“Forbes”in birtərəfli təbliğat üçün platforma təmin etməsi təəssüf doğurur

post-img

“Evelina Oçab, sizin “Forbes” nəşrindəki məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat-dezinformasiya maşını tərəfindən istifadə olunur”.

Bu fikirləri Azərbaycan Preziden­tinin köməkçisi - Prezident Administ­rasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (“Twitter”)də yazıb.

O, “Forbes” nəşrində məqaləsi dərc edilən Evelina Oçab adlı müəlli­fin fikirlərinə münasibət bildirib:

“Bir insan haqları vəkili olaraq siz heç vaxt Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış milyon­dan çox azərbaycanlının hüquqları və ağır vəziyyətinə dair məsələ qal­dırmamısınız.

Azərbaycan Ermənistanın 30 il­lik dağıdıcı işğalından əziyyət çəkib. Ermənistanın basdırdığı minalar nə­ticəsində Azərbaycanın mülki əhalisi mina terrorunun qurbanına çevrilir. Laçın yolu Ermənistan tərəfindən mi­naların qanunsuz dövriyyəsi üçün is­tifadə olunur. Lakin siz bütün bunlarla bağlı susmusunuz. Sizin məqaləniz Azərbaycanın Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolunun açılması təklifinin üstündən keçir. Ermənista­nın himayə etdiyi marionet separatçı rejim bizim Qarabağ regionumuzun erməni sakinlərini girov saxlayır. 

İnsan haqları müdafiəçisi kimi nəcib bir status neytrallıq, siyasi ma­nipulyasiyadan uzaqlıq, obyektivlik və ədalətli olmağı tələb edir. Mən təəssüf edirəm ki, sizin “Forbes”də­ki məqalənizdə bu məziyyətləri gör­məmişəm. Həmçinin təəssüf edirəm ki, “Forbes” bu cür birtərəfli təbliğat üçün platforma təmin edir”, - deyə H.Hacıyev paylaşımında qeyd edib.

Q.QASIMOV, “Xalq qəzeti”

Siyasət