim ki, 2023-cü ilin büdcəsi keçən ilin dekabr ayında qəbul edilərkən onun gəlirləri 30 milyard 744 milyon manat, xərclər isə  33 milyard 353 milyon manat səviyyəsində müəyyənləşdirilmişdi. Lakin cari ilin iyun ayında Milli Məclis büdcənin gəlirlərini 3 milyard 5 milyon manat, xərclərini isə 3 milyard 216 milyon manat  artıraraq bu göstəriciləri müvafiq olaraq 33 milyard 779,5 milyon manata və 36 milyard 568,8 milyon manata çatdırdı. Bu, cari il üçün təsdiq olunmuş ­büdcənin gəlir və xərclərinin müvafiq olaraq 9,8 faiz və 9,6 faiz artırılması deməkdir. Əgər gələn ilin büdcəsinin gəlir və xərclərini cari ilin dövlət büdcəsinin ilkin variantında nəzərdə tutulmuş gəlir və xərclərin səviyyəsi ilə müqaisə etsək, o halda növbəti ildə büdcə gəlirlərinin 11,2 faiz, xərclərinin isə 10,2 faiz artdığı aydın görünər. 

Növbəti ilin büdcəsinin də gələn ilin ortalarında yenidən baxılmayacağına heç kim təminat verə bilməz. Bu, ilk növbədə, dünyada gedən iqtisadi-siyasi proseslərin hansı axarla davam edəcəyindən asılı olacaq. Beynəlxalq aləmdə baş verən ciddi siyasi hadisələr dünyanın iqtisadi müstəvisində əsaslı dəyişikliklərə gətirib çıxara bilir. Çünki bu gün gələn il dünya bazarlarında neftin və ya qazın qiymətlərində hansı dəyişikliklər baş verəcəyini, yaxud dünya iqtisadiyyatını silkələyəcək hər hansı yeni bir virus növünün ortaya çıxacağını proqnozlaşdırmaq qeyri-mümkündür. Bütün bu riskləri göz önünə almadan büdcədə növbəti il üçün real olmayan gəlir və xərcləri proqnozlaşdırmaqdansa, onu bü günün reallıqları ilə səsləşən göstəricilərlə qəbul etmək daha doğru seçimdir.

Bu ilki büdcəni tənqid edənlərə xatırlatmaq istərdim ki, onların hakimiyyətdə olduğu cəbhə hakimiyyəti dövründə – 1992-ci ilin büdcəsini parlament təsdiq etmədi və həmin il tarixə büdcəsiz il kimi düşdü. 1993-cü ilin dövlət büdcəsi isə o zaman dekabr ayının son günündə təsdiq olundu. Belə bir vəziyyəti yaradanlar isə indi hakimiyyətə “büdcə dərsi” verməyə cəhd edirlər… 

Qeyd edim ki, artıq bir neçə ildir ki, ölkəmizin dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorunun rolu sürətlə artır. Belə ki, əgər 2015-ci ildə dövlət büdcəsinə qeyri-neft sektorundan cəmi 7,3 milyard manat vəsait daxil olmuşdusa, gələn il bu vəsaitin həcminin 42,9 faiz artırılaraq, 17 milyard manata çatdırılması nəzərdə tutulur.  

Dövlətin ölkə iqtisadiyyatının real sektorunun inkişafı istiqamətində apardığı siyasətin nəticəsidir ki, müqaisə aparılan illər ərzində dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 2015-ci ildəki 41,6 faizdən 8,2 faiz artaraq 2024-cü ildə 49,8 faizə yüksələcək. Bu, bir neft ölkəsinin büdcəsinin gəlirlərinin  formalaşmasında neftdən asılılığın aradan qaldırılmasını ortaya qoyan ciddi bir faktdır.

Növbəti ildə dövlət büdcəsinin xərclərinin 42,9 faizini sosialyönümlü xərclər təşkil edəcək. Təkcə bu bu göstərici dövlətin sosial xarakterini diqqətə çatdırır. Dövlət büdcənin sosialyönümlü xərclərinin 2020-ci ildəki 9 milyard 755,2 milyon manatdan 61,7 faiz və ya 6 milyard manatdan çox artırılması dövlətin vətəndaşına olan qayğısının gerçək təzahürüdür. 

2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 542,2 milyon manat nəzərdə tutulub ki, bu da 2022-ci ilin dövlət büdcəsinin icra göstəricilərindən 1 milyard 77,8 milyon manat və ya 31,1 faiz çoxdur.

Büdcədə sosial xərclərin əhalinin daha həssas qrupları üzrə də üstün artımları nəzərdə tutulur. Belə ki, gələn il vətəndaşlarımızın gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də insanlarımızın sosial cəhətdən daha həssas hesab edilən təbəqəsinin sosial müdafiəsini gücləndirmək üçün  2024-cü ilin büdcəsində 2 milyard 630,7 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2023-cü ilin büdcəsində bu məqsədlər üçün ayrılmış vəsaitdən 649,6 miyon manat və ya 32,8 faiz çoxdur. 

Şübhəsiz ki, gələn ilin büdcəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa-quruculuq və ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi xərcləri də prioritet istiqamətlər sırasındadır. 

Bir sözlə, gələn ilin büdcəsi ölkə iqtisadiyyatının və onun aparıcı həlqəsi olan qeyri-neft sektorunun sürətli inkişaf parametrlərinə uyğun olaraq tərtib edilən tam optimal bir büdcədir.

 

Fikrət YUSİFOV, 
iqtisad elmləri doktoru, professor

 



İqtisadiyyat