“Taxıl sazişi”nin bərpası imkanları müzakirə edilir

post-img

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, o, BMT-nin Baş katibi Antonio Quterreşlə telefonla danışıb və taxıl sazişinin bərpası məsələsini müzakirə edib: “Qara dəniz taxıl təşəbbüsü qorunmalıdır. Biz cənab Quterreşlə Qara dənizdəki marşrutlar vasitəsilə ərzaq təhlükəsizliyini və ərzaq təchizatını bərpa etmək üçün birlikdə və məsul dövlətlərlə işləmək barədə razılığa gəldik”.

Ukrayna lideri daha əvvəl bildirmiş­di ki, Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Taxıl sazişi”ni və ya onun alternativini Rusiya Federa­siyasının iştirakı olmadan üçtərəfli for­matda davam etdirilməsi təklifi ilə rəsmi mesajlar göndərib. O deyib: “Bizim iki razılaşmamız vardı: Ukrayna, Türkiyə, BMT; digər razılaşma isə Rusiya, Tür­kiyə, BMT-dir. Ona görə də Rusiya işti­rakını dayandırdığını deyəndə BMT-nin Baş katibi Quterreş və Prezident Ərdo­ğanla razılaşmalarını pozur, bizimlə yox. Rusiya ilə bizim heç bir razılaşmamız olmayıb.

... Rusiyanın iştirakı olmadan belə, hər şey edilməlidir ki, Ukrayna Qara də­niz dəhlizindən istifadə edə bilsin”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ər­doğan Körfəz səfərində çıxışında taxıl dəhlizi prosesinə toxunub: "Rusiya ilə Ukrayna arasındakı müharibənin daha çox dağıntılara və göz yaşlarına səbəb olmaması üçün böyük səylər göstəririk. İlk gündən deyirik ki, müharibənin qalibi, sülhün uduzanı olmaz

Qara dəniz təşəbbüsü sayəsində dünya bazarlarına 33 milyon tondan çox taxıl məhsulları göndərilib. Beləliklə, bir çox kasıb ölkələrin ərzaq böhranı yaşa­masının qarşısı alındı. Biz Qara dəniz təşəbbüsünün davam etdirilməsinə ver­diyimiz əhəmiyyəti müxtəlif vəsilələrlə ifadə etdik. Son günlərdə diplomatik səylərimizi gücləndirdik. İnanıram ki, dostum Putin bu humanitar körpünün davam etməsini istəyir. 

Mən səfərimdən qayıdan kimi cənab Putinlə görüşəcəyəm. Avqust ayında onunla ölkəmizdə görüşəndə bütün bu məsələləri müzakirə edəcəyik. Rusiya taxılının və gübrəsinin daşınmasına yol açmaq üçün necə hərəkət edə biləcəyi­mizi də məsləhətləşəcəyik”.

ABŞ Dövlət katibi Entoni Blinken də “Taxıl sazişi”nə toxunub: “Kollektiv Qərb və Kiyev Qara Dəniz Taxıl Təşəb­büsünün dayandırılması kontekstində Ukraynadan ərzaq ixracı imkanlarını nəzərdən keçirəcək. Biz baxacağıq ki, Ukraynanın kənd təsərrüfatı məhsulla­rını dünya bazarına çıxarmağın başqa yollarını tapmaq üçün daha nələr etmək olar. Lazımi həcmdə yüklərin dəmir yolu və avtomobil yolu ilə daşınması da bu­raya daxildir”.

Eyni zamanda o, Rusiyanın tutduğu mövqeyə görə belə planların həyata ke­çirilməsinin çətin olacağını etiraf edib:“Rusiyanın taxıl sazişindən çıxmaq qə­rarı alternativ yolların axtarışına mənfi təsir göstərə bilər, çünki Moskva Ukray­nadan hər hansı ixracın əleyhinə olarsa, digər ölkələr və şirkətlər gəmilərinin və işçilərinin başına nə gələcəyindən çox narahat olacaqlar”.

Daha sonra Blinken verdiyi açıqla­mada, ABŞ administrasiyasının Rusi­ya hökumətini dərhal sazişə yenidən nəzərdən keçirməyə, danışıqları bərpa etməyə, taxıl müqaviləsinin müddəala­rını uzatmağa, genişləndirməyə və tam şəkildə həyata keçirməyə çağırdığını bildirib.

Xatırladaq ki, iyulun 17-də Moskva Ankaraya, Kiyevə və BMT-yə taxıl sazi­şinin uzadılması ilə bağlı etirazını gön­dərib. RF XİN bəyan edib ki, Kreml taxıl sazişinin bərpası məsələsini yalnız razı­laşmanın Rusiyaya aid hissəsi reallaşa­cağı halda nəzərdən keçirə bilər.

P. ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya