Atırau – Turanın çay kənarındakı cazibədar şəhəri

post-img

... Mən 1978-ci ildə Qazaxıstanın Şevçenko (indiki Aktau) şəhərinə gedəndə atam demişdi ki, oraya vaxtilə sürgün edilmiş azərbaycanlılarla görüşməli olsan da, onların xatirələrinə, söhbətlərinə çox qulaq asma. Onlar dözülməz məşəqqətlər yaşayıblar, sənin isə ürək problemin var. Olan olub, keçən keçib. Bu, Stalin əzablarını yaşamış insanların canına hopmuş xatirələrə bələd olan fərdin dəhşətli düşüncələri idi.

İndi gedəndə isə oğlum Sadiq dedi ki, oraya sürgün edilmiş soydaşlarımızın hansınınsa məzarını ziyarət elə. Savab­dır. Amma belə bir imkan olmadı. Çünki sürgün edilənlərimiz Qazaxıstanın sərt iqlimli ərazilərinə göndərilmişdilər ki, dözməyib qırılsınlar. Atırauda isə insanı belə ağır sınağa çəkəcək hansısa şərait yoxdur. Yeri gəlmişkən, orada olduğum günlərdə hərarətin 29 dərəcədən yuxarı qalxdığını görmədim. 

... Sürgün olunanlar demişkən, o gü­nahsız insanların xatirəsini ehtiramla an­maq borcumuzu daim yerinə yetirir, bəşər övladına çoxsaylı məşəqqətlər yaşatmış şər qüvvələri lənətləməklə kifayətlənirik. Çox təəssüf ki, həmin şər qüvvələr hələ də öz əməllərini davam etdirirlər. Atı­rau bu gün də o bəd əməllərin yaratdığı ekoloji böhranın içərisindədir. Bu barədə sonrakı yazılarda söz açacağıq. Nə yaxşı ki, bu gün dünya kifayət qədər fərqli is­tiqamətə doğru gedir.

... Hər şeydən əvvəl, mənim bu səfərimin uğurla başa çatmasına göstər­dikləri dəstəyə görə Azərbaycanın Akta­udakı baş konsulu vəzifəsini icra edən (bu konsulluq dairəsinə Qazaxıstanın Mangistau, Atırau, Aktyübinsk və Qər­bi Qazaxıstan vilayətləri daxildir.) Elçin Məmmədova, Atıraudakı “Novruz” Azər­baycan Milli-Mədəni Mərkəzinin rəhbəri Eldar Əhmədova, şəhər haqqında daha çox məlumat almağıma vasitəçi olmuş həmkarım, “Ak Jayık” qəzetinin əmək­daşı, hazırda başqa bir müəssisənin pi­ar-meneceri kimi də fəaliyyət göstərən Zülfiyyə xanım İskaliyevaya təşəkkür edirəm. 

Təbii ki, yazının əvvəlində Atırau şəhəri barədə bəzi məlumatları yada salmaq lazımdır. Qazaxıstanlı həmkarım danışdı ki, Rusiyanın Yaroslavl şəhə­rindən olan Quryev familiyalı bir tacir 1640-cı ildə bu ərazidə yaşayan Noqay xanına ağac evlərin tikilməsi üçün vəsait veribmiş. Bu istək yerinə yetirilib və ağac evlər şəhərinə tacirin adı verilib. 1991-ci ilə qədər Quryev adlandırılan bu şəhər həmişə özünün neft hasilatı və balıqçılıq təsərrüfatlarına görə diqqət mərkəzində olub. Burada istehsal olunan qara kürü SSRİ-nin hər yerinə göndərilirmiş. Təbii sərvətlərlə zəngin olan bütün şəhərlər kimi Atırau da həm çar dövründə, həm də sovet dönəmində hər cür inkişafdan geri qalırmış. 

Qazaxıstanın Atırau vilayətinin mərkəzi olan bu şəhər son otuz ildə bü­tün tarixi boyu qazana bilmədiyi inkişaf səviyyəsinin beş-on qatına nail olub. Bu­rada davam edən tikinti-quruculuq işləri baxanı heyran edir. Bunun da əsas səbə­bi əcnəbi şirkətlərin və iş adamlarının ma­neəsiz fəaliyyətinə zəmin yaradılmasıdır. Dünyanın məşhur şirkətlərinin böyük əksəriyyəti haqqında müəyyən qədər məlumatım var. Atıraunun müasirləşmə­si, nkişafı sahəsində onların gördüyü işlərin şahidinə çevrildim. Həmin üç-dörd gündə, bəlkə də, əlli-altmış ölkənin təm­silçiləri ilə rastlaşdıq. 

Burada Qızıl Orda dövründə yaran­mış, qədim şəhər ənənələrinin nümunəsi kimi qorunan Sarayçik memorial-kompleksi, Təbaşir dövrünün əlamətlərini yaşadan ağappaq qayalar, ağ mağaralar, Ağ məscid, vilayət tarix-diyarşünaslıq muzeyi, ötən əsrin əvvəlində Araltəpə ərazisindəki kurqanda aşkar edilmiş – eramızdan əvvəllərə aid “qızıl insan”ın qalıqları və digər maraqlı məkanlarla görüşmək mümkündür. Bütün bunlarla yanaşı, Atıraunu qurub yaradanların son onilliklərdə ərsəyə gətirdikləri “görmə­li yerlər” də, sözün həqiqi mənasında, heyranedicidir. 

Ötən yazıda qeyd etmişdik ki, Ural (Ak Jayık) çayı Avrasiyanı iki qitəyə bölür. İndi isə əlavə edirik ki, bu çay, həm də Atıraunun iki qitənin ərazisində olduğunu sübut edir. Çayın üzərində 6 avtomobil, bir dəmir yolu və bir piyada körpüsü var. Yerli sakinlərdən biri ilə söhbətdə dedim ki, mən qısa müddətdə dörd avtomo­bil və bir piyada körpüsünün üstündən keçən qonaq kimi rekord qazandım. Həmsöhbətim əlavə etdi ki, həmin körpü ən uzun piyada keçidlərindən biri kimi Ginnesin rekordlar kitabına düşüb. Yəni onlarca belə ünvan var və Qazaxıstanın müstəqillik qazanmasından sonra Atırau­da ərsəyə gələn görməli yerləri saymaqla qurtaran deyil. 

Mən isə Azərbaycanla bağlı ünvan­lara üstünlük verdim. Bizim mətbuatda Atıraudakı “Novruz” Azərbaycan Mil­li-Mədəni Mərkəzi və orada keçirilən tədbirlər barədə çox yazılıb. Odur ki, həmin mərkəzi görmək səfər planımın mühüm istiqamətlərindən idi. Getdim və gördüm. Mərkəzinin rəhbəri Eldar Əh­mədov, sözün həqiqi mənasında, əsl azərbaycançıdır. Onun ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası və Prezi­dent İlham Əliyevin Azərbaycanı bütün dünyanın diqqət mərkəzinə çıxarması barədə söylədiyi fikirləri qəzetimizin növ­bəti saylarından birində oxuculara təq­dim edəcəyik. 

“Novruz” Azərbaycan Milli-Mədəni Mərkəzi çoxprofilli, 50-dən artıq ixtisas üzrə təhsil verən Xalel Dosmuxammedov adına Atırau Dövlət Universitetinin iqtisa­diyyat və hüquq fakültələri Korpusunda fəaliyyət göstərir. Orada Azərbaycan – Qazaxıstan əməkdaşlığının və qardaşlı­ğının tarixi, bu günü və gələcəyini özün­də ehtiva edən çoxsaylı tədbirlər keçirilib. Həmin tədbirlərin əksəriyyətində univer­sitet rəhbərliyi ilə yanaşı, Qazaxıstanda­kı səfirimiz və Aktaudakı konsulumuzla yanaşı, Türkiyə diplomatları, Qazaxıstan rəsmiləri və yerli ziyalılar da iştirak edir­lər. 

Burada təkcə ulu öndərin 100 illiyi münasibətilə deyil, ümumiyyətlə, Heydər Əliyevin anadan olmasının ildönümləri ilə bağlı müxtəlif tədbirlər keçirilməsi ənənə­si formalaşdırılıb. Bundan başqa, milli və dini bayramlarda, eləcə də, əlamətdar günlərdə “Novruz” cəmiyyəti Atırauda və bu vilayətin digər şəhərlərində yaşayan soydaşlarımızın yanında olur. Fikrimcə, həmin mərkəzin çoxsayl qonaqları sıra­sına “Xalq qəzeti” əməkdaşının adının yazılması da qənaətbəxş haldır. 

... Çörəyim qələmdən çıxsa da, ürə­yim mədəniyyətdən, incəsənətdən “çıxa bilmir”, daha doğrusu, ayrıla bilmir. Ona görə də oteldə yerləşəndən dərhal sonra ilk üz tutduğum ünvan Maxambet Ute­misov adına Vilayət Akademik Qazax Dövlət Dram Teatrı oldu. Təəssüf ki, iş günü və teatr mövsümü olmadığına görə rəhbərlikdən və ya yaradıcı heyətdən ki­minləsə görüşə bilmədim. Daha bir dəfə getməyə isə vaxt yox idi. Sadə işçilərdən biri mənim Azərbaycandan olduğumu biləndə fəxrlə dedi ki, bizim teatrda si­zin Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsəri oynanılanda həmişə anşlaq olur­du: “ O, yaxşı bəstəkar və Azərbaycanın dərd-sərini dərindən bilən vətəndaş olub. Allaha şükür ki, türkdilli ölkələrdə belə adamlar az deyil”. 

Teatrda hansı vəzifəni yerinə yetir­diyini deməyən (əslində, mən də israr etmədim), özünü “prostoy sotrudnik” ad­landıran bu həmsöhbətin Azərbaycanın görkəmli yaradıcı ziyalısı haqqında belə danışması, üstəlik, onu türkdilli ölkələ­rin təmsilçilərindən adlandırması, sözün həqiqi mənasında, qeyrət nümunəsi idi. Qeyrətdən söz düşmüşkən, öyrəndim ki, 1938-ci ildən fəaliyyət göstərən bu teatrın dövlət mükafatı almış və fəxri adlarla təltif olunbmuş əməkdaşları ara­sında on nəfər “Mədəniyyət qeyrətkarı” (“Мәдениет қайраткері”) döş nişanına layiq görülüb.

Həmsöhbətim mənim həm teatrın möhtəşəm binası önündə, həm də bi­nanın qarşısındakı meydanda qazax xalqının görkəmli ədəbiyyat və mədə­niyyət xadimlərinin xatirəsinə ucaldılan heykəllər kompleksinin arasında foto şəklimi çəkdi. Amma onun sonda dediyi ifadə Bakıda işlədilsə, qətiyyən müsbət qarşılanmazdı. Mən sağollaşıb ayrılanda dedi: “Azərbaycana rəhmətlər olsun!”. Yəni salamlar olsun.

Növbəti ünvanı görmək də əsas məqsədlərimdən idi. Buradakı “İsatay və Maxambet meydanı” haqqında çoxdan eşitmişdim. Ona görə də teatr binasından ayrılan kimi birbaşa oraya getdim. İlk sa­lamlaşdığım İkbal adlı cavan oğlan mənə bələdçilik etdi. Xalel Dosmuxammedov adına Atırau Dövlət Universitetinin məzu­nu idi. Onun həm insan kimi rəftarı, həm də öz millətinin tarixini, mədəniyyətini sevərək təbliğ etməsi bir vətəndaşlıq nü­munəsi, türk əxlaqı idi. Danışdı ki, xalq qəhrəmanları olan İsatay Taymanov və Maxambet Utemisov 1836-1838-ci illərdə Qərbi Qazaxıstanda kasıbların üsyanına rəhbərlik etmiş liderlər idi. Onlar xəncər və qılınclarla vuruşsalar da, top-tüfəng­lə silahlanmış rus ordusu ilə döyüşlərdə dəfələrlə qalib gəlmişdilər. Bu xalq qəhrə­manları qazax xalqının dönməzliyini və birliyini sübut edən çoxsaylı əməliyyat­lara imza atmışdılar. Ancaq çar ordusu sadə, köçəri qazax xalqını bu yerlərdən qovmaq istəyindən əl çəkmirdi.

İkbal danışdı ki, İsatay və Muxam­betin özlərindən dəfələrlə güclü olan or­duya qalib gəlməsinin çox səbəbləri var idi. Həmin səbəblərdən biri də onların öz döyüşçülərinə Quranın surələrini ye­rinə yetirərək işğalçıya qarşı çıxdıqlarını sübut etmələri idi. Onu da əlavə etdi ki, şair Maxambet Utemisov üsyana qədərki dövrdə Cahangir xanın sarayında xidmət edirdi. Mən də əlavə etdim ki, Atırauda məskunlaşdığım otel məhz Cahangir xa­nın adını daşıyan küçədə idi.

Bu gün İsatay Taymanov və Maxam­bet Utemisovun xatirələri bütün Qazaxıs­tanda hörmətlə anılır və ehtiramla yad edilirlər. Onların adına parklar, küçələr salınıb, abidələri ucaldılıb. UNESCO 2003-cü ili şair Maxambet Utemisovun 200 illik yubileyi münasibətilə “Maxambet ili” elan etmişdi. Həmin il məhz mənim bu fotoda qarşısında dayandığım abidə ucaldılmışdı. 

Həmin gün baş çəkdiyim başqa bir ünvan isə dini dəyərlərimizlə bağlı idi. Vilayətin baş ibadət yeri olan İmanqa­li məscidi Atıraunun gözəlliyinə həqiqi bir memarlıq naxışı vurur. Şəhərin tam mərkəzindəki məscidin hər iki tərəfində ucaldılan 26 metr hündürlüyə, yeddi metr diametrə malik cazibədar minarələri şəhərin müxtəlif yerlərindən görünür. Bu­rada eyni vaxtda 600 adam namaz qıla bilir. Qadınlar üçün 100 yerlik kiçik zal var. Sakinlərin fikrincə, Atırauya gələn qonaqların ən çox üz tutduğu ünvanlar­dan biri də buradır. Diqqətçəkən əsas məqamlardan biri də İmanqali məscidinin həndəvərində üç kilsənin olmasıdır. Bağ­dad, Tehran, Təbriz və Urmiyadan fərqli olaraq, burada erməni kilsəsi görmədim. O da maraqlı oldu ki, bu ünvanda mə­nim fotomu öz telefonumla hansısa qa­zax yox, səmərqəndli Sədrəddin müəllim çəkdi.

İkinci yazının sonunda xatırladım ki, mən Atırauya xüsusi tapşırıq və ya eza­miyyə ilə deyil, şəxsi səfərə getdiyimə görə, rəsmi qurumların heç biri ilə əlaqə saxlamadım. Ancaq buna baxmayaraq, səfər təəssüratlarım böyükdür və onların bəzilərini qəzetimizin növbəti saylarında oxuculara təqdim edəcəyik. 

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”,
Qazaxıstan, Atırau şəhəri







Sosial həyat