Türk yazıçısı Ulu öndəri sevgi ilə xatırlayır

post-img

“Ümummilli lider Heydər Əliyevin natiqlik qabiliyyəti, ətrafındakı insanlara göstərdiyi diqqət insanda heyrət yaradırdı. Mən Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyəyə birləşdirən “Ümid” körpüsünün açılışında bütün bunların şahidi olmuşam”. Ulu öndər, Türk dünyasının lideri Hüydər Əliyevi sevgi ilə xatırlayan Türkiyədə fəaliyyət göstərən İqdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin, eləcə də İqdır–Azərbaycan Evinin sədri, tədqiqatçı-yazıçı Ziya Zakir Acar daha sonra bildirib:

–Ötən əsrin 90-cı illərinin əvvəllərində ağır durumda olan Naxçıvana rəhbərlik edən Heydər Əliyev və Türkiyənin doqqu­zuncu Prezidenti Süleyman Dəmirəlin iştirakı ilə “Ümid” körpüsünün açılış mə­rasimində iştirakımı həmişə xoş duyğu­larla xatırlayıram. Həmin gün təkcə qəlbi həsrətlə çırpınan insanlarımız deyil, uzun illərin ayrılığından sonra doğma torpaqla­rımız da yenidən bir-birinə qovuşurdu. Bu körpünün tikintisinin gündəmə gətirilməsi təkcə uzaqgörənlik deyil, eyni zamanda, vətənsevərliyin, türk dünyasının gələcəyi naminə zamanı qabaqlamaq qabiliyyəti­nin nişanəsi idi.

“Ümid” körpüsünün adı özündə bö­yük bir tarixi yaşadırdı. Belə bir tarixi mərasimin aparıcısı olmaq şərəfli olduğu qədər də bütün mənalarda məsuliyyətli idi. Ümummilli lider Heydər Əliyevlə ün­siyyətdə olmaq həyatımın ən unudulmaz səhifələrindən biridir. Türk dünyasının iki böyük liderinin Araz çayı üstündən səsləndirdiyi çağırışlar təkcə türk dün­yasının yox, bütün Avrasiyanın gələcək taleyi üçün böyük ümidlər yaradırdı. Hə­yat göstərdi ki, Naxçıvan kimi, Türkiyənin şərq bölgəsinin sosial-iqtisadi inkişafı da məhz “Ümid” körpüsünün açılışından sonra sıçrayış götürüb.

Türkiyədə Azərbaycana olan həsrətin, Ermənistanın işğalçılıq niyyətləri əsasın­da yaranmış bütün narahatlıqların ümum­milli lider Heydər Əliyevin Naxçıvanda rəhbərliyə gəlməsi sayəsində tədricən çəkildiyini, insanlarda gələcəyə olan ümid və inamın artdığını xatırladan Ziya Zakir Acar deyib:

–Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevlə sabiq Türkiyə Prezidenti Süleyman Dəmirəl arasında dostluq və qardaşlıq münasibətləri, Türk dünyasının iki böyük liderinin bir-birilərinə göstər­dikləri sonsuz hörmət və ehtiram hər iki ölkədə böyük məmnunluqla qarşılanırdı. Bu iki tarixi şəxsiyyətin “Ümid” körpüsü­nün açılış mərasimindəki dərin məzmunlu nitqləri bir tərəfdən insanları ümidsizlik­dən qurtulmağa həvəsləndirirdisə, digər tərəfdən də mübarizəyə səsləyirdi. 

Budur, indi Azərbaycan və Türkiyə­nin birgə liderliyində bütün türk dünyası birləşir, həmrəyliyimiz hər kəsə örnəkdir. Liderlərimizin 30 il əvvəl “ayrılıq” çayı üs­tündə səsləndirdikləri çağırışlara indi Ara­zın o tayından daha aydın qarşılıq verilir. Heydər Əliyevin yaratdığı təməllər xalqla­rımızı bir-birinə daha möhkəm bağlayır.

“Xalq qəzeti”

Sosial həyat