“Mən oxudum, sən də oxu”

post-img

Cəmiyyətin inkişafında ən mühüm yeri təhsil, maarifləndirmə tutur. Buna görə də ölkəmizdə mədəni yüksəlişə xüsusi önəm verilir, insanların mütaliəyə marağını artırmaq üçün yollar axtarılır. Yeni layihələrdən biri də “Açıq kitabxana”dır. 

Yolunuz Rəşid Behbudov küçəsinə düşsə, mütləq Milli Kitabxananın bağ­çasında yerləşən “Açıq kitabxana”ya da baş çəkin. Siz də diqqətini kitabdan ayırmayan fərqli yaşlarda oxucuların, sakitcə dərslərini hazırlayan tələbə və şagirdlərin əhatəsində, açıq havada ki­tab oxuyub mənəvi istirahət edin. Dörd tərəfi kitab dolu rəflərlə əhatə olunmuş bağçada təklif olunan bütün kitabları heç bir qeydiyyatdan keçmədən alıb oxumaq mümkündür. 

...Şəhərin səs-küyünün, sanki, eşidilmədiyi bu məkana nəzər yetirməyə yeni başlamışdım ki, kitabxananın əməkdaşı Ayşən Abdullayeva yaxınlaşaraq “Kömək lazımdırmı?”, – deyə soruşdu. Sonra kitabxana barədə məlumat verməyə başladı. Qeyd etdi ki, 2016-cı ildən fəaliyyətə başlayan bu açıq qiraət guşəsi hər gün sakinlərin xidmətindədir. Kitabxanaçıların iş saatı 18:00-da bitsə də, sonrakı saatlarda oxucular mühafizəçilərə müraciət edərək istədikləri kitablara baxa bilərlər. 

Kitabxanada “Uşaq guşəsi”, “Mən oxudum, sən də oxu”, “Dövri mətbuat”, “Milli musiqi” və “Elektron Kitab Köşkü” guşələri yaradılaraq oxucuların istifadəsinə verilib. Azyaşlılar üçün nəzərdə tutulmuş guşədə yerli və xarici müəlliflərin nağılları, müxtəlif hekayələr və s. uşaq kitabları təqdim olunur. “Dövri mətbuat” guşəsində gündəlik və həftəlik qəzet və jurnalların yeni nömrələri təqdim olunur. Satış üçün nəzərdə tutulmuş kitablar isə “Elektron kitab köşkü”nə yerləşdirilib. Oxucular günün istənilən saatında əldə etmək istədikləri kitabların altındakı kodu yazıb, ödəniş edərək ala bilərlər.

Bütün bunların içində mənim ən çox diqqətimi çəkən “Mən oxudum, sən də oxu” guşəsi oldu. Əsasən, oxucuların bağışladığı kitablardan yaradılan bu guşə, mütaliə sevənlərə oxuduqları kitabı başqa biri ilə dəyişmək imkanı da verir. 

Ayşən Abdullayeva vurğuladı ki, kitabların dəyişdirilməsində əsas şərt yazıldığı əlifba və dilin eyni olmasıdır. “Nadir hallarda, bəzi oxucular az sə­hifəli kitabları həcimcə dəfələrlə böyü­yünə dəyişmək istəyirlər. Belə olduqda onların istəyi yerinə yetirilməyə bilər. Digər hallarda kitablar dəyişdirilir”. 

Söhbət zamanı bir oxucu kitab dəyişmək üçün müraciət etdi. Orxan Məmmədov idi, Aqata Kristinin “Vadi” kitabını dəyişmək istəyirdi. “Açıq ki­tabxana” ideyası haqqında fikirlərini soruşduqda isə burada əlavə xərc çəkmədən yeni kitablar oxuya bildiyini dedi, layihənin təşkilatçılarına minnət­darlığını bildirdi.

Digər oxucu Sevinc Əliyeva isə fik­rini qısaca ifadə etdi:

– Bura bəzən kitab oxumağa, bəzən də dərs hazırlamağa gəlirəm. Şəhərdə belə məkanların sayı çox olsa, daha yaxşı olar.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının (AMK) nəzdində yaradılan “Açıq Kitabxana”da oxucular üçün hər bir şərait yaradılıb, təmən­nasız xidmət göstərilir. Kitabxanada AMK-nın elektron kataloqundan, elekt­ron kitabxanasından və digər elekt­ron mənbələrdən oxucuların istifadəsi üçün kompüter avadanlığı və “Wi-Fi” şəbəkəsi quraşdırılıb.

Qənaətimiz budur ki, belə xidmət guşələrini artırmaqla oxucularla kitab­lar arasında məsafəni qısaltmaq müm­kündür. Kitablar isə mədəni yüksəliş pillələridir.

Rüfət MƏHƏRRƏMOV

Sosial həyat