Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənlinin Xalq artisti, Əməkdar müəllim Seyid Şuşinskiyə həsr olunmuş “Şərq musiqisinin incisi” xatirələr kitabını çap edib.
Kitaba görkəmli sənətkarın həmkarları və tələbələri ilə müsahibələr, eləcə də Ağalar bəy Əliverdibəyov, Cəlil bəy Bağdadbəyov, Mustafa Mərdanov, Əziz Şərif, Firudin Şuşinski və başqalarının ustad xanəndə haqqında xatirələri daxil edilib. Canlı xatirə–söhbətlərdə Seyid Şuşinskinin bir xanəndə, pedaqoq və parlaq şəxsiyyət kimi obrazı göz önündə canlanır.
Kitada müəllifin vaxtilə Seyid Şuşinskinin müşayiətçi tarzəni olmuş Kamil Əhmədova söylədiyi rəvayət əsasında yazdığı “Çahargah” hekayəsi və “Muğamlarımızda “bayat” gizlinləri” adlı hekayə–essesi də daxil edilib. İstər xatirələr, istərsə də hekayələr ustad xanəndəyə bəslənən məhəbbətin, ehtiramın təcəssümü kimi maraq doğurur.
Topluda Seyid Şuşinskinin Üzeyir bəy kimi dahi bəstəkarla ünsiyyətdə olduğu və onun rəhbərliyi ilə sənət dostları Mirzə Mansurla, Əhmədxan Bakıxanovla Azərbaycan muğamlarını sistemə saldığı da qeyd edilir. “Azdrama”da, Azərbaycan Dövlət Konservatoriyasında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Radio Komitəsində çalışmış, 22 il A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində muğamdan dərs demiş Seyid Şuşinskinin yetirməsi olan xanəndələrin şöhrəti Azərbaycanın hüdudlarını çoxdan aşıb. Kitabı oxuduqca belə bir əminlik hasil olur ki, ustadın gələcək mənəvi həyatı tələbələrinin, onlardan sonra gələn və gələcək hər bir xanəndənin muğam dünyasında yaşayacaq.
Əli NƏCƏFXANLI
XQ