Heydər Əliyev dərsləri

post-img

(əvvəli “Xalq qəzeti”nin 2023-cü il 7, 13, 15, 17 may, 24, 26 iyun, 4, 5, 7, 16 və
21 iyul nömrələrində)

“Sənin çox gözəl gözlərin var” 

Vaşinqtonda olarkən Cons Hop­kins adına Universitetin göz xəstə­likləri klinikasında Prezident Heydər Əliyevin gözündə müəyyən edilmiş kataraktaya qarşı uğurlu əməliyyat aparılmış və o, bir neçə günlük müalicə kursu keçmişdir. Azərbay­can Prezidentinin burada müalicə alan dünya şöhrətli aktrisa, Hollivud ulduzu, “Super xanım” teleserialın­da baş rolun ifaçısı və çoxsaylı film­lərdə aparıcı rollarda çəkilmiş xanım Linda Karter ilə maraqlı söhbəti olmuşdu. 

Linda Karter: Cənab Prezident, Sizinlə görüşmək mənim üçün çox şərəfdir. 

Heydər Əliyev: Sizinlə görüşmək mənim üçün də çox şərəflidir.

Linda Karter: Sizin ölkənizdə mənim şoularımı göstərirlərmi?

Heydər Əliyev: Göstərirlər. Biz Sizin şoularınızı çox sevirik. Amma yaxşı olar ki, Sizin özünüz gələsiniz, özünüzü görək.

Linda Karter: Cənab Prezident, dünyanın o hissəsində olmamışam. Oranı ziyarət etmək çox yaxşı olardı.

Heydər Əliyev: Mən Sizi dəvət edirəm. Mənim şəxsi qonağım olun. Hansı şəraiti istəyirsiniz, mən sizə yaradacağam. Doktor Starkın yanında söz verirəm. 

Linda Karter: Cənab Prezident, Sizin qalstukunuz çox xoşuma gəldi. Gözəl qalstuk vurmusunuz.

Heydər Əliyev: Ancaq qalstukum? 

Linda Karter: Deyim ki, Siz çox nadir, çox gözəl, çox yaraşıqlı bir kişisiniz. Onda gərək deyəsiniz ki, mən də gözələm. 

Heydər Əliyev: Siz dünya gözəlisiniz. Sizin qalstukunuz yoxdur, amma bunlarla müqayisə oluna bilməz. Sizin çox gözəl gözləriniz var. Doktor Stark, Siz bunun gözlərini nə edirsiz?

Valter Stark: Cənab Prezident, heç bir şey etmirəm, damcı salıram. 

Heydər Əliyev: Amma Siz onun gözlərini xarab etməyin. Necə gözəl gözlərdir! Sizin gözünün rəngi də mənimki kimidir, elədir? 

Linda Karter: Tamamilə doğrudur.

Valter Stark: Cənab Prezident, Sizin gözünüz çox əla görür.

Linda Karter: Doktor, cənab Prezidentin gözündə nə etmisiniz? 

Valter Stark: Katarakta var idi.

Linda Karter: Cənab Prezident, Sizi təbrik edirəm. İndi Sizə yeni həyat verilibdir. 

Heydər Əliyev: İndi Sizin gözlərin­izi elə gözəl görürəm. Beş gün bundan qabaq olsaydı, belə görməzdim.

Linda Karter: Cənab Prezident, sizinlə görüşümdən çox şad oldum.

Heydər Əliyev: Baxın, bu mənim gənclik illərimin fotoşəkilləridir.

Linda Karter: Siz heç dəy­işilməmisiniz.

Heydər Əliyev: Bu, 15 il bundan öncə çəkilən şəkildir. Bu isə 20 il öncə çəkilib.

Linda Karter: Burada daha yax­şı görünürsünüz. Yaşlaşdıqca sizin gözəlliyiniz artır. O, cəvahirat kimidir - nə qədər çox qalır, o qədər də gözəlləşir. Görürsünüz, mən necə yax­şıyam. Çox şad oldum. Mən həqiqətən ümid edirəm ki, Sizin ölkənizi ziyarət edəcəyəm.

“Elə bilirlər halvadır!” 

Ölkənin özündən və xaricdən olan bəzi bədxahlar Azərbaycan iqtisadiyyatının neftdən asılılığını pis nəticə verəcəyinə dair ”proqnozlarına” ulu öndər qətiyyətli münasibət bidirmişdi: 

– Biz 1970-1980-ci illərdə respub­likamızda nə qədər yeni maşınqayırma zavodları, kimya kompleksi, yaxud da yüngül sənaye obyektləri, kənd təsər­rüfatı məhsulları emalı sənayesi yarat­dıq, Azərbaycanın sənayesini çox­sahəli etdik. 

Biz bunları hələ 1970-ci illərdə etmişik. İndi Azərbaycanın iqtisadi­yyatı haqqında danışanlar o vaxtlar bəlkə orta məktəbə gedirdilər, yaxud da ki, məktəbi təzəcə qurtarmışdılar. Yəni bu, bizim üçün yeni bir şey dey­ildir. İndi küçədə oturub sənayenin nə olduğunu bilməyən adamlar, yaxud da gedib başqa ölkələrdə gizlənənlər du­rub burada dərs vermək istəyirlər ki, Azərbaycanın sənayesini ancaq neft­lə bağlamaq olmaz. Bəzi xarici radio­lar da deyirlər ki, “İqtisadiyyat neftlə bağlandığına görə indi, görürsünüz, neftin qiyməti aşağı düşüb, bunun üçün də Azərbaycanın sənayesi, iqtisadiyyatı dağılacaqdır”. Birincisi, onlar sevinməsinlər, bu, heç vaxt ol­mayacaqdır.

“Bəs sən indiyə qədər harada idin?” 

Xaricdə olduğu kimi ölkə daxil­ində də Azərbaycanın neft müqa­vilələrinin gerçəkləşməsinə mane olmaq istəyən qüvvələr olmuşdu. Ümummilli liderin möhkəm iradəsi bütün belə cəhdlərin qarşısını almışdı. Heydər Əliyev bu barədə danışarkən demişdir:

– 1996-cı ildə, “Şahdəniz” müqaviləsinin imzalanması ərəfəsində ölkəmizdə bizimlə işləyən bir şəxs bu müqavilənin imzalanmasının tam əleyhinə çıxdı. Həmin adam üç il bundan əvvəl Azərbaycanı tərk edəndən sonra mən onun adını heç vaxt çəkməmişəm. Çünki, o, layiq deyil ki, mən onun adını çəkim. An­caq bu gün həqiqəti bildirmək üçün mən onun adını çəkməliyəm. O, Milli Məclisin həmin dövrdəki sədri Rəsul Quliyev idi. Bu müqavilə bir neçə ay idi ki, hazırlanırdı, bütün şirkətlərlə razılaşdırılmışdı, artıq imzalanmağa hazır idi. Müqavilənin imzalanmasın­dan bir həftə əvvəl, o, mənim yanıma gəlib dedi ki, bu müqaviləni imzalamaq olmaz. Soruşdum ki, nə üçün? Dedi ki, Dövlət Neft Şirkətindən olan adamlar Sizə düzgün məlumat verməyiblər, bu­rada çoxlu səhvlər, bizim üçün zərər­li olan şeylər var. Ona görə də bunu imzalamaq olmaz. Mən soruşdum ki, bəs sən indiyə qədər harada idin? 

O, Milli Məclisin sədri səlahiyyəti­ni daim aşaraq, neft şirkəti ilə həmişə əlaqədə idi və çalışırdı ki, bu şirkətin işlərinə rəhbərlik etsin. O, bu müqa­vilənin hazırlanması prosesi ilə yaxşı tanış idi. Bilirdi ki, hər şey yaxşıdır. Biz burada neft-qaz sərgisi keçirirdik. Bu müqavilə həmin gün imzalanmalı idi. O, bu məsələni bir həftə qabaq ortaya atdı ki, işi pozsun. Mən hər fikri nəzərə alıram. Ona görə də onun fikrini nəzərə aldım, Dövlət Neft Şirkətinin bütün rəh­bərlərini bax, bu otağa dəvət etdim. Rəsul Quliyev də, Artur Rasizadə də və Dövlət Neft Şirkətinin bütün rəh­bərləri də orada idilər. Mən ona dedim: Dur fikrini sübut et ki, bu müqaviləni niyə imzalamaq olmaz. Şübhəsiz ki, o, cəfəngiyat danışdı, Dövlət Neft Şirkə­tinin nümayəndələrini təhqir etməyə başladı. Azərbaycan Dövlət Neft Şirkə­tinin prezidenti Natiq Əliyev, bu sahədə ən böyük mütəxəssis Xoşbəxt Yu­sifzadə, yadımdadır, Valeh Ələsgərov və başqaları bir-bir onun üzünə du­rub dedilər ki, sənin fikirlərinin heç bir əsası yoxdur. Sən sadəcə, işə mane olmaq istəyirsən. Ümumiyyətlə, sənin bu məsələlərdən başın çıxmır. O, çox pərt oldu. Bəyan etdi ki, mən bu barədə Sizə rəsmi yazacağam. Bildirdim ki, sən nə istəyirdin dedin, cavabını da aldın, yazırsan yaz. Ancaq o, heç nə yazmadı, çünki axı yaza bilməzdi.

“Risk etmək lazımdır”

Bəzi dairələr, o cümlədən məmurlar ölkədə özəlləşmənin uğuruna şübhə ilə yanaşdığını görən Heydər Əliyev bu prosesin qaçılmaz olduğunu qəti şəkildə bildirmişdi. O demişdir:

– Əsas məsələlərdən biri özəlləşdirmədir. Bu, asan proses deyildir. Gəlin bir-birimizi qorxutmayaq. Bu işdə risk etmək lazımdır. Bunsuz bir şeyə nail ola bilmərik. Mənim fikrim belədir ki, gərək riskə gedək, təsirli tədbirlər görək. Hər şeydən çəkinə-çəkinə dayanıb gözləməyin faydası ol­maz. Belə naməlum vəziyyətdə yaşaya bilmərik. Biz keçmiş sistemdən çıx­mışıq, başqa sistemə isə girməmişik. Deyirik ki, keçid dövründəyik. Keçid dövrü nə qədər olar? Gəlin bütün gücümüzü, imkanlarımızı cəmləşdirək. Başqa çarə yoxdur. Dayanıb vaxt itirmək olmaz. 

“Onlara torpaq düşmür” 

Torpaq islahatına mühüm əhə­miyyət verən Heydər Əliyev islaha­tın dəqiq və düşünülmüş şəkildə həyata keçirilməsinə xüsusi nəzarət edirdi. Bu barədə məsələ müzakirə olunarkən ulu öndər demişdir:

– Burada bir söz də dedilər ki, tor­paq hamıya mənsubdur. Deyəsən, Aydın müəllim dedi ki, 7 milyon əhali var və bu 7 milyonun hamısına torpaq verilməlidir. Belə deyil. Məsələn, adam var ki, şəhərdə doğulub, onun babası da, ulu babası da heç vaxt torpaqla bağlı olmayıbdır. Mən vaxtilə bura­da işləyəndə yanımda mənə vəzifə­cə çox yaxın olan bir nəfərlə, – onun adını çəkmək istəmirəm, – Zuğulbada dövlət bağında bəzən söhbət edəndə ondan soruşurdum ki, bu nə ağacıdır? Bu adam, məsələn, ərik ağacı ilə alça ağacını, yaxud alma ağacı ilə armud ağacını ayırd edə bilmirdi. Mənə mə­lum idi ki, bu adam bunu bilmir. Ona görə də gəzişərkən qəsdən soruşur­dum ki, bu nə ağacıdır? Ola bilsin ki, o küknarı, yaxud qovağı hər adam ta­nımasın. Amma, şübhəsiz, bağça-ba­ğı olan, torpaqla məşğul olan adam meyvə ağacını mütləq bilir. O bilir ki, məsələn, bu ərikdir, bu almadır, alça­dır, bu heyvadır, yaxud başqa ağacdır. Lakin dediyim həmin adam bunları bil­mirdi. Neçə dəfə də demişdim ki, a kişi, sən bunları öyrən, gələn il biz bu bağda gəzişəndə səndən yenə soruşacağam ki, bu hansı ağacdır, o hansı ağacdır. Lakin yenə də bunu öyrənə bilmirdi. Əlbəttə, mən onu təqsirləndirə bilməz­dim. Çünki bu adam dünyasında nə bağ görmüşdü, nə də bağça, nə kənd görmüşdü, nə də torpaq. Bu adam şəhərdə doğulub, şəhərdə də yaşayıb, asfaltdan, binadan başqa heç nə gör­məyibdir, kəndlə də əlaqəsi olmayıbdır. İndi bizdə belə adamlar çoxdur. Yoxsa, deməliyik ki, onlara da torpaq düşür? Əlbəttə ki, onlara torpaq düşmür. 

(ardı var)

Faiq SADIQOV,
Əməkdar jurnalist

Sosial həyat