Xaçınçay Ağdama bolluq, qazanc gətirəcək

post-img

Azərbaycanda irili-xırdalı 140 su anbarı mövcuddur. Onların ümumi su həcmi 21,9 milyard kubmetr təşkil edir. Bu anbarlar ölkənin əkinçilik təsərrüfatında böyük əhəmiyyətə malikdir. 

Həmin su anbarlarından biri 1964-cü ildə Xaçınçay üzərində tikilib. Uzun­luğu 940 metr, tutumu isə 23 milyon kubmetr olan anbarın suyundan işğal­dan əvvəl Ağdam şəhəri və ətraf yaşayış məntəqələrinin su ehtiyacının ödənilməsi üçün istifadə edilirdi. Rayonun 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərə­findən işğalı nəticəsində su anbarından 27 il istifadə etmək mümkün olmayıb. Bu müddət ərzində heç bir təmir işi aparıl­mayıb, beton divarlar yararsız vəziyyətə düşüb. Buna görə də anbarda su sızma­ları baş verib. Eyni zamanda anbar çirk­lənməyə məruz qalıb. 

2020-ci ilin sonunda Ağdamın işğal­dan azad edilməsi nəticəsində Xaçınçay Su Anbarı ordumuzun nəzarətinə keçdi. Lakin yaxınlıqdakı yüksəklik ermənilərdə olduğundan əraziyə onlar vizual nəzarət edirdilər. 2022-ci ilin mart ayında Fərrux yüksəkliyi düşməndən təmizləndikdən sonra bu təhlükə də aradan qaldırıldı. Geniş əkin sahələrini təmin etməyə qa­dir Xaçınçay Su Anbarı mühafizə altına alındı. 

Bu barədə Prezident İlham Əliyev bil­dirib ki, Fərrux dağının Azərbaycan üçün xüsusi əhəmiyyəti var. Azərbaycan Ordu­su bu yüksəkliyi nəzarətə götürməsəydi, oradakı silahlı separatçılar daim Ağdam şəhərinə və su anbarlarına təhlükə ya­radacaqdı: “Bildirməliyəm ki, Xaçınçay Su Anbarı düz Fərrux dağının altındadır, Fərrux kəndinin düz böyüründədir və er­mənilərin hərbi mövqeləri bu su anbarı­nın istismarını təhlükəyə salmışdı, yəni böyük bir təhlükə mənbəyi idi. Dəfələrlə oradan və digər kəndlərdən Ağdam is­tiqamətinə atəş açılırdı. Fərrux dağını məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fər­rux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Xaçınçayın təhlükəsizliyi və bu sudan is­tifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var”.

Prezident Xaçınçay Su Anbarından ayrılan 7 kilometr uzunluğundakı kanalın təmir olunmasını da qarşıya mühüm və­zifə kimi qoyub. O vaxtdan anbarın təmir və bərpa işlərinə start verilib. Xaçınçay Su Anbarında və oradan çıxan beton ka­nalda əsaslı təmir işləri görülür. Bu barə­də Su Ehtiyatları Agentliyinin sədr müavini Rafiq Aslanov bildirdi: 

– Xaçınçay Su Anbarının ərazisi iş­ğaldan azad olunandan sonra 2020-ci ildə Prezident tərəfindən Dövlət Su Ko­missiyası yaradılıb. Komissiyanın sədri və üzvləri dəfələrlə bu ərazidə olublar. O zaman anbar demək olar ki, tama­milə dağıdılmışdı. Eyni zamanda, bənd də qəzalı vəziyyətdə idi. Bununla bağlı komissiya iclaslar keçirərək təcili tədbir­lər görülməsinin zəruriliyini vurğuladı. İlk növbədə ərazi minadan təmizləndi, iqti­sadi-texniki əsaslandırma və layihə-sme­ta sənədlərinin hazırlanmasına başlandı. 

Tikinti işlərinin aparılması məqsədilə keçirilən müsabiqənin qalibi olan Körpü Bina Tikinti Şirkətinə təmir üçün 10 mil­yon manat ayrıldı. Təkcə bəndin yama­cının beton hissəsi 80 min kvadratmetrə yaxın aşınmışdı. Həmin hissəsi sökülüb çıxarıldı. Artıq bu hissədə bərpa işləri ta­mamlanıb. 20-30 santimetr qalınlığında beton vurulub.

Yamacda görülən işlərlə yanaşı, suqəbuledici qurğular çox pis vəziyyətə düşmüşdü, su anbarının qapıları sökü­lüb aparılmışdı. Qapıların, estakadanın, suqəbuledici qurğunun bərpası həyata keçirildi. Bundan başqa, bəndin qəza sutullayıcısında müəyən bərpa işləri apa­rıldı, magistral kanalın 7 kilometr hissə­sində suburaxma qabiliyyəti 3,2 kubmetr saniyədir. Burada da betonlama işləri ye­kunlaşıb. 

Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərinin su təchizatı barədə danışan Baş nazirin müavini, komissiya­nın sədri Şahin Mustafayev isə bildirib ki, həcmi 23 milyon kubmetr olan Xaçınçay Su Anbarının və ondan ayrılan uzunluğu 7 kilometr, suburaxma qabiliyyəti saniyə­də 4 kubmetr olan suvarma kanalının təmir-bərpası sayəsində Ağdam rayonu­nun 7 min hektar torpaq sahəsinin su tə­minatı yaxşılaşdırılacaq. Bu işlər 2023-cü ilin üçüncü rübü ərzində tamamlanacaq. 

Qeyd edək ki, yayda yağıntılar nəticə­sində Xaçınçay Su Anbarı tam dolmuşdu. Su anbarından artıq su çaya axırdı. Selin yaşayış məntəqələrinə, əkin sahələrinə və təsərrüfatlara ziyan vurmaması üçün Ağdam Mexaniki Suvarma İdarəsinin tex­nikası və canlı qüvvəsi əraziyə cəlb olun­muşdu. Çaya gələn sel sularından isə su­varmada səmərəli şəkildə istifadə edilib. Su əkin sahələrinə yönləndirilib. Ərazidə elektriklə işləyən subartezian quyularının fəaliyyəti dayandırılıb ki, bu da elektrik enerjisinə qənaət deməkdir. 

Qarabağ ərazisində ekosistemin bər­pasına töhfə vermək, o cümlədən su höv­zələrinin zənginləşdirilməsi, balıq popul­yasiyasının artırılması məqsədilə Ağdam rayonunda Xaçınçay Su Anbarına 40 min balıq körpəsi buraxılıb.s

Beləliklə, bütün dünyada iqlim də­yişikliyi və onun nəticəsində su qıtlığı ən aktual problemə çevrildiyi bir vaxtda ölkənin su ehtiyatlarından səmərəli istifa­də edilməlidir. Qarabağın zəngin su ehti­yatlarının düzgün və səmərəli idarə olun­ması isə bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək. İşğaldan azad olunan ərazilərin kənd təsərrüfatı sahə­sində potensialı ölkə iqtisadiyyatı üçün mühüm drayverlərdən birinə çevriləcək. Habelə bölgənin ekoloji vəziyyətinə nə­zarət etmək asanlaşacaq.

P.ƏFƏNDİ
XQ



Sosial həyat