Virtual aləmin rejissorları

post-img

Əksər peşə bayramının konkret günü var. Proqramçıların peşə bayramı isə hər hansısa bir tarixdə yox, həmin sahəyə dair xüsusi məna kəsb edən gündə qeyd edilir. Belə ki, hər ilin 256-cı günü beynəlxalq səviyyədə Proqramçılar Günü sayılır. İl 365 gündən ibarət olarsa, sentyabrın 13-ü, 364 gündən ibarət olarsa, sentyabrın 12-də keçirilir. 

Beynəlxalq Proqramçılar Günü 2007-ci ildə təsis edilib. Həmin təqvimin qeyd olunması fikri rusiyalı proqramçılar Mixail Çervyakov və Valentin Balt tərəfin­dən irəli sürülüb. Onlar 256 rəqəmini ikili kod sisteminə, yəni, rəqəmsal informasi­yada “səkkiz bitin bir bayt”la ifadə olun­duğu fərqli dəyərə görə seçiblər. 

Proqramçılar müxtəlif kodlaşdırma və proqramlaşdırma dillərindən istifadə edərək kompüter və mobil proqramlar yazmaqla məşğul olurlar. Onlar eləcə də müxtəlif hazır proqramlarda dəyişikliklər və düzəlişlər edirlər. Bu sahəyə tələb xeyli yüksək olduğundan proqramçı son dövrün ən sevimli peşələrindən biri sayı­lır. 

Bütün dünyada olduğu kimi, Azər­baycanda da virtual sahəyə həvəs və maraq artmaqdadır. Qanunvericilik baza­sının təkmilləşdirilməsi, ali və orta-ixtisas təhsil müəssisələrində bu istiqamətdə kadrların hazırlanması atılan önəmli ad­dımlardandır. Prezident İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar rəqəmsal aləmdə çalışanların inkişafı üçün yeni imkanlar yaradıb. 

Tanınmış proqramçı, Mobil Plat­forma üzrə mütəxəssis Kənan Yusu­bov bizimlə söhbətində bu sahənin özünəməxsusluğundan danışaraq bildirdi ki, hər bir peşənin özəlliyi, gözəlliyi, qay­da-qanunu və psixologiyası var. Peşəkar proqramçı olmaq istəyənlər bunları bil­məli və tətbiq etməlidirlər. Proqramçılıq digər peşələrdən fərqli olaraq qanunauy­ğunluğu daha çox sevir. 

Kənan Yusubov Azərbaycanda proq­ramçı peşəsi ilə bağlı yanlış düşüncə tər­zinin mövcud olduğuna da diqqət çəkdi: “Proqramçı dedikdə, daha çox telefon, kompüter təmiri ilə məşğul olan insanlar təsəvvür edilir. Bu sahələr daha çox, İT-yə köməkçi fəaliyyət olaraq qiymətləndirilməli­dir. Yəni, əslində, bizə proqram yükləmək­də və digər proseslərdə yardım edən in­san proqramçı sayılmamalıdır. Proqramçı xüsusi proqramlaşdırma dilindən istifadə edərək məhsul hazırlayan və bu onun key­fiyyətini qorumağa çalışan şəxsdir. O, vir­tual aləmin rejissorlarıdır. Sadə dildə belə izah edə bilərik ki, gündəlik istifadə etdiyi­miz müxtəlif sosial şəbəkələr birdən-birə formalaşmayıb, onlar da hansısa proqram­çılar tərəfindən tərtib olunub”. 

Beynəlxalq Proqramçılar Günündə onu da qeyd edək ki, bu gün ölkəmizdə heç bir sahənin inkişafını proqramçı əmə­yindən kənarda təsəvvür etmək mümkün deyil. Məhz proqramçıların dərin zəkası və informasiya texnologiyalarının uğurlu tətbiqi sayəsində Azərbaycan rabitəsi, kosmik tədqiqatlar, elektron təhsil mode­li, süni intellektdən istifadə imkanlarının genişləndirilməsi, hətta paytaxtımızda Nəqliyyatı İntellektual İdarəetmə Mərkə­zinin fəaliyyəti də zamanın çağırışlarına cavab verir. 

Rizvan FİKRƏTOĞLU
XQ



Sosial həyat