“Sabah” sənətin sabahına yeni qapı açıb

post-img

Artıq bir neçə aydır ki, “Xalq qəzeti”nin “XalqTV” studiyası fəaliyyət göstərir. Görkəmli elm, mədəniyyət xadimlərimiz, milli məfkurə daşıyıcılarımız və xaricdən ölkəmizə gəlmiş ünlü soydaşlarımız studiyamızda qonaq olurlar. Onlar əməkdaşlarımıza çalışdıqları sahələrin, həyatımızın bu və ya digər sferasının uğur və problemləri ilə bağlı müsahibələr verirlər. Həmin görüşlər redaksiyamızın saytında və “YouTube” videohostinq serverində yerləşdirilir. Həmin söhbətləri “XalqTV”nin qonaqları” rubrikası ilə oxucularmızın da diqqətinə çatdırırıq. Qonağımız “Sabah” Yaradıcılıq Studiyasının direktoru, görkəmli teatr, kino, televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğludur. 

– Ramiz müəllim, bildiyimiz kimi, bu il Azərbaycan kinosunun 125, milli kino studiyamızın 100 illik yubi­leyləri ilə bərabər, həm də “Sabah” Yaradıcılıq Birliyinin 30 yaşı tamam olur. Bu yubileylər atmosferində hansı hissləri keçirirsiniz? 

– Fərəh və məsuliyyət hissləri bir-birinə qarışıb. Çünki işimiz, sənəti­miz elədir ki, tərəf-müqabillə, tamaşaçı ilə üz-üzəyik və onun bizdən gözlədik­lərini həyata keçiririk. “Sabah” Yaradı­cılıq Birliyi 30 il bundan əvvəl yaz ayla­rında yaranıb, indi artıq studiya adlanır. 

– Birlik hansı zərurətdən yaran­dı? İlk addımları uğurlu oldumu?

– “Sabah”ın təşkilinin səbəblərin­dən biri o idi ki, artıq köhnə sistem dağılmışdı, şablon meyarlar aradan götürülmüşdü, yanaşmalar dəyişmişdi. Tutaq ki, əski dövrlərdə, sovet dönə­mində hansısa bir işi görəndə çətin­lik çəkmirdinsə, bu mərhələdə biz bir növ kapitalizm formasiyasının bütün “gözəlliklərini” görməyə başladıq. Mən hiss etdim ki, həmfikirləri, məsləkdaş­ları bir yerə toplamağa ehtiyac var. Çəkici ahəngdar şəkildə eyni zindana vura biləcək “güc”ləri birləşdirmək la­zımdır. Odur ki, ssenarist, rejissor, ki­nooperator, rəssam, bəstəkar – fərqi yoxdur – bir dam altında cəmləşdik. 

İlk vaxtlar “Sabah” yaradıcılıq bir­liyi yox, adi tamaşa birliyi adı altında fəaliyyət göstərirdik. Birinci işimiz Cə­lil Məmmədquluzadənin “Kamança”­sı oldu. Uğurlu alındı. Üstündən bir il keçdi, yeni ad da tapdıq. AzTV sədrinin müavini, rəhmətlik Nahid Hacızadə birliyimizi “Sabah” eksperimental yara­dıcılıq emalatxanası adlandırmağı tək­lif etdi. Həmin ad altında isə ilk rəsmi işimiz “Ac həriflər” film-tamaşası oldu. Ondan sonra bizim məhsuldar fəaliy­yətimiz başlandı. “Sabah”ın ən intensiv dövrləri 1993-cü ildən sonraya təsadüf etdi. Təssəvür edin ki, təxminən 3 il ər­zində hər ay yeni əsər verirdik. 

– Yadımdadır, o vaxt mən də AzTV-də çalışırdım, axtarışlarınızın, əziyyətlərinizin və uğurlarınızın şa­hidiyəm. 

– Bəli, çətin idi. Təşkilati işlər çox vaxt aparırdı. Hətta rejissorluğu bir kə­nara qoyub, prodüserliklə, təşkilatçılıq­la məşğul olduğumu görən dostum Ca­vanşir Quliyev bir gün mənə dedi: “Ay Ramiz, sən rejissorsan, tamaşa hazır­lamalısan, amma özünü vermisən təş­kilati işlərə. Bunun axırı necə olacaq?”. Cavab verdim ki, düz deyirsən, ancaq mən hələlik istedadlar üçün meydan yaradıram, sonra yaxşı olacaq. Sənət isə yalnız meydan və rəqabət olan yerdə qabağa gedə bilər. Və zaman göstərdi ki, mən haqlıyam. 

– Dediniz ki, tutduğu vəzifəsin­dən asılı olmayaraq, sadəcə, ruhən bizə yaxın olan adamları bir yerə yı­ğırdıq. O vaxt mənim işlədiyim id­man proqramları redaksiyasında bir rejissor işləyirdi – Şərif Qurbanəli­yev. Bir də gördük ki, Şərif də sizin dəstədədir. 

– Bəli, Şərif də gəldi bizim dəstəyə. Mənimlə birlikdə “Ac həriflər”in ssenari müəllifi oldu. Sonra “Yurd yeri”, “Bala – başa bəla”, “Yarımştat” və sair yad­daqalan işləri oldu. Şərifin maraqlı qu­ruluşları çoxdur.

– Yaradıcılıqda kiçicik işıq ucu göründümü, siz o “lağım”ı qayğı ilə böyütmüsünüz ki, bu nur geniş ta­maşaçı kütləsinə çatsın. Özünüz də zəngin yaradıcılıq yolunuzla daim nümunə olmusunuz. Filmotekanız­da 200-dən çox film var. Sonrakı nəsillər “Nekroloq”, “Fatehlərin Di­vanı”, “Yaşıl eynəkli adam” kimi tamaşalara baxa-baxa zövqünü in­kişaf etdirib. “Topal Teymur”, “Gü­nahsız Abdulla”, “Evləri köndələn yar”... saymaqla bitən deyil.

– Təşəkkürlər!

– Ramiz müəllim, 3 il bundan qa­baq Vətən müharibəsi oldu, qalib gəldik, Qarabağı və Şərqi Zəngəzu­ru azad etdik. O mövzu “Sabah”ın proqramında öz əksini tapırmı? Və yaxud tapacaq hələ?

– Heç şübhəsiz, bu, müqəddəs mövzudur. Elə mövzular var ki, onlara dərhal reaksiya vermək düzgün deyil. Yəni, söhbət bizim çalışdığımız janr­dan – bədii quruluşdan gedir. Vətən müharibəsində göstərilən igidlik və şü­caətlə bağlı çoxlu proqramlar, sənəd­li filmlər hazırlanıb və hazırlanacaq. Amma bu mövzuda, bədii quruluşda işlər hələ qabaqdadır. 

Yeri gəlmişkən, bir misal çəkim. Vaxtilə “Sabah”da özünə “pasport” qazanmış Elxan Cəfərov illər sonra ki­nostudiyada rejissor kimi yaddaqalan bir film çəkdi. Bu, Aqil Abbasın ssena­risi əsasında çəkilmiş “Dolu” filmidir. Baxın, həmin film çəkiləndə o hadisələ­rin üstündən nə qədər vaxt keçmiş­di? Təxminən, 20 il. Mən indi burada özümüzə haqq qazandırmıram, amma mənə elə gəlir ki, Silahlı Qüvvələrimi­zin rəşadətinin, şəhidlərimizin misilsiz qəhrəmanlığının daha parlaq şəkildə çəkiləcəyi günlər gəlib çıxacaq. Vətən müharibəsinin ən güclü ssenarisi hələ yazılır, o rejissor da bəlkə hələ xəbər­sizdir ki, həmin yola doğru gedir.

– Əlbəttə, tələm-tələsik iş görmək olmaz. Təhlillər, təsvirlər, tərənnüm­lər zamanın süzgəcindən keçməli­dir. O demək deyil ki, bu gün hadisə baş verdisə, sabah onun filmi çəkil­məlidir. Bəlkə də bundan ötrü illər tələb olunur. Bütün dünyada belədir. Amma sizdə “Ocaq yeri” bədii filmi, “Yağlı boya ilə ailə portreti” televizi­ya filmi də var.

– Təbii ki, bu mövzuda maraqlı iş­lər az deyil. Onlardan biri elə sizin də vurğuladığınız – Sirac Mustafayevin öz ssenarisi əsasında quruluş verdiyi “Ocaq yeri”dir. O film çəkilən vaxt mən “Sabah”dan müvəqqəti ayrılıb “Azər­baycantelefilm” yaradıcılıq birliyinə getmişdim və iki il orada çalışandan sonra geri qayıdası oldum. “Ocaq yeri” də həmin aralığın məhsuludur. Təbii ki, “Sabah”da bu mövzuda işlər görülüb və görülməkdədir. 

– Ramiz müəllim, sizin maraqlı ideyalarınız həmişə olub və özünü doğruldub. Silsilə verilişlər, filmlər, xatirə muzeyləri... “Yad et məni” ide­yası da sizə məxsusdur. Bu barədə nə deyə bilərsiniz? 

– Bilirsiniz, “Sabah” bədii quruluş­lar üzrə yaranıb və bu yöndə fəaliyyət göstərir. Bu mürəkkkəb zamanda, bir çox təşkilati, texniki, maliyə çətinliklə­ri şəraitində belə layihələri həyata keçirmək o qədər də asan deyil. Biz əməkdaşlarla birlikdə studiyada oturub fikirləşdik ki, hansı istiqamətdə işlər görək ki, müsbət nəticələr qazanaq. Daha doğrusu, inkişafdan qalmayaq, formada olaq. Əvvəllər pavilyonda dekarasiyalar qurulurdu və lazım olan səhnələr çəkilirdi. Əksər tarixi əsər­lərdə, elə komediyalarda da elə olub. “Topal Teymur”, “Ordan-burdan”, “Qa­tarda” – bunlar hamısı pavilyonda çəki­lib. İndi o imkan yoxdur. 

Düşündük ki, pavilyon əvəzi Bakıdakı muzeyləri məkan seçək. O müzeylərin adını daşıdığı böyük şəxsiyyətlərin həyatına işıq salaq. Beləcə, birinci işimizi Nəriman Nərimanovdan başladıq. Ondan üzübəri 10 işimiz olub, sonuncusu, səhv etmirəmsə, Yusif Vəzir Çəmənzəminli idi. Bu layihələrdə “Sabah”ın müxtəlif rejissorları iş görüb. Sirac Mustafayev, Namiq Ağayev, gənc rejissor Ramina və başqaları. Fikirimiz var ki, digər rejissorları da dəvət edək, çünki “Sabah” bu məqsədlə yaranıb: sabaha istiqamətlənmiş istedadları bir yerə toplamaq. Bu işlər həm də maarifləndirmə xarakteri daşıyır. 

– Sənədli-bədii filmlərin çəkilişi aktyorlar, rejissorlar üçün daha çə­tindir. Çünki konkret bir tarixi şəx­siyyətdən bəhs edir, gərək onun konkret obrazı canlana, zahiri bən­zəyiş ola və sair... 

– Elədir, iki istiqamətin çulğalaş­ması tələb olunur, burada konkret fakt və təxəyyül birləşir. Bunlar bir-birini tamamlayanda uğur qazanılır. Tama­şaçıya da tarixi şəxsiyyətlərin filmdə necə inikası maraqlıdır. Yaradıcı kol­lektiv çiyinlərini məhz bu çətinliyin altı­na verəndə fədakar olur. 

– Ramiz müəllim, siz böyük sənətkarlarımız – Əməkdar mədə­niyyət işçisi Həsənağa Mirzəyevlə unudulmaz teatr və kino aktrisası, Əməkdar artist Ətayə Əliyevanın öv­ladı və sənət davamçısısınız. Sizin sənətkarlığınızın bir qaynağı da ailə ocağıdır. Belə mühitdən kənarda böyümüş, amma bu sahəni seçən, sevən gənclərə nə tövsiyə edərdi­niz? 

– Heç kəs anadangəlmə peşəkar ol­mur. Sənət addım-addım, pillə-pillə yol getməkdir, bilikləri toplamaq, daxilən zənginləşməkdir, zövqun püxtələşmə­sidir. Budur sənətin yolu. Heç şübhəsiz, mütaliə və dünyagörüşünü artırmaq da şərtdir. Sənətkarlarla ünisiyyət, lazım olan filmlərə baxmaq, kitabları oxumaq, lazım olmayanlardan qaçmaq vacib şərtlərdir. Mənim sənətə gəlmə­yimdə, təbii ki, ailəmin, valideynlərimin təsiri olub, amma ustadlarımın rolu da­nılmazdır. Bunlar vaxtilə Azərbaycan televiziyasının rejissurasının əsasını qoyan insanlar – Arif Babayev, Rauf Kazımovski, Ağaəli Dadaşov, Kamil Rüstəmbəyov olublar. Gənclər ustad sənətkarlardan daim öyrənməyə can atsalar, yaxşı olar. 

– Ustad sənətkarlar dediniz, yada düşdü ki, sizin uğurlu işləriniz­dən biri də “Ustad sözüdür”. Həmin layihədə “Sabah”ın öz dəsti-xətti var, təbii ki, sizin şəxsinizdə. “Us­tad sözü”ndə görkəmli sənətkarlar – rejissorlar, bəstəkarlar, yazıçılar, müğənnilər, heykəltəraşlar öz sənət və həyat təcrübələrini bölüşürlər. Si­zin bu sualıma verdiyiniz cavab da bu sənətə gəlmək istəyənlərə öyüd, nəsihət baxımından yerinə düşdü... Qarşıda tamaşaçılar üçün nə kimi töhfələr hazırlayırsınız? 

– Vaxtı ilə biz “Sabah” yaradıcılıq birliyində “Fatehlərin divanını” səh­nəyə qoymuşduq. Çox böyük layihə idi. O davam etməli, bəlkə də bu günlərədək gəlib çıxmalı idi. Lakin biz onun 4 seriyasını çəkəndən son­ra o vaxtkı rəhbərlik mane oldu, im­kan vermədilər bu işi davam etdirək. Amma illər keçdi, bu layihə yeni rəh­bərliyin diqqətini cəlb etdi və mənə “Fatehlərin divanı”nın davamının çə­kilməsi ilə bağlı təklif gəldi. Təbii ki, yeni zamana, hazırkı dövrə uyğun. Azərbaycanın hazırkı gündəmindən çıxış edərək həm siyasi, həm də tarixi yanaşma ilə “Fatehlərin divanı”nın da­vamını çəkməyi düşünürük. Bu yaxın­larda çəkilişlərə başlamalıyıq. XX əsrin əvvəllərində Azərbaycanda baş verən inqilabi, ictimai-siyasi dəyişiklik­lər, taleyüklü böyük hadisələr və dövrə aid fərqli düşüncələri nümayiş etdirə­cəyik. Əslində, bugünün mənzərəsi məhz oradan başlayır. Vaxtında gö­rülən doğru işlər, buraxılan səhvlər la­hiyədə öz əksini tapacaq. 1918–1920-ci illərdə Azərbaycanda cərəyan edən hadisələr əsas mövzü olacaq. Ola bilsin ki, 2 hissədən ibarət 4 seriyalı bir iş olsun (müəllif İlqar Fəhmidir). Orada Qərbi Azərbaycan motivi də var. Ermənilərin Qərbi Azərbaycanda məskunlaşdırılması, sonradan İrəvan şəhərinin Ermənistana verilməsi, on­ların orada respublika yaratması və s. 

Janr müxtəlifliyi baxımından başqa layihələrimiz də var. Onlardan biri Ka­mal Abdullanın “Əsgərağa və Gülçöh­rə” əsərinin ekranlaşdırılması olacaq. Burada Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərinin qəhrəmanlarının sonrakı həyatından bəhs edilir. Artıq kastinq bitib, hazırlıq gedir. İnşallah, yanvar ayından onun da çəkilişləri baş­lanacaq. 

Digər layihəmiz isə silsilə yumoris­tik proqramlar olacaq. Şərti adı “Or­dan-burdan”dır. Sevilən personajlar, vaxtı ilə teleməkanda görünən, müxtə­lif əsərlərdə yer alan obrazları can­landırmış aktyorların ifasında onların yenidən canlandırılması ilə bağlı bir iş görülür. Orada da hazırlıq prosesləri tamamlanmaqdadır və sentyabrdan çəkilişlərə başlayacağıq.

Bundan əlavə, yeni filmlər üzərində də işləyirik, artıq 3 istiqamətdə razılıq əldə etmişik. Nədir bu filmlər? – Azər­baycanda sevilən aktyorların ifalarında kiçik filmlər. Orada Rasim Balayev, Mə­bud Məhərrəmov, Cəfər Namiq Kamal, İlham Namiq Kamal var. Bunlar poten­sialı tükənməyən, içləri dolu yaradıcı insanlardır. Ssenarilərin bəziləri artıq yazılıb. 

– Maraqlı müsahibə üçün təşək­kür edir, sizə yeni uğurlar diləyirik. “Sabah”dan yeni sabahlarda sənət yenilikləri gözləyirik. 

 

Söhbəti apardı:
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


Müsahibə