Gəncə Şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq “Tarix yazan əbədiyaşar lider” mövzusunda təşkil olunan “dəyirmi masa”da ali məktəblərin rektorları, YAP fəalları, ictimaiyyət nümayəndələri, ağsaqqallar və gənclər iştirak etmişlər.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək demişdir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bu gün Azərbaycan iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və tamamilə müstəqil siyasət yeridən bir ölkəyə çevrilib. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirməkədir.
AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında vurğulamışdır ki, Ulu öndər öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov qeyd etmişdir ki, Heydər Əliyev fəaliyyəti boyunca tarixi və siyasi ənənələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xoşbəxt gələcəyinə hesablanmış çox mühüm təşəbbüslər irəli sürərək vacib addımlar atmışdır.
AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Əməkdar həkim Mehman Rzayev və ADAU-nun kafedra müdiri, professor Azad Bayramov çıxışlarında Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışmış, onun şərəfli ömür yolunun gələcək nəsillər üçün əsl örnək olduğunu demişlər.
Qeyd olunmuşdur ki, müasir tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyil. Vətən təəssübü, xalq sevgisi Ulu öndərin fəaliyyətinin qayəsi idi. Mənsub olduğu xalqına xidmət etmək, Azərbaycanı dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri, Gəncə