Qəlbində Vətən sevgisi yaşadanlar

post-img

2023-cü ilin iyun ayında xoş xəbər Süleymanlılar və Pənahovlar ailəsinin ürəyini dağa döndərdi. Amerikadan gələn xəbərdə bildirilirdi ki, nəvələri Tansu bu ölkənin Herbert Huver ibtidai məktəbini ABŞ Prezidentinin Təhsildə Müstəsna Mükəmməllik Mükafatı – Sertifikatı ilə başa vurub. Nənələr, babalar bu xəbəri dostları-qohumları ilə sevinclə bölüşdülər. 

Balaca Tansunun uğur sevincin­dən hər evə pay düşdü. Sonra dedilər ki, bu harasıdır, Tansu əlavə 4 sertifi­kat da qazanıb. 2021–2022-ci illərdə skripka dərsləri öyrənib. Bu il, 4-cü sinifdə oxuyanda məktəbin ictimai fəallar – liderlər klubuna üzv olub. O, ehtiyacı olan insanlara kömək edib, xeyriyyə tədbirlərində iştirak edib. Uşaq Amerika –Azərbaycan Cəmiy­yətinin fəal üzvüdür, dəfələrlə ASA tədbirlərində iştirakına görə mükafat­landırılıb. Bəs Tansunun uğurlarının sorağı ABŞ-dan niyə gəlir, bu uşaq okeanın o tayına necə gedib çıxıb?

Öyrəndik ki, 2017-ci ilin avqustun­da “Green kard”la Amerikada yaşa­maq şansı əldə edən Süleymanlılar ailəsi Azərbaycandan Missuri ştatının Sent Luis şəhərinə köçüb. Hikmət Süleymanlı və Nigar Pənahova ABŞ-a düşən gündən daimi yaşayış yerinin seçiminə xüsusi diqqətlə yanaşıblar. Çünki Bakıdan gedəndə onların ilk öv­ladı Maqsud məktəbli idi. Uşağın han­sı dövlət məktəbinə getməsi də məhz ailənin yaşayış yerinə görə seçilirdi. Övladlarının yüksək keyfiyyətli təhsil almaları üçün ailə ABŞ-da Orta Qərbin ən yaxşı məktəblərinin yerləşdiyi Sent Luis dairəsindəki Kleyton şəhərində məskunlaşdı. 

Müraciət etdikləri məktəbdə di­aspor fəalı Nigar Pənahova oğlunun hələ Bakıda ikən məktəbli olduğunu bildirib. Maqsud qısa müddətdə ingi­lis dilini öyrənib və məktəbin ən yax­şı şagirdləri sırasına daxil olub. Nigar xanımın sözlərinə görə, məhz burada Maqsud təhsildə böyük uğurlar qa­zanıb və gələcək nailiyyətləri üçün təməl yaradıb. 2019-cu ilin yayında ailəsi ilə ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhəri ətrafında yerləşən Lənqhorn qəsəbəsinə köçüblər. Maq­sud həmin ilin sentyabrından Herbert Huver ibtidai məktəbində oxumağa başlayıb. 

Bu gün Tansu ilə bağlı yaşanan se­vinc 3 il öncə ailədə əldə edilən uğu­run təkrarı imiş. Çünki 2020-ci ilin iyun ayında ailənin sevinci – Tansunun qar­daşı Maqsud da Herbert Huver adına ibtidai məktəbi ABŞ Prezidentinin mü­kafatı ilə başa vurubmuş.

ABŞ-da yaşayan 10 yaşlı azər­baycanlı Maqsud Süleymanlının təh­sildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alması xəbəri Azərbaycana gəlib çatanda Maqsu­dun şəkli qəzetlərin, saytların bəzəyi olmuşdu.

Qeyd edək ki, təhsildə xüsusi mü­vəffəqiyyətlərə görə Prezident müka­fatı əsası 1983-cü ildə qoyulmuş proq­ram çərçivəsində ABŞ rəhbərinin və təhsil nazirinin adından təqdim edilir. Təhsildə nailiyyətləri ilə fərqlənən ib­tidai, orta və yuxarı sinif şagirdləri bu mükafatı ABŞ Orta Məktəb Direktor­larının Milli Assosiasiyası tərəfindən nəzərdə tutulmuş meyarlar əsasında alırlar.

Ailədən öyrəndik ki, Maqsud tək­cə öz biliklərinin səviyyəsi və təhsil­də qazandığı nailiyyətlərlə fərqlənmir. Valideynləri kimi o da vətənpərvərdir, bacısı Tansu ilə birlikdə müntəzəm olaraq məktəb və digər beynəlxalq, mədəniyyətlərarası festivallarda işti­rak edir, orada yaşıdlarına öz ölkəsi Azərbaycanın mədəniyyəti, tarixi və milli mətbəxi haqqında danışırlar.

Azərbaycanlı ailənin övladlarının bilik və bacarığı ABŞ-da belə dəyər­ləndirilib. Valideynlərin diaspor fəalları olması onlara ölkəmizlə bağlı tədbir­lərdə Vətən sevgisi aşılanıb. Harada yaşamasından asılı olmayaraq Azər­baycanı unutmamaq, onun inkişafı, uğuru ilə daim fəxr etmək, qürurlan­maq tövsiyə edilib.

Ailənin ikinci övladı Tansu da ötən 5 ildə qardaşı kimi oxumağa, çalışmağa böyük səy göstərib. ABŞ-yə köçən il– 2017-ci ilin sentyabr ayından Samuel bağçasına gedib. İngilis dilini öyrənib, yeni dostlar qazanıb. 2018-ci ilin mart ayında ata-anası bağçada Novruz təd­biri təşkil edib və Tansu milli geyimdə səhnəyə çıxıb. O, 2018-ci ilin sentyabr ayından Meramek ibtidai məktəbinin 1-ci sinifinə daxil olub. Məktəbdə təş­kil edilən beynəlxalq gecələrdə Tansu daim milli geyimdə Azərbaycan mə­dəniyyətini və mətbəxini təqdim edib. Sent Luisin zooparkını, parklarını və kitabxanasını çox sevir . O, ev pişiyinə isə milli ad qoyub: Duman.

Azərbaycan–Amerika Cəmiyyə­ti xalqımızın mədəniyyətini, tarixini ABŞ-da təbliğ edir, xüsusən də döv­lət bayramlarını və Novruz bayramını diaspor nümayəndələri ilə mütəmadi qeyd edir. Cəmiyyətin sədri Tomris Azəri uşaqların fəaalığını çox bəyə­nir, əsl vətənpərvər kimi yetişdiklə­rinə görə onlarla fəxr edir. Uşaqlar Azərbaycanın BMT-dəki səfiri Yaşar Əliyevlə görüşü, onun “Harada yaşa­mağınızdan asılı olmayaraq qəlbiniz həmişə Vətənlə döyünsün” – öyüdünü unutmurlar. 

Tansu təbiəti, heyvanları, oxuma­ğı, bişirməyi, velosiped sürməyi, üz­məyi və rəsm çəkməyi çox sevir. Ən çox xoşladığı bayramlar Novruz, Ra­mazan və “Hallovin”dir. Riyaziyyat və üzgüçülük dərslərində iştirak edir. 

Maqsud isə futbol oynamağı sevir, şahmatla məşğul olur və proqram­laşdırma ilə maraqlanır, gələcəkdə kosmonavt olmağı arzu edir. O, Ba­kıda yaşayarkən Vüqar Həşimov adı­na Şahmat Akademiyasında məşğul olub, ABŞ-da şahmat yarışlarında bir neçə mükafat qazanıb.

Sız Azərbaycanın fəxrisiniz, uşaq­lar. Çox sevinirik ki, harada yaşayıb iş­ləmələrindən asılı olmayaraq soydaş­larımız Azərbaycan övladının nələrə qadir olduqlarını öz əməlləri və baca­rıqları ilə sübut edirlər. 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”



Sosial həyat