Azərbaycan Qadınlarının VI Qurultayı

post-img

Oktyabrın 19-da Bakıda Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib. 

Məclisdən əvvəl qurultay iştirakçıları Fəxri xiyabanı ziyarət edərək, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsi­ni ehtiramla anıb, məzarı önünə əklil qo­yub və gül dəstələri düzüblər. 

Həmçinin Ulu öndərin ömür-gün yol­daşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyu­lub. 

Qurultay ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda, müstəqil Azərbaycanın ilk Qadın Qurul­tayının 25 illiyi münasibətilə təşkil edilib. Məclisdə paytaxt və bölgələrdən 600-ə yaxın qadın iştirak edib. 

Azərbaycan Respublikası Preziden­tinin Administrasiyasının Humanitar si­yasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirak­çılarına təbrik məktubunu oxuyub.

Sonra “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda videoçarx nümayiş etdirilib.

Qurultayı açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dövlət qadın siyasəti ilə bağlı məruzə ilə çıxış edib. 

B.Muradova Ulu öndər Heydər Əliyevin Azərbaycanda qadın siyasətinə böyük önəm verdiyini və diqqət yetirdiyi­ni diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə mütəşəkkil qadın hərəkatının əsasını qo­yan Ümummilli liderin diqqət və qayğısı sahəsində Azərbaycanda savadlı, ictimai həyatda fəal iştirak edən qadınlar yetişib.

Dövlət komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev də qadınların dövlət idarəçiliyində və cəmiyyətdə rolu­nu yüksək qiymətləndirir, onların rolunun artırılması istiqamətində müvafiq dövlət proqramları qəbul olunur.

Sonra çıxış edən Baş nazirinin müa­vini Əli Əhmədov vurğulayıb ki, tarixi qələbələrimizin qazanılmasını şərtlən­dirən amillərdən biri də sağlam ailə və bu ailələrdə yetişən vətənpərvər gənclər olub. Biz bu gənclərimizlə fəxr edirik.

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş, Milli Məclis sədrinin müavini Adil Əliyev, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva, insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva, Tacikis­tanın əmək, miqrasiya və məşğulluq nazirinin müavini Nodiri Şaxnoza An­var, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışlarında qadınların hüquqlarının tə­min olunması, onların ictimai hyəatda iş­tirakçılığının artırılması ilə bağlı fikirlərini bölüşüblər. 

Çıxışlardan sonra BMT-nin Qadınla­ra qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin sədri Ana Pelaez Nervaezin qurultay iştirakçılarına videotəbriki nüma­yiş olunub. 

Azərbaycan Qadınlarının VI Qurul­tayı işini “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “So­sial-iqtisadi islahatların gender aspektlə­ri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzularında panel müza­kirələrlə davam etdirib. 

Qurultayın yekununda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunub. 

Sonda Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “XQ”yə müsahibəsin­də bildirdi:

– Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümum­milli lider qadınların idarəetmə, sosial həyatın bütün sahələrində irəli çəkilmə­sini vacib hesab edirdi. Ölkəmizdə qadın hüquqlarının qorunması, onlara yüksək imtiyazların verilməsi, qadınlarımızın döv­lət siyasətinin həyata keçirilməsində fəal iştirakının təmin olunması Ulu öndərin siyasətinin ayrılmaz tərkib hissələrindən olub. Qadınların irəli çəkilməsi, təhsili ilə bağlı məsələlərdə, qadın sahibkarlığının inkişafı istiqamətində çox önəmli siyasət həyata keçirib. Müstəqilliyimizin ilk illə­rində – ölkəmiz üçün çox ağır bir vaxtda, 1995-ci ildə Pekində keçirilən IV Ümum­dünya Qadınlar konfransında Azərbay­can qadınları çox yüksək səviyyədə təmsil olundular, xalqımızın haqq səsini dünyaya çatdırdılar. 

“Vəfa Collection” şirkətinin təsis­çisi, ilk Azərbaycan brendi – “Made in Azerbaijan” markası ilə ev tekstili fab­rikinin qurucusu Vəfa Muradzadə isə dedi: 

– Cəmiyyətdə qadınların inkişafı vacib amildir. Bütün sahələrdə, o cümlədən sa­hibkarlıq istiqamətində qadın sahibkarla­rın potensialından istifadə Azərbaycanın dayanıqlı və inklüziv inkişafı üçün mühüm rol oynayır. Təkcə sosial baxımdan deyil, iqtisadi cəhətdən də qadın sahibkarlara dəstək vacibdir. Belə ki, bu, gender bə­rabərliyinə nail olmaq və əmək bazarının yaxşılaşdırılması üçün xüsusilə vacibdir. Bu, həm də qadınların iqtisadi müstəqilli­yini artırılması üçün yaxşı şansdır. 

Sahibkar qadın Sürəyya İsmayı­lova Azərbaycan qadınlarının bütün sahələrdə əldə etdikləri nailiyyətlərin onların məsuliyyətini daha da artırdığı­nı söylədi: 

– Ölkəmizdə bərqərar olan mühit qa­dınlarımızın potensialının daha da ar­tırılması üçün əlverişli zəmin yaradıb. Bu, gələcək nəsillər üçün davamlı inki­şafa yol açıb. O son 20 ildə qadınların sahibkarlıq sahəsində rolu da artıb. Döv­lətin diqqət və qayğısı sayəsində qadın­larımız kiçik və orta sahibkarlıqla daha cəsarətlə, daha qətiyyətlə məşğul olurlar. Azərbaycan qadınları ölkə iqtisadiyyatı­na öz töhfələrini vermək üçün ciddi səy göstərirlər. Qadın fəallığı harada varsa, orada ictimai tərəqqi də var. 

“Modern İnkişaf və Ailə” İctimai Birli­yinin sədri Zərifə Quliyeva bildirdi: 

– Azərbaycan qadınları həyatın bü­tün sahələrində fəallıqları ilə fərqlənir, quruculuq işlərinə öz töhfələrini vermək üçün ciddi səy göstərirlər. Son illər dövlət idarəçiliyinin yüksək pillələrində qadınla­rın təmsilçiliyi daha da artır, təhsil, səhiy­yə və mədəniyyət sahələrində isə qadın­lar əhəmiyyətli dərəcədə üstünlük təşkil edirlər. Ölkəmizdə qadınların hüquqları­nın yüksək səviyyədə qorunması, onların seçib-seçilmək hüququna malik olmaları, yüksək postlarda, qeyri-dövlət strukturla­rında ölkəmizin maraqlarının müdafiəsi istiqamətində fəaliyyətləri ilə seçilmələri mühüm faktordur.

Hazırladı:
Leyla QURBANOVA
XQ







Sosial həyat