I Qarabağ müharibəsi haqqında müxtəlif filmlər çəkilib. “Fəryad”, “Ağ atlı oğlan”, “Sarı gəlin”, “Arxada qalmış gələcək” və digər ekran işlərində müharibəyə fərqli baxışlar sərgilənib. Zəfərlə nəticələnən II Qarabağ savaşı isə uğurlu bədii həllini gözləyən mövzudur. Söhbətimiz də elə bu barədədir.
Şübhə yoxdur ki, şəhidlərimizin qanı və canı bahasına qazanılmış qələbə haqqında çəkilən filmlər onların uca adına layiq olmalıdır. Amma bəri başdan deyək ki, hələlik, bu baxımdan öyünməli, beynəlxalq festivallara çıxarılmalı bir film yaranmayıb.
Zaur Zeynalın rejissor, Leyla Qədirzadənin ssenari müəllifi olduğu “Göz bəbəyim” filmi 44 günlük müharibədən sonra çəkilmiş ilk tammetrajlı bədii filmdir. Mövzuca aktual olsa da, bədii cəhətdən bir qədər uğursuz alınıb. Ekran əsəri sevgi və nifrət, ümid və itki, ölüm və əbədiyyət haqqındadır. Filmdə Cəbrayıl Dövlətzadə, Xudayar Yusifzadə kimi qəhrəman şəhidlərimizin obrazları canlandırılıb. Buna görə də ideyanın bədii həllinə daha ciddi yanaşmaq, bəlkə də mövcud örnəklərdən yaradıcı şəkildə bəhrələnmək lazım idi.
Sözsüz ki, filmin çəkildiyi məkan da mühüm əhəmiyyət daşıyır. Haqqında danışdığımız ekran əsəri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının bazasında çəkilməyib, AzTV-nin dəstəyi ilə meydana çıxıb. Təbii ki, filmin məziyyətlərindən söz açarkən bu cəhəti də gözdən qaçırmırıq. Amma, hər bir halda peşəkarlıq amilləri əsas götürülməlidir.
Filmin süjet xətti Fərid (Sənan Əlləz) və Nigarın (Fəridə Şahbazova) sevgisi üzərində qurulub. Gənc ailədir. Fəridin ad günündə Nigar ona övlad gözlədiyini xəbər verir. Burada zəruri olan hiss-həyəcan ifadəsi əvəzinə, filmin əvvəlindən olduğu kimi, uzun-uzadı musiqi müşayiətinə yer verilir. Sanki bununla boşluqları doldurmaq istəyirlər.
Filmin düyün nöqtəsi Nigarın çətin hamiləlik keçirməsi ilə başlayır. O xəstəxanaya yerləşdirilir. Təbii ki, Nigar həyat yoldaşının onun yanında olmasını istəyir və ona bu barədə eyham vurur. Fərid Nigarı və övladını göz bəbəyi kimi qorumalıdır. Filmdəki sevgi xətti, ilk növbədə, burada fokuslanır. Lakin müharibənin başlanması Fəridi ictimai sevgi xəttinə istiqamətləndirir. Bu da torpaqların müdafiəsi, azad olunması yolunda əsgəri təşnəlikdir. Nigar Fəridin vətənpərvər olduğunu bildiyindən savaşın başlanmasına görə çox narahat olur. Onların övladlarının noyabrın 8-də zəfər günündə anadan olması gözlənilir. Fərid atasının Qarabağ həsrəti ilə öldüyünü deyir. Demək ki, Fəridin içindən gələn vətənpərvərlik hissi həm də ailəsindən qaynaqlanır. O, ümid edir ki, torpaqların azad olunmasını həm özü, həm də övladı görəcək. Bu, əslində, filmə ciddi xətt gətirir.
Ekran əsərinin vətənpərvərlik xətti sənət adamlarının konteksində inkişaf edir. Müxtəlif arzuları olan əsgərlərin hədəfi eynidir – Vətən üçün birlikdə vuruşurlar. Fərid o anda Nigarı sakitləşdirməyə çalışır. Əsgərlər tar çalan zaman ona zəng vurur. Telefonu səsgücləndiriciyə qoyur. “Burada konsertdir”, – deyərək ona təsəlli verir. Lakin dialoqlar da filmin əsas xəttinə uyuşmur. Buna səbəb aktyor oyununun lazimi səviyyədə olmamasıdır. Sanki həvəskarları filmə çəkiblər.
“Göz bəbəyim”in zəif cəhətlərindən biri də onun televiziya verilişi təsiri bağışlamasıdır. Bu da filmin televiziya bazasında çəkilməsindən irəli gəlir. Gerçək qəhrəmanların bədii obrazları zəif yaradılıb. Bu, özünü şəhidlik səhnələrində də açıq göstərir. Əsgərlərin həlak olması mexaniki təsir bağışlayır, səhnələr inandırıcı, təsirli deyil.
Onu da qeyd edək ki, “Göz bəbəyim” ifadəsi filmin açar sözünü təşkil edir. Nigar üçün bu kəlmə Fəridin həyatda olmasının ifadəsidir, çünki onunla danışanda tez-tez məhz bu xitabdan istifadə edib. Süjet xəttinə əsasən, Fərid şəhid olduqdan sonra Nigar onun zəngini gözləyir. Döyüşdə insanları parodiya edən Qurban Fəridin səsi ilə ona zəng edir ki, sağ olduğunu bildirsin. Lakin “Göz bəbəyim” ifadəsi səslənmədiyinə görə Nigar danışanın Fərid olduğuna inanmır, onun həlak olduğunu duyur və bundan sonra yeganə təsəlləsini övladında görür.
Əlbəttə, daha peşəkar yanaşma olsaydı, təsirli film alınardı. Hər halda ümid edirik ki, hələ Vətən müharibəsi mövzusuna çox müraciətlər olacaq və növbəti savaş filmlərimiz daha uğurlu alınacaq.
Ceyhun MİRZƏLİ