Neoliberalizm, qlobal dəyişiklik və davam edən inkişaf
İngilisdilli populyar “INSİGHT TURKEY” jurnalının sentyabr sayında UNEC-in beynəlxalq əlaqələr şöbəsinin sabiq müdiri, hazırda Amerikanın Southern New Hampshire Universitetində tədqiqatlarını davam etdirən Turan Süleymanovun professor Bülent Gökayın “Türkiyə dünya iqtisadiyyatında: Neoliberalizm, qlobal dəyişiklik və inkişaf etməkdə olan gücün yaradılması” kitabına yazdığı eyniadlı resenziyası dərc edilib. Türkiyənin və dünyanın tanınmış alimlərinin və siyasi xadimlərinin yazılarının yer aldığı SKOPUS indeksli jurnalda verilən məqalənin qısa xülasəsini oxucuların diqqətinə çatdırırıq.
Turan Süleymanovun məqaləsi Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyi ilə 20 il ərzində Türkiyənin siyasi və iqtisadi cəhətdən transformasiya edərək orta ölçülü inkişaf edən gücə çevrilməsi və ölkə iqtisadiyyatına təsir göstərən qlobal inkişaf kanalları ilə bağlı Bülent Gökayın araşdırmalarından və mükəmməl təhlilindən bəhs edir. Bildirilir ki, kitab müəllifi həmin 20 ili iki alt dövrə ayırır. AKP dövrü adlandırılan ilk dövr 2002–2010-cu illəri əhatə edir. Türkiyəli professorun fikrincə, həmin illərdə hökumətin yürütdüyü neoliberal iqtisadi siyasət və həyata keçirilən dəyişikliklər sayəsində xarici investisiyalar üçün əlverişli mühit yaradılmış, eləcə də ilkin tənzimləyici liberalizm siyasəti Qərb demokratiyası xəttinə uyğun olmuşdur. AKP-nin hədəfi liberal islahatlarla paralel olaraq, ixraca əsaslanan sənayeləşmə ilə ölkə iqtisadiyyatını canlandırmaq idi.
Həmin dövrdə Türkiyə digər inkişaf etməkdə olan iqtisadiyyatlarla müqayisədə yaxşı işləyən və normativ-hüquqi aktlarla tənzimlənən dayanıqlı bank sistemi qurmağı bacardı. Nəticədə ölkəyə aşağı faiz dərəcələri ilə böyük həcmdə Qərb kapitalı axını yönəldi ki, bu da AKP hökumətinin sürətli iqtisadi inkişaf məqsədinə çatmasına və Türkiyənin xarici investisiyalar üçün perspektivli ölkələrdən birinə çevrilməsinə kömək etdi. Həyata keçirilən iqtisadi strategiyalar və əlverişli qlobal şərait ölkənin sürətlə sənayeləşməsinə və iqtisadi inkişafına gətirib çıxardı. Bu transformasiya türk xalqı üçün daha yaxşı iqtisadi və sosial şərait yaradılmasına səbəb oldu.
Professor Bülent Gökayın qeyd etdiyinə görə, ikinci alt dövr 2010-2020-ci illəri əhatə edir. Öz qızıl dövrünü yaşayan Türkiyə iqtisadiyyatı qlobal maliyyə böhranı ilə üz-üzə qalmışdı. Qərb iqtisadiyyatlarında baş verən maliyyə sarsıntıları və iqtisadi tənəzzül Türkiyənin Qərb bazarına ixrac tələbatını azaltmış və ölkənin inkişafı davam etdirməsi üçün zəruri olan xarici sərmayə çatışmazlığı yaratmışdı. Bu dövr ərzində baş verən bir sıra yerli və qlobal hadisələr Türkiyə iqtisadiyyatına mənfi təsir göstərirdi.
Kitab müəllifi vurğulayır ki, çox ehtiyac duyulan aşağı faizli Qərb kapitalının olmaması və Qərbdə bazar tələbatının azalması şəraitində Türkiyə alternativ investisiya və yeni bazarlar axtarışı üçün Şərqə üz tutdu. AKP hökuməti iqtisadiyyatı sabitləşdirmək və iqtisadi inkişafı davam etdirmək üçün Çin və Rusiya ilə əlaqələri yenidən nəzərdən keçirdi. Beləliklə, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatının toplantısına qatıldı və ardından həm Rusiya, həm də Çin ilə tərəfdaşlığın səviyyəsini yüksəltdi.
2008-ci ilin qlobal maliyyə böhranı və iqtisadi tənəzzül qeyri-sabit və xaotik beynəlxalq vəziyyətin yaranmasına gətirib çıxardı. Həmçinin yaranmış vəziyyət dünya iqtisadi sisteminə və qüvvələr balansına təsirsiz ötüşmədi. Dünya iqtisadiyyatı buna qənaətlə bağlı tədbirlər, iqtisadi millətçilik və müxtəlif strategiyalar ilə cavab verdi ki, həmin addımlar ABŞ-da, Avropada, Braziliyada, Hindistanda və digər ölkələrdə konservativ siyasətin inkişaf etməsinə səbəb oldu. Lakin qlobal maliyyə böhranının mənfi təsirinə baxmayaraq, inkişaf etməkdə olan bir çox digər ölkə iqtisadiyyatları ilə müqayisədə Türkiyənin bank sisteminə vaxtilə həyata keçirilən islahatlar sayəsində ciddi zərər dəymədi.
Kitabda həm daxili siyasi və iqtisadi inkişaf, həm də qlobal təsir və dəyişikliklərin təsiri təhlil edilərək Türkiyə iqtisadiyyatının inkişaf etməkdə olan ölkə iqtisadiyyatları siyahısına keçidinin tarixi perspektivinə nəzər salınır.
Türk Dövlətləri Təşkilatının yaranması, Azərbaycan və Mərkəzi Asiyanın türk dövlətləri ilə daha sıx iqtisadi və mədəni əməkdaşlığa dair iddialı çağırışlar Türkiyənin xarici iqtisadi siyasətində prioritetdir və kompleks araşdırma tələb edir. Orta Asiya türk malları üçün potensial ixrac bazarıdır. Bundan başqa, Azərbaycan nümunəsi göstərir ki, onlar həm də ölkədə iqtisadi hədəflərə nail olmaq üçün böyük investisiya mənbəyi ola bilər.
Buna görə də kitabın Türkiyə və inkişaf etməkdə olan bazarları tədqiq edən alimlər, tədqiqatçılar və siyasilər üçün faydasını qeyd edən Turan Süleymanovun fikrincə, müəllifin Türkiyənin Azərbaycan və Orta Asiya dövlətləri ilə bağlı iqtisadi siyasətinə daha geniş yer verməsi məqsədəuyğun olardı.
XQ