Parlament xəbərləri

post-img

Gələn il pensiyalar artacaq

Hər ilin yanvar ayında pensiyalardakı artım əvvəlki ildə orta aylıq əməkhaqqın­dakı artım faizinə uyğun olaraq həyata keçirilir. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi­nin üzvü Vüqar Bayramov deyib. O, bu ilin 7 ayında orta aylıq əməkhaqqının 11,2 faiz artdığını bildirib.

Yeni ildən pensiyaların təxminən 11 faiz ətrafında indeksasiya olunaraq artırılacağını deyən V. Bayramov konk­ret rəqəm açıqlayıb: “Burada bütün növ əmək pensiyaların artırılmasında söhbət gedir. Əvvəlki illərdə təxminən 100 minə yaxın vətəndaşımızın əmək pensiyası artırılmışdı. Amma indi əmək pensiyası alan bütün vətəndaşlarımızın pensiya məbləğləri indeksasiya olunaraq artırıla­caq. Artım məbləği fərqli olacaq. Yəni ar­tımlar faizlə hesablandığı üçün bu, pen­siya məbləğindən asılı olaraq dəyişəcək. Məsələn, 1000 manat pensiya alanlarda təxminən 100 manatdan artıq artım ola­caq”.

Atalıq məzuniyyəti olsunmu? 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hü­seynova atalıq məzuniyyətinin ödənişli olmasını təklif edib: “14 gün ödənişsiz atalıq məzuniyyəti verilir. Ödənişsiz məzuniyyətin verilməsi isə müsbət qar­şılanmır. Çünki ödənişsiz məzuniyyət ailə üçün əlavə maliyyə çətinliyi yaradır. Amma araşdırmalar göstərir ki, atalıq məzuniyyətinin verilməsi ailəyə müsbət təsir edir. Ona görə də ödənişli atalıq məzuniyyətinin verilməsini tətbiq etmək lazımdır”.

Bu kateqoriyadan olan uşaqlara güzəşt ediəcək

Bu məsələ Milli Məclisə təqdim edil­miş “Sosial xidmət haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihə­sində öz əksini tapıb. Layihəyə əsasən, valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunacaq.

Əmək və sosial siyasət komitəsinin sədi Musa Quliyev deyib ki təklif edilən dəyişikliyə əsasən, həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da mənzil alana qə­dər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaqlar: ” Valideyn himayə­sindən məhrum olmuş şəxslər 18 yaşına çatdıqdan sonra sosial xidmət müəs­sisələrini tərk edir və adətən, ev alana qədər ağır şəraitdə yaşayırlar. Kirayədə qalanlar kirayə haqqı verə bilmirlər. Bu qanunun qəbulundan sonra həmin şəxs­lər çətin şəraitə düşmüş insanlar kateqo­riyasına aid olunacaq və onlar da ev ala­na qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaqlar. Eyni zamanda, onları daha tez siyahıya salıb mənzillərlə təmin etmək mümkün olacaq”.

Strateji məhsullara qiymət tənzimlənməsi

“Azərbaycanda “Dövlət ehtiyatları haqqında” yeni Qanun qəbul edildikdən sonra istehlak bazarında strateji ərzaq məhsullarının qiymətində kəskin artımla­rın qarşısı alınacaq”. Bu fikir Milli Məclis­də qanun layihəsinin müzakirəsi zamanı səsləndirilib. 

Qeyd edilib ki, qanun layihəsinə əsasən, vətəndaşlarımızın daha çox isti­fadə etdiyi məhsullar üzrə strateji ehtiyat­ların yaradılması nəzərdə tutulur. Yalnız taxıl deyil, eyni zamanda, digər vacib ər­zaq məhsulları üzrə strateji ehtiyatlar ya­radılacaq. Strateji ehtiyatların həm döv­lət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən yaradılması nəzərdə tutulur. Bununla yanaşı, istehlak bazarında qiymətlərin monitorinqi aparı­lacaq. Əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa, o zaman həmin ehtiyat­lardan istifadə etməklə qiymətlərin tən­zimlənməsi və artmış qiymətlərin aşağı salınması təmin olunacaq.

Hazırladı:
Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər