“44 gün”ün 24-cü gün müjdəsi

post-img

20 Oktyabr Zəngilan Şəhəri Günüdür

Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Bu, qürurverici və unudulmaz qələbə Zəfər tariximizn ən şanlı səhifələrindən biridir. 

Azərbaycan dövləti bu əlamətdar hadisəni əbədiləşdirmək qərarına gəlib. Prezident İlham Əliyevin 2023-cü il iyu­lun 31-də imzaladığı sərəncamla 20 okt­yabr Zəngilan şəhəri günü elan edilib. Bu il ilk dəfədir ki, xalqımız bu şanlı qələbəni təntənəli surətdə, böyük ruh yüksəkliyi və coşqu ilə bayram edir. 

Vətən müharibəsinin hər bir günü kino lenti kimi gözlərimiz önündə canla­nır. Yaxşı xatırlayırıq ki, Ali Baş Koman­dan İlham Əliyev Zəngilanın düşməndən azad olunduğu xəbərini böyük sevinc və qürur hissilə xalqımıza çatdırdı. 

Dövlətimizin başçısı xalqa müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zər­nəli, Məmmədbəyli, Həkəri, Şərifan, Bi­rinci Muğanlı və Zəngilan şəhərinin işğal­dan azad edildiyini bildirdi. Bu xoş müjdə bir an içində ölkəmizin hər bir guşəsinə və bütün dünyaya yayıldı. 

Uzun illərdən bəri yaxşı tanıdığım Zəngilan ziyalısı, təcrübəli pedaqoq Na­zim Dünyamalıyev dedi ki, həmin gün hamı kimi onun da sanki sevincindən uçmağa qanadı yox idi. Zarafat deyil, 27 illik yurd, Vətən həsrətinə son qoyulmuş­du. Hamı çox xoşbəxt idi və bir-birini müj­dələyirdi. 

Bu yazının müəlliflərindən biri təx­minən 10 ilə yaxın “Bakinski raboçi” qəzetinin Mil-Muğan regionu üzrə zona müxbiri vəzifəsində işləyərkən Zəngilan rayonuna tez-tez ezamiyyətə gedər, bu rayonun əmək kollektivlərinin uğurları, eləcə də bölgənin qeyri-adi təbii gözəl­likləri barədə qəzetə çox sayda məqalə, korrespondensiya yazaraq dərc etdirmiş­dir. Mərd, süfrəsi açıq, ürəyi geniş insan­lar kimi tanıdığı bütün zəngilanlılar ona məhrəm və doğma insanlardır. 

Qeyd etmək lazımdır ki, 1988-ci ildən başlayaraq Ermənistanla sərhəddə yer­ləşən Zəngilan rayonunun bir çox kənd­lərində olduqca gərgin vəziyyət yaran­mışdı. O zaman bu torpağın igid, qeyrətli oğulları gecə-gündüz sərhədlərdə keşik çəkir, əhalini erməni quldur dəstələrinin silahlı basqınlarından qoruyurdular. 

Sonrakı illərdə, xüsusilə 90-cı illərin əvvəllərində zəngilanlılar doğma yurdun müdafiəsi uğrunda döyüşlərdə çox say­da qurbanlar verdilər. Lakin o dönəmdə Ermənistanın silahlı qüvvələri öz hava­darlarının köməyilə torpaqlarımızı işğal etdilər. 27 illik işğal dönəmində erməni vandalları bu gözəl diyarın kəndlərini, məktəb və bağçalarını, məscid və mədə­niyyət abidələrini, istisnasız olaraq bütün ev və binalarını dağıdıb viran qoydular, təbii sərvətlərini vəhşicəsinə daşıyıb apardılar. 

Bütün bu vəhşiliklər, təbii ki, cavabsız qala bilməzdi. Dünyada ilahi ədalət möv­cuddur, bunda bəşəri dəyərdən qaynaq­lanan dərin bir hikmət var. Azərbaycan gücünü toparladı, ordusunu gücləndirdi və Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə xain düşməni tor­paqlarımızdan qovdu. 

Xatırladaq ki, 1993-cü il oktyabrın 30-da süqut edən zaman Zəngilan ra­yonu 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. 30 minə yaxın sakın respub­likanın müxtəlif şəhər və rayonlarına səpələnərək məskunlaşdı. Qaçqınlıq ta­leyi təkcə çətin həyat şəraiti, ağır güzə­ran deyil, bunlardan heç də az ağrısı və möhnəti olmayan torpaq acısı, nisgilidir. Əlbəttə, ata-baba yurd yerlərini itirən zəngilanlı qaçqın ailələri üçün həmin dönəmlər çox çətin günlər idi. Lakin hər bir zəngilanlı ailəsi Azərbaycan dövlətinin heç vaxt azalmayan diqqət və qayğısı ilə əhatə olundular. 

Bu məqamda qeyd etmək yerinə düşər ki, Zəngilan istiqamətində aparılan döyüşlər İkinci Qarabağ müharibəsinin ən gərgin döyüşlərindən hesab olunur. 2020-ci il sentyabrın 27-də başlayan İkin­ci Qarabağ müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngi­lan rayonunun inzibati hüdudlarına çat­masına şərait yaratdı. 

Bu il artıq üç ildir ki, Zəngilan torpağı azad nəfəs alır. Bu illər ərzində rayon­da olduqca geniş tikinti-quruculuq işləri aparılıb. Xüsusi qeyd etmək lazımdır ki, Füzulidəki böyük aeroportdan sonra Zəngilan Beynəlxalq Hava Limanı qısa zaman kəsiyində inşa edilərək istifadəyə verilibdir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rə­cəb Tayyib Ərdoğan bu mühüm obyektin açılışında iştirak ediblər. 

2022-ci il mayın 27-də isə Zəngilan rayonunda yerləşən “Ağıllı kənd” layihə­sinin birinci mərhələsi üzrə açılış məra­simi olub. Hazırda Ağalıda ümumilikdə 133 ailədən 649 nəfərin məskunlaşması təmin olunub. 

Zəngilan RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təmini və proq­nozlaşdırılması şöbəsinin müdiri Xanım Rüstəmova bildirdi ki, Zəngəzur dəhli­zinin, yeni nəqliyyat xətlərinin istifadəsi rayonun iqtisadi inkişafına böyük dəstək göstərəcək. Hazırda bu ərazilərdə yeni nəqliyyat infrastrukturu yaradılır. Hora­dizdən Ağbəndə kimi avtomobil yolu çə­kilir və dəmir yolu infrastrukturu bərpa olunur. Bu tədbirlər nəticəsində bölgənin tranzit imkanları artır. 

Zəngilanın Ağbənd qəsəbəsi yaxın­lığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keç­məklə bağlantı yaradılacaq. Artıq qar­şılıqlı razılaşma əldə olunub, körpünün layihəsi hazırlanıb. 

Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin oluna­caq. Yol tranzit yüklərin daşınmasına da xidmət edəcək. Həm Azərbaycan, həm İran, həm də region üçün əhəmiyyətli olacaq. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonu üçün zəruri infrastrukturdur. 

Daha bir infrastruktur strateji əhəmiy­yəti olan Horadiz-Zəngilan-Ağbənd də­mir yoludur. Belə ki, bu dəmir yolu azad edilmiş torpaqlara vətəndaşların rahat gəlməsini, yüklərin daşınmasını, həm də Naxçıvanla əlaqəni təmin edəcək. Bu­nunla da Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respubli­kası dəmir yolu ilə bir-birinə bağlanacaq. 

Qeyd edək ki, dövlətimizin başçı­sı bu il sentyabrın 28-29-da Zəngilana səfər etmiş, Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını etmişdir, Alıbəyli və Zəngilan kəndinin, Zəngilan şəhərin­də 2, 3 və 4-cü yaşayış məhəllələrinin, o cümlədən bir çox infrastruktur layihələri­nin təməllərini qoymuşdur.

Zəngilanın yenidən qurulması işində qarşıda duran vacib məsələlərdən biri də işğal dövründə məhv edilən ekosis­temin bərpasıdır. Bəsitçay hövzəsi bo­yunca mövcud olmuş təbii çinar meşəsi Avropanın ən böyük, dünyanın isə ikinci ən böyük çinar meşəsi olub. Lakin Ermə­nistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində çinar meşələri ekosidə məruz qalıb. 

Zəngilanın ekosisteminin bərpası üçün 20 min çinar ağacı və 1000 kiloq­rama yaxın palıd toxumu əkilib. Zəngi­lan rayonunda həm də dayanıqlı kənd təsərrüfatının, turizm sahəsinin, xüsusilə ekoturizmin və kənd turizminin inkişafına təkan verə biləcək sahələrin yaradılması da nəzərdə tutulub. Bütün bu işlər burada yaşayan əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verəcək.

Bütün bu layihələr investisiya cəlbediciliyinə malikdir və ölkələrin xarici əlaqələrini gücləndirmək və inkişaf etdir­mək üçün regiona daha çox beynəlxalq tərəfdaşları cəlb etmək məqsədi daşıyır. 

Erməni vandallarının vəhşicəsinə yandırdığı, söküb dağıtdığı, talayıb apar­dığı, viran qoyduğu Zəngilan rayonunda qurub-yaratmaq eşqi ilə dolu olan həyat yenidən qaynayır. Hamıdan çox bərəkət­li Zəngilan torpağı sevinir. Ona görə ki, bu yerlərin həqiqi sahibləri əbədi olaraq qayıdıblar. 

Pünhan ƏFƏNDİYEV
Məsaim ABDULLAYEV
XQ



Sosial həyat