Arif Məlikov – 90
Qara Qarayevin istedadlı yetirməsi
Böyük Azərbaycan bəstəkarı, Xalq artisti Arif Məlikov yaşasaydı, 90 yaşını qeyd edəcəkdi. O, özünün ölməz əsərlərində və onu sevənlərin ürəyində yaşayır.
Bəstəkar, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, Milli Elmlər Akademiyasının müxbir üzvü, “Şərəf Nişanı” ordenli sənətkar... Siyahını uzatmaq da olar. Amma, sadəcə, Arif Məlikov demək də kifayətdir ki, onun kimliyini anlayasan.
Həm də Arif Məlikov deyəndə ilk yada düşən “Məhəbbət əfsanəsi” baleti olur. Sənətkarlıq da elə budur.
Böyük türk şairi və dramaturqu Nazim Hikmətlə Arif Məlikov dost olublar. İllər bu dostluğu ata–oğul münasibətlərinə qədər gətirib çıxarıb. Bakıya yolu düşəndə möhtərəm qonağı hamı öz evinə dəvət edərdi. Nazim Hikmət isə “Öncə oğluma dəyməliyəm” – deyərmiş. Arif Məlikov da oğulluq sevgisini məhz Nazim Hikmətin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyni adlı baleti yazmaqla izhar etdi.
Baletə böyük həyəcanla baxan Nazim Hikmət tamaşadan sonra belə söyləmişdi: “Bir daha əmin oldum ki, balet muzey incəsənəti deyil, bu, müasir incəsənətdir. Mən çox həyəcanlanırdım ki, səhnədə Şərq necə görünəcək. Arif Məlikov baletdə Şərq adamına müasir insanın dünyabaxışı ilə baxıb”.
Arif Məlikovun “Məhəbbət əfsanəsi”nin dünya səhnələrini fəth etməsi yarım əsr əvvəl məhz Sankt-Peterburqun Akademik Mariya Teatrındakı ilk tamaşadan başlanıb. O vaxtdan bu balet dünya teatrlarının böyük səhnələrində səslənməkdədir.
Böyük Teatr (Moskva) müntəzəm surətdə öz repertuarında “Məhəbbət əfsanəsi”nə yer ayırır. Arif Məlikov yeganə azərbaycanlı bəstəkardır ki, onun əsərləri bu teatrda hər il tamaşaya qoyulur. Dünyanın yüzdən artıq teatrının məmnuniyyətlə təqdim etdiyi “Məhəbbət əfsanəsi”nin müəllifin arxivində 60-dan artıq videolenti var idi.
Dmitri Şostakoviç deyib ki, Arif Məlikovun musiqisi əsl professionaldır. Onun əsərində dərin musiqi dramaturgiyası, daxil inkişaf, dəqiqlik, qəhrəmanların xarakterini yüksək səviyyədə ifadə etmək məziyyətləri var. Orkestrin idarə edilməsində Arif Məlikovun nadir istedadı musiqiyə rəngarənglik və tamaşaçılara məftunluq gətirib.
Heydər Əliyev Arif Məlikovun yaradıcılığını çox sevirdi. Rusiyada tamaşaya qoyulmuş əsərlərinin seyrçiləri arasında onu görən bəstəkar bununla qürur duyurdu. 1994-cü ildə Heydər Əliyev Arif Məlikovu özü ilə birlikdə Məkkə ziyarətinə aparıb. Arif Məlikov danışır ki, ziyarət zamanı Heydər Əliyev mənə dedi: “Arif, bilirsən səni bura niyə gətirmişəm? İstəyirəm ki, sən buraları da görəsən və bunun təsiri altında bir simfonik əsər yazasan. Böyük şəxsiyyət hiss edirdi ki, məhz oradan qidalanıb dəyərli simfonik əsər yazmaq mümkündür. Mən 8-ci simfoniyanı Heydər Əliyevlə müqəddəs ziyarətə həsr etdim”.
Arif Məlikov “Məhəbbət əfsanəsi”, “İki nəfər”, “İki qəlbin dastanı”, “Fövqəlgözəl Yusif”, “Səkkizinci simfoniya”, “Nağıl”, “Metamorfozlar”, “Axırıncı aşırım”, “Qəhrəmani” simfonik poemaları; kamera instrumental əsərlər (prelüdlər, süitalar); Nazim Hikmətin sözlərinə 2 vokal silsilə; Xalq Çalğı Alətləri Orkestri üçün əsərlər. 7 saylı Simfoniya, “Azərbaycan” balladası kimi əsərlərin müəllifidir.
Beşinci simfoniya hələ tamamlanmamış o, iki maraqlı kamera əsəri: fortepiano üçün “Anilik” və Skripka üçün sonatanı başa çatdırıb.
Bəstəkarın 1969-cu ildə Leninqrad Dövlət Opera və Balet Teatrında “İkilikdə” (“Bu torpaqda iki nəfər”) adlı baleti tamaşaya qoyuldu. 1981-ci ildə isə “İki ürək” baleti tamamlandı. Böyük və möhtəşəm əsərlərlə yanaşı, Arif Məlikov “Torpağın səsi” kantatasını, “Dalğalar” operettasını, fleyta və orkestr üçün konsertini, bir sıra kamera instrumental əsərlərini, bədii filmlərə (“Sehrli xalat”, “26 Bakı komissarı”, “Axırıncı aşırım” və s.), eləcə də Dram Teatrında səhnəyə qoyulmuş tamaşalara (“Torpağa sancılan qılınc”, “Atabəylər”, “Natəvan” və b.) musiqilər yazıb.
Arif Məlikov 1958-ci ildən vəfatına qədər konservatoriyanın bəstəkarlıq kafedrasında çalışıb və bu onun müdiri olub. Qara Qarayevin tələbəsinin yetirmələri ölkəmizdə, Avropanın müxtəlif şəhərlərində və Türkiyədə çalışırlar.
İllər sonra, dahi bəstəkarın 90 illiyi münasibətilə sentyabrın 18-i Bakıda Heydər Əliyev sarayında “Məhəbbət əfsanəsi” yenidən oynanılacaq.
Ramilə QURBANLI