Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Azərbaycan Oftalmoloqlar Cəmiyyəti ilə birgə “Regionlarda oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi seminar keçirmişdir. Mərkəzin direktoru, professor Elmar Qasımovun rəhbərliyi ilə qurumun Şəki filialında təşkil edilən seminarın məqsədi region həkimləri ilə oftalmologiyaya dair qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasının təmin edilməsi olmuşdur.
Çıxışlar zamanı oftalmoloqlar öz bilik və praktik bacarıqlarını bölüşmüş, həmçinin maraqlı təkliflər səsləndirmişlər. Seminarda həkim-oftalmoloqlardan Faiq Quliyev “Akademik Z.Əliyeva adına MOM Şəki filialının regionda rolu”, “Gecikdirilmiş kataraktalar və baş verə biləcək fəsadlar”, Sona İbrahimova “Qapalı bucaqlı qlaukoma”, Elsevər Həmidov “Şəki filialında vitreoretinal xəstəliklərin müalicəsi” mövzularında məruzələr etmişlər. Tibb üzrə fəlsəfə doktorları Ruhəngiz Balayevanın “Göz qapaqlarının bədxassəli törəmələri”, Mirana Mirişovanın “Kataraktanın ekstraksiyası əməliyyatından sonrakı qalıq refraksiyanın eksimer lazerlə korreksiyası”, həkimlər Humay Bayramovanın “Göz travmalarına düzgün yanaşma taktikası”, Rövşən Rəcəblinin “Buynuz qişa xəstəlikləri və keratoplastika”, Lalə Məmmədovanın “Şəki şəhərində çəpgözlük diaqnozu ilə aparılan müayinə və müalicələrin nəticəsi” kimi mövzularda çıxışları maraqla qarşılanmış və geniş müzakirə edilmişdir.
Mərkəzin direktor müavini Ceyhun Nəzərli, bölmə müdiri Yazgül Abdiyeva və region həkimləri də seminarda iştirak etmişlər. Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildirmişlər ki, Beynəlxalq standartlara cavab verən, müasir diaqnostik avadanlıqlarla təchiz olunmuş Şəki filialı 2019-cu il oktyabrın 26-da açılmışdır. Burada oftalmologiyanın bütün sahələrini əhatə edən yüksək ixtisaslı mütəxəssislər regiondakı əhaliyə daha keyfiyyətli, əlçatan və operativ tibbi xidmət göstərirlər.
Zərifə BƏŞİRQIZI
XQ