İrəvanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar bundan xəbər verir
Dövlət müstəqilliyini bərpa etdikdən sonra yürütdüyü siyasət üzündən Cənubi Qafqazda dalan vəziyyətinə düşən, iki qonşusu (Azərbaycan və Türkiyə) ilə sərhədləri 30 ildən çoxdur bağlı olan, iqtisadi inkişafdan, regional təşəbbüslərdən geri qalan Ermənistan bu durumdan çıxmağa çalışmaq əvəzinə, ənənəvi siyasətini davam etdirməyə üstünlük verir. Rəsmi İrəvanın sentyabrın 29-da Azərbaycana qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) növbəti iddialar qaldırması bunun bariz nümunəsidir.
Qeyd edək ki, Ermənistan BƏM-ə İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Ermənistan Azərbaycana qarşı) müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə iddialar irəli sürüb. Birmənalı şəkildə demək olar ki, 10 bənddən ibarət olan bu iddialar tamamilə əsassız və absurddur. Belə ki, iddialarda “Azərbaycan İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitə qarşısında öhdəliklərinin pozulmasına gətirib çıxara biləcək hər hansı tədbir görməkdən çəkinməlidir” kimi cümlə yer alıb. Eyni zamanda, Azərbaycan ənənəvi olaraq, “etnik təmizləmə”də, Qarabağdan erməni əhalinin “zorla çıxarılmasında” ittiham olunur. Bu böhtanlar az imiş kimi, ölkəmizdən Qarabağ iqtisadi rayonunun erməni azlığın yaşadığı hissəsindən, yəni özünün suveren ərazisindən dövlət qurumlarını, hərbçiləri, polis əməkdaşlarını çıxarması tələb edilir. Bölgədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyət göstərməsi, BMT və digər beynəlxalq qurumların missiyasının səfərinə şərait yaradılması, Qarabağda yaşayan ermənilərin qaz və elektrik enerjisinin tam bərpası kimi məsələlər də iddialarda öz əksini tapıb.
Sözsüz ki, irəli sürülən ən əsassız və absurd tələblərdən biri barələrində illər öncə prokurorluq orqanları tərəfindən cinayət işi açılmış, bunun əsasında Azərbaycan məhkəmələri tərəfindən qiyabi həbs cəzası çıxarılmış, bu yaxınlarda isə həbs-qətimkan tədbiri seçilmiş separatçı “qlavarlar”la bağlıdır. Ermənistanın iddialarında həmin “qlavarlar” Qarabağın “keçmiş siyasi nümayəndələri” adlandırılır. Qeyd olunur ki, Azərbaycan Qarabağın “keçmiş siyasi nümayəndələri”nə və ya “hərbi qulluqçuları”na qarşı cəza tədbirləri görməkdən çəkinməli, eləcə də “erməni soyqırımı” ilə bağlı “abidələr”i qoruyub saxlamalıdır. Göründüyü kimi, İrəvanın iddiaları əsassız və icrası mümkünsüzdür. Bu tələblər beynəlxalq hüquq normalarına uyğun deyil və suveren dövlətin daxili işlərinə qarışmaqdır.
***
Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı məlumatda da Ermənistanın növbəti iddialarının tamamilə əsassız olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın iddialardan əl çəkmədiyini göstərən, Beynəlxalq Ədalət Məhkəməsinin qeyd edilən iş üzrə əvvəlki qərarını heçə sayaraq, azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılması və təşviqinə yönələn bu yeni iddialar tamamilə qəbuledilməzdir.
O da bildirilib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasında olduğu kimi, Beynəlxalq Ədalət Məhkəməsindən də öz məkrli siyasi gündəliyi üçün sui-istifadə edir. Təkcə bu il ərzində Ermənistan bu məhkəməyə artıq üçüncü dəfədir müraciət edir. Qeyd olunub ki, Ermənistanın yanvar ayında verdiyi üç vəsatətdən ikisi rədd edilib, biri məhdud formada təmin edilib, may ayında verdiyi vəsatətlər isə hakimlər tərəfindən iyul ayında yekdilliklə rədd edilib. “Azərbaycan tərəfi Ermənistanın bu yeni əsassız iddialarına tutarlı cavablarının əks olunduğu mövqeyini aidiyyəti üzrə məhkəməyə təqdim edəcək”, – deyə XİN-in yaydığı açıqlamada qeyd olunub.
Oktyabrın 12-də məhkəmənin yerləşdiyi Niderlandın Haaqa şəhərindəki Sülh Sarayında Ermənistanın növbəti iddiaları üzrə dinləmələr keçirilib. İlk olaraq Ermənistan nümayəndəsi Yegişe Kirakosyan çıxış edib. Qarabağda erməni sakinlərdən qalanların olmasına baxmayaraq, Kirakosyan bütün ermənilərin bölgəni tərk etdiklərini deyib. “Qarabağda, praktiki olaraq, heç bir etnik erməni qalmayıb. Əgər bu, etnik təmizləmə deyilsə, mən bilmirəm, nəyi etnik təmizləmə adlandırmaq olar?”, – deyən Ermənistan nümayəndəsi hakimlər qarşısında etnik təmizləmə anlayışını təhrif etməyə uğursuz cəhd göstərib.
Y.Kirakosyanın sözlərinə görə, Azərbaycanın həmin hərəkətlərə görə məsuliyyəti (?) işə mahiyyəti üzrə baxılarkən müəyyən edilməlidir: “Lakin siz hələ də mövcud vəziyyətə əhəmiyyətli təsir göstərə bilərsiniz. Etnik ermənilərin məcburi köçürülməsinin (?) dönməz hala çevrilməsinin qarşısını almaq, Qarabağdakı azsaylı etnik erməniləri, eləcə də oğurlanmış və Azərbaycan həbsxanalarında qanunsuz saxlanılanları (?) qorumaq üçün hələ vaxt var”. Kirakosyan cəfəng iddialarına davam edərək deyib: “Bu şəraitdə yalnız Qarabağdakı etnik ermənilərin hüquqlarını qoruyan məqsədyönlü və aydın tədbirlər Azərbaycan tərəfindən həyata keçirilən “etnik təmizləmə”nin davam etməsinin qarşısını ala biləcək”.
Dinləmələrdə Ermənistanı müdafiə edən vəkil Lourens Martinin iddiası isə istehza doğrur. O, Azərbaycanda ermənifobiyanın güclənməsinə dair fakt tapmayaraq az qala 20 il əvvəl – 2004-cü ilin fevralında Macarıstanda NATO təlimində baş vermiş hadisəyə (Azərbaycan Ordusunun hərbi qulluqçusu Ramil Səfərovla erməni leytenant Qurgen Markaryan arasında baş vermiş insident nəticəsində sonuncunun ölümü hadisəsi nəzərdə tutulur-S.H.) müraciət edib.
Vəkil hadisənin mahiyyətini kontekstdən çıxarıb, əsas səbəbi açıqlamayıb. Eyni zamanda, ermənilərin azərbaycanlılara qarşı törətdikləri gerçək soyqırımı və etnik təmizləmə də nədənsə, yada düşməyib. Şon Merfi adlı vəkil isə Qarabağda vandalizm aktlarının törədildiyini desə də, ortaya bircə fakt qoya bilməyib. Digər vəkillər – Alisa Makdonald, Linos-Aleksandr Siçilianos də onlardan geri qalmayıblar. Onlar bir ağızdan Qarabağdan erməni sakinlərin zorla köçürüldüklərini iddia ediblər. Halbuki, könüllü köç edən sakinlər media subyektlərinə müsahibələrində bu iddiaları təsdiq etməyib, əksinə, öz xoşları ilə getdiklərini bildiriblər.
Dinləmələrdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə aparılması və sentyabrın 19-20-də baş tutan antiterror tədbirlərindən sonra erməni azlığın zorla köçürülməsinə dair bütün ittihamları qəti şəkildə rədd edib. O bildirib ki, 2023-cü il sentyabrın 20-də Ermənistanın 30 illik qanunsuz hərbi işğalından sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini təmin olunub.
Nazir müavini qeyd edib ki, sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri Qarabağda qanunsuz fəaliyyət göstərən erməni hərbi birləşmələrinin ciddi təhlükəsizlik təhdidlər törətmələri səbəbindən baş verib: “Üçtərəfli Bəyanatda Rusiya sülhməramlılarının yerləşməsinə paralel olaraq Ermənistanın Qarabağdan öz qüvvələrini çıxarması tələbi açıq şəkildə göstərilib. Lakin Ermənistan təxminən üç il Azərbaycanın suveren ərazisindəki qanunsuz hərbi birləşmələrə dəstəyini davam etdirib. Bu ilin iyulunda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Ermənistan qoşunlarının hələ də Qarabağda fəaliyyət göstərdiyini etiraf edib və onların bir neçə ay sonra geri çəkiləcəyini bildirib. Bu, faktiki olaraq heç vaxt baş verməyib”.
E.Məmmədov antiterror tədbirlərinə qədərki son həftələr ərzində Ermənistan ordusunun Qarabağdakı fəaliyyətinin xeyli intensivləşdiyini, bu qüvvələrin döyüş hazırlığı vəziyyətinə gətirildiyini, yeni döyüş istehkamları, səngərlər hazırladığını və Azərbaycanın hərbi mövqelərinə yaxın minalar yerləşdirdiyini qeyd edib.
Deyib ki, Ermənistanın sentyabrın 19-dan bəri Azərbaycana qarşı əsassız ittihamları Qarabağda baş verənləri əks etdirmir: “Daha da vacibi onlar Azərbaycanın Qarabağa girişinə icazə verdiyi iki BMT missiyasının müşahidələrini və rəyini əks etdirmir. Otuz ildən çox müddətdə regionda ilk dəfə beynəlxalq missiya olub. Onlar müstəqil beynəlxalq medianın orada olan və oranı görən üzvlərinin xəbərlərini əks etdirmir. Azərbaycan Qarabağın mülki əhalisinə qarşı heç vaxt etnik təmizləmə və ya hər hansı hücum həyata keçirməyib və keçirməyəcək. Azərbaycan sentyabrın 19-dan sonra buna ciddi təminatlar verib”.
XİN-in müavini onu da bildirib ki, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır: “Azərbaycan onları Qarabağdakı evlərinə qayıtmağa cəsarətləndirir, etnik ermənilərin və azərbaycanlıların dinc şəkildə yanaşı yaşadığı öz çoxmillətli icmasını qorumaq istəyir.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin altı əsas orqanından biridir. BMT Nizamnaməsi əsasında təsis olunan BƏM-in əsas məqsədi ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq, sülh yolu ilə beynəlxalq mübahisələrin və ya sülhün pozulmasına səbəb ola biləcək vəziyyətlərin həllini həyata keçirməkdir. Ancaq qanunsuz silahlı birləşmələrdən təmizlənən Qarabağa iki dəfə missiya göndərən və hər hansı etnik təmizləmə və infrastruktur dağıntısı qeydə almayan BMT Katibliyi dinləmələrə heç bir reaksiya verməyib. Bu faktın özü BMT-nin əsas orqanlarından birinin ermənipərəst Qərb strukturları və təşkilatlarının təsiri altına düşməsinin göstəricisi hesab oluna bilər.
Əliməmməd NURİYEV,
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
– Ermənistanın BƏM-ə müraciət etməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır. Məhkəmə bu müraciətin qəbuledilməz olduğu ilə bağlı qətnamə qəbul etməli idi. Çünki Qarabağla bağlı bütün məsələlər Azərbaycanın daxili işidir. İkincisi, Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya qoşulub və həmin konvensiya ilə bağlı mütəmadi olaraq hesabatlar təqdim edir. İndiyədək hər hansı normanın pozulması halı baş verməyib.
Ermənistan isə konvensiyanın əksər normalarını pozub. Azərbaycanlı əhali Ermənistandan kütləvi deportasiyaya məruz qalıb, onların bir çoxu məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilib, amansız işgəncələrə məruz qalıb. Eyni zamanda, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 1 milyona yaxın şəxs ev-eşiyindən didərgin düşüb, onların mülkiyyət hüquqları pozulub, soyqırımları törədilib. Yəni, həm kütləvi etnik təmizləmə, həm məcburi köçürmə baş verib. Bundan əlavə, Azərbaycanın bütün maddi-mənəvi irsi məhv edilib, tarixi abidələr, məscidlər həm Ermənistan ərazisində, həm də işğal dövründə suveren ərazimizdə dağıdılıb, minlərlə qiymətli eksponat oğurlanıb.
Ermənistanın digər iddiaları da əsassızdır. Azərbaycan Ermənistanın bu əsassız iddiaları qarşısında öz arqumentlərini və faktlarını ortaya qoyacaq. Hesab edirəm ki, BƏM tərəfindən belə əsassız tələblərlə bağlı qərar qəbul edilə bilməz.
Səxavət HƏMİD
XQ