Yazıçı Mehriban Vəzirin “Vay... Vay... Türkmənçay...” tarixi romanı çapdan çıxıb.
Əsər 1828-ci ildə Qacar səltənəti ilə rus imperiyası arasında bağlanmış “Türkmənçay Müqaviləsi”nin tarixi, milli, mənəvi, demoqrafik fəsadlarından bəhs edir.
Əsərin qəhrəmanı Qoca kişidir. Gəncədən olan bu arabaçı əsər boyunca Vətənimizin parçalanmasının baiskarlarından biri – Tehrandakı mənhus rus səfiri, şair və dramaturq Aleksandr Qriboyedovun Vətənimiz kimi parça-tikə olmuş meyitini kəl arabası ilə Tehrandan Tiflisə sürür. Əsərin 2-ci, paralel süjet xəttində elə həmin Qriboyedov atlı dəstəsi ilə üzü Tehrana çapır...
Romanda oxuyuruq: “Qacarlar və Romanovlar arasında “Türkmənçay müqaviləsi” imzalanmışdı. Ruslar “Arazı ayırmış, qan ilə doyurmuş”du. Məkanın adı həm tarixdə, həm ürəklərdə Azərbaycanın qara yasına, vayına dönmüşdü. Bu “Müqavilə” təkcə Azərbaycanın parçalanması ilə yadda qalmadı, həm də İrəvan da daxil, Qərbi Azərbaycana, eləcə də Quzey Azərbaycanın Naxçıvan və Qarabağ torpaqlarına İranda yaşayan ermənilərin köçürülməsi ilə qanlı iz buraxdı. Bu “qanlı iz” illər sona Zəngəzurda, İrəvanda, Dağlıq Qarabağda tökülən qanlara yol açmış oldu”...
Əsərdən gəlinən bir nəticə də budur ki, bir zamanlar “Ağıldan bəla” adlı əsər yazaraq məşhurlaşan Qriboyedov indi özü “ağlının bəlasına” tuş gəldi.
Əli NƏCƏFXANLI
XQ