Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

post-img

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

QƏRAR

№ 3-27/3-7-10/2025

Bakı şəhəri 5 sentyabr 2025-ci il

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kollegiyasının 2018-ci il 12 dekabr tarixli 004 nömrəli qərarı ilə təsdiq edilmiş “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

“Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 sentyabr tarixli 767s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.7-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərara alır:

1. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kollegiyasının 2018-ci il 12 dekabr tarixli 004 nömrəli qərarı ilə təsdiq edilmiş “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Kollegiyanın sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri
Rəşad Nəbiyev

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2025-ci il 5 sentyabr tarixli 3-27/3-7-10/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kollegiyasının 2018-ci il 12 dekabr tarixli 004 nömrəli qərarı ilə təsdiq edilmiş “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nda edilmiş dəyişikliklər:

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kollegiyasının 2018-ci il 12 dekabr tarixli 004 nömrəli qərarı ilə təsdiq edilmiş “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2.17-ci və 3.1.6-cı yarımbəndlər ləğv edilsin;

2. 3.1-ci bənddə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

 

 

Reklam və elan