Haqq və ədalət Azərbaycanın tərəfindədir

post-img

Xəbər verdiyimiz kimi, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd edib. Birmənalı şəkildə deyə bilərik ki, İrəvanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlərinə baxılmaması və onların yekdilliklə rədd edilməsi Azərbaycan diplomatiyasının uğurudur. Bakı ali femidaya təqdim etdiyi fakt və sübutlarla əsl həqiqəti ortaya çıxardı və ədalətli qərarın verilməsinə nail oldu. Beynəlxalq Ədalət Məhkəməsinin son qərarı: “Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbi əsassızdır”. Bununla bağlı Azərbaycan XİN ayrıca bəyanat yaydı. 

* * * 

Zəfərimizlə başa çatan Vətən müharibə­sindən sonra bölgədə və beynəlxalq platfor­malarda söz sahibinə çevrilən rəsmi Bakı­nın ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı kontekstində diktə etdiyi si­yasi gündəlik davamlı şəkildə öz bəhrəsini verməkdədir. Azərbaycanın Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərindəki körpüdə nəzarət-buraxılış məntəqəsini qur­ması əvvəlcədən qəbul etdiyi qərarın, ortaya qoyduğu siyasi iradənin və prinsipiallığın nə­ticəsidir. Yəni, İrəvandan fərqli olaraq Bakı daim dediyi sözün, verdiyi vədin arxasında­dır. Haylarda bizə qarşı qıcıq yaradan səbəb­lərdən biri də məhz xoşniyyətli, dürüst və ədalətli olmağımızdır. Təəssüf ki, ermənilər bu kimi normal insani keyfiyyətlərdən məh­rum, utopik xəyallarının gerçəkliyə çevrilə­cəyinə inanan, yarımçıqlıq kompleksindən əziyyət çəkən xəstə bir toplumdur. İrəvan iqtidarının diplomatik fəaliyyəti də bu xislə­tin inikasıdır desək, yanılmarıq. Xüsusilə son iki-üç ildə müşahidə etdiyimiz Ermənistan diplomatiyasının hər vasitə ilə Azərbaycanı ləkələmək, beynəlxalq nüfuzumuza və imici­mizə zərbə vurmaq kimi xəbis niyyətləri elə niyyət olaraq qalır. Əslində, İrəvanın Bey­nəlxalq Ədalət Məhkəməsinə müraciətləri Azərbaycanın Ermənistanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulmasına qarşı həyata keçirilən genişmiqyaslı kampa­niyanın tərkib hissəsi idi. BƏM-in bu qərarı hayların təxribatçı kampaniyasını darmada­ğın etdi. İrəvan bu kimi addımları atmaqla nüfuzlu beynəlxalq təşkilatlarda özünün riya­kar və yalançı olduğunu sübuta yetirir. Son nəticədə gözdən və nüfuzdan düşür. Yalanla­ra, təhriflərə, bir çox hallarda isə şər-böhta­na söykənən hayların diplomatik fəaliyyəti birinci dəfə deyil iflasa uğrayır. Ötən ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri əsas gətirərək Ermənistanın 7 dekabr 2021-ci il tarixli məh­kəmə qərarına dəyişiklik edilməsi barədə tələbini rədd etmişdi.

* * *

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri, siyasi ekspert Fərid Şəfi­yev hesab edir ki, Azərbaycan üçün bu qərarın ən önəmli tərəfi aprel ayında şərti sərhəddə qurduğumuz nəzarət-buraxılış məntəqəsi ilə bağlı yeni hökmün olmamasıdır: “Yəni, bunu belə qəbul etmək lazımdır ki, bu, bizim bey­nəlxalq hüququmuzdur. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın müraciətinə reak­siya verməyib. Bəli, bu, Azərbaycanın qələ­bəsidir. Düzdür, hər iki tərəf məsələni fərqli şəkildə interpretasiya edir. Ermənilər iddiala­rında Laçın yolunda hərəkətin azad və sərbəst olmasını qeyd ediblər. Biz də öz tərəfimizdən deyirik ki, bu yolda hərəkət üçün hər cür şə­rait yaratmışıq, Qarabağda yaşayan ermənilər məntəqədən sərbəst şəkildə keçə bilirlər. Bəli, birincisi, sərhəd-keçid məntəqəsinin yaradıl­ması suveren Azərbaycanın müstəsna hüququ idi. İkincisi, həmin yoldan daşınan yüklərə, keçən insanlara nəzarət etmək hüququmuzu beynəlxalq hüququn özü də tam dəstəklə­yir”. Ekspert onu da vurğuladı ki, məhkəmə­nin fevral qərarında hüquqi baxımdan bizim üçün, qismən də olsa, təhlükəli məqamlar var: “Həmin məqamlar bütünlüklə aradan qaldırıl­masa da, əsas uğurumuz aprel ayında sərhəd məntəqəsini açmaqla yeni bir mərhələyə qə­dəm qoymağımızdır. Məhz Laçın sərhəd pos­tu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ən böyük uğurumuzdur”.

BƏM-ə müraciətlərinin aqibətinin belə olacağını təkcə Hayastan deyil, onun böyük bacılığı Fransa da gözləyirdi. Yəni, belə bir qərar çıxarılacağını, bu beynəlxalq müstəvi­də də canfəşanlığının səmərəsinin olmayaca­ğını rəsmi Paris öncədən bilirdi. Məhkəmə­nin məlum qərarından dərhal sonra Fransanın xarici işlər naziri Ketrin Kolonnanın erməni həmkarı Ararat Mirzoyana zəng edib təsəlli verməsi də tamamilə başadüşüləndir. 

Öz ərazisində sərhəd-keçid məntəqəsi qurmaq hər bir dövlətin suveren hüququdur. Beynəlxalq Ədalət Məhkəməsinin borcu həmin hüququ ratifikasiya etməkdir. Amma keçmişin acı təcrübəsi onu göstərir ki, bey­nəlxalq məhkəmələr bəzən “böyük güclərin” təsiri altında ədalətsiz qərarlar qəbul edə bilirlər. Yəni, məhkəmələrin bu və ya digər məsələyə, prosesə qərəzli yanaşma sərgilədi­yi nümunələr də var. Belə hallara daha çox Avropa İnsan Haqları Məhkəməsinin təcrü­bəsində rast gəlirik. Burada qəbul edilən qə­rarlara təsir etməyə cəhdlər göstərən ölkələr­dən biri də Fransadır. 

* * * 

Məhz böyük güclərin çeşidli təzyiqləri altında ədalətsiz qərarların verildiyini nəzərə alsaq, BƏM-in Laçın yolu ilə bağlı qərarını Azərbaycanın uğuru kimi dəyərləndirmək olar. Paris hər vəchlə çalışırdı ki, Ermənis­tanın yersiz və qanunsuz iddiası öz təsdiqini alsın. Amma bu, baş tutmadı. Necə ki, onun Azərbaycanın əleyhinə iki dəfə – BMT-də və fransızdilli ölkələrin zirvə toplantısında ha­zırladığı sənəd ləğv olunmuşdu.

“Bu, böyük bir dönüş yarada biləcək hadisədir. Ermənilərin yalan və iftira mas­sivinin çox böyük olduğunu bilirik. Yüz il boyu gördükləri işlərin bəhrəsidir. Onlar fantaziyaları hesabına, nağıl və əfsanələr quraşdırmaqla özlərini qədim tarixə, zən­gin potensiala malik millət kimi dünyaya sırımağa çalışırlar. Amma ən azı Azərbay­can torpaqlarında törətdikləri vəhşilikllər onu göstərir ki, bunlar heç də o qəbildən deyillər”, – deyən politoloq Tofiq Abba­sov hesab edir ki, BƏM-in çıxardığı qərar Azərbaycanın beynəlxalq qaydalara uyğun fəaliyyət göstərdiyini, heç bir qanunverici aktı pozmadığını bir daha təsdiqlədi: “Bu, ermənilərin özünüifşa prosesinin başlanğıcı kimi olduqca vacib məsələdir. Özümüzdən daha çox beynəlxalq birlik, beynəlxalq ins­titututlar üçün vacibdir. Çünki onlar bir çox hallarda erməni təbliğat maşınının təsiri al­tına düşməklə bizim imicimizə, nüfuzumu­za kölgə salmaqla, qarayaxma ilə məşğul idilər. Həmin prosesdə beynəlxalq birliyin bəzi qüvvələri hayların yalançı həqiqətlərinin arxasınca gedirdi. İndi biz düz işləməyin, qa­nunlara riayət etməyin nə dərəcədə vacib ol­duğunu gördük. Həm müharibəyə qədər, həm də müharibədən sonra, demək olar ki, yanlış addım atmamışıq. Məramımız kimi, bütün hərəkətlərimiz doğru, qanuni və ədalətli olub. Bu hərəkətlərdən nə bölgədəki qüvvələr, nə də beynəlxalq birlik inciyə bilər”.

Ermənilərin Qarabağda blokada, etnik soyqırımı kimi hay-küylərinin sabun köpü­yü kimi partladığını deyən ekspert T.Abba­sov onların ağ yalanı informasiya məkanına translyasiya etdiklərini, amma bunun heç bir fayda gətirməyəcəyini əminliklə bildirdi: “Belə düşünürəm ki, biz ciddi dönüş yarada bildik. Ona görə də Azərbaycan diplomatiya­sının bu addımı son dərəcə əhəmiyyətlidir. Həm də onu göstərir ki, bölgədə həqiqətən də sabitliyin, təhlükəsizliyin və əmin-amanlığın təminatçısı Azərbaycandır. Ermənilər isə hə­mişə yedəkdə gediblər”. 

* * * 

Beynəlxalq Ədalət Məhkəməsinin Ermə­nistanın vəsatətini təmin etməməsi həm də naxələf və bədnam qonşularımızın Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı 1988-ci ildən başlayan “Miatsum” layihəsinin sona çatması deməkdir.

Ermənilərin “Laçın yolu davası”nın fias­koya uğrayacağı həm hüquqi, həm məntiqi, ilk növbədə isə beynəlxalq qayda və standart­lar baxımından əvvəlcədən bəlli idi.

Ermənistanın sistemli şəkildə istər Beynəlxalq Ədalət Məhkəməsi, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsi kimi nüfuzlu hüquqi təsisatın imkanlarını və qərarlarını həyasızcasına manipulyasiya etmək cəhdlərini davam etdirdiyinə diqqə­ti çəkən politoloq Yeganə Hacıyeva onun Azərbaycanın suveren ərazilərində konstitu­siyanın tələbləri, şərtləri əsasında atdığı legi­tim addımını BƏM-də mübahisələndirməyə baş vurmasının fiaskoya uğramasını tam məntiqi sayır:

“Bu, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinin ardı kimi beynəlxalq müstəvidə hüquqi alətlərdən yararlanmaq təşəbbüsü idi. Yəni, yaratmağa çalışdığı süni gündəmlə Ermənistan Qarabağ münaqişə­sinin əsas səbəblərini təhrif etmək, silahlı birləşmələrinin Azərbaycan torpaqlarında qanunsuz qalmasını, təbii sərvətlərini talama­sını, ekoloji terroru ört-basdır etmək məqsə­dini güdürdü. İrəvanın beynəlxalq hüquqi və siyasi təşkilatlara etdiyi müraciətlər, qaldır­dığı vəsatətlər və iddialar, adəti üzrə, aşkar yalandan başqa bir şey deyil. Ermənistanın siyasi rəhəbərliyinin bir neçə epizod üzrə istər lokal, istərsə də beynəlxalq auditoriya qarşısında BƏM, Avropa İnsan Hüquqları Məhkəməsi kimi nüfuzlu hüquqi təsisatları­nın qərarlarını həyasızcasına manipulyasiya cəhdlərini izləmişik”.

Narahatlıq doğuran məqamın Ermənistan və onun havadarlarının əsassız, beynəlxalq hüquqa zidd addımlarına bəraət qazandır­maq cəhdlərinin olduğunu söyləyən eks­pert qeyd edir ki, bu qərar BƏM tərəfindən Ermənistana rədd etdiyi ilk vəsatət deyil: “İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensi­yanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri göstərən məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişikliklə bağlı tələbini də rədd etmişdi. Bundan başqa, Avropa İn­san Hüquqları Məhkəməsində Ermənistan hökumətinin Azərbaycana qarşı Məhkəmə Reqlamentinin 39-cu Qaydasına uyğun ola­raq Qarabağda hücum əməliyyatlarının da­yandırılması üçün Azərbaycana qarşı öhdəlik yaradan tədbirlər görməyi xahişini, 19 avqust 2022-ci ildə Ermənistanın Azərbaycana qarşı müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair vəsatətini, bu il iyunun 21-də isə həmin məh­kəmə terrorçuluq, dövlət sərhədini qanunsuz keçmək və digər cinayətlərdə təqsirləndirilən iki erməni hərbi qulluqçusu ilə bağlı Ermə­nistanın Azərbaycana qarşı müvəqqəti təmin tədbiri tətbiq edilməsinə dair tələbini rədd edib. Bizim xeyrimizə qəbul olunan hər bir qərar zəhmət və əməyin nəticəsi, zamanında və cəld verilən cavablar, təqdim olunan sü­butlar və əlbəttə ki, bütün bunların hüquqi əsaslandırılması ilə həyata keçirilən sistemli bir fəaliyyətdir”.

* * * 

“Təhlükəsizlik nöqteyi-nəzərindən Laçın nəzarət-buraxılış məntəqəsinin xüsusi əhəmiyyəti var. Çünki bu post fəaliyyətə başlamazdan əvvəl Qarabağa qeyri-qanuni yolla silah-sursat, mina, diversantlar, texnika daşınırdı”, – deyən politoloq İlyas Hüseynov hesab edir ki, sərhəd postunun qurulduğu 23 aprelə qədər Xankəndidəki separatçı rejim Azərbaycanın suveren ərazisində terror yuvası, təhdidlər mərkəzi formalaşdırırdı. Politoloqun fikrincə, bu gün Azərbaycanın siyasi qətiyyəti həm də beynəlxalq auditoriya tərəfindən qəbul olunmuş faktdır: “Əslində, Azərbaycan diplomatiyasının uğurlu siyasi xətti məhz beynəlxalq hüququn fundamental norma və prinsiplərinə söykənir. Bizim suveren hüquqa malik olduğumuz bütün narrativlər artıq dünya ictimaiyyəti tərəfindən qəbul olunur. Bu, rəsmi Bakının yeritdiyi məqsədyönlü, ardıcıl siyasətin nəticəsidir. Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq platformalarda, qarşısında çıxış etdiyi auditoriyalarda regional siyasətə dair müfəssəl, geniş məlumatlar verir. Sonra həmin məlumatlar real nəticəyə çevrilir. Artıq mühüm mübahisələrin həll olunduğu Beynəlxalq Ədalət Məhkəməsi də Azərbaycanın mövqeyini dəstəkləyir. Beynəlxalq femida qarşı tərəfin vəsatətini rədd etməklə həm də beynəlxalq hüquqa hörmətini ifadə etmiş oldu”. Beynəlxalq Ədalət Məhkəməsinin qərarı beynəlxalq hüquqdan irəli gələn tələblərin icra olduğunun sübutudur. Heç kəsə sirr deyil ki, bugünədək Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bölgəyə humanitar yüklərin daşınmasında məhdudiyyət olmayıb. BƏM BMT-nin təməl prinsiplərindəın sayılan hər bir ölkənin suverenliyinin, ərazi bütövlüyünün tanınması üzərində qiymətləndirmə həyata keçirir. Qarabağda yaşayan erməni əsilli vətəndaşların, guya, ayrı-seçkiliyə məruz qalma iddiası ona görə ləğv olundu ki, bu adamlar Azərbaycan vətəndaşlarıdır. Yəni, femidanın çıxardığı qərar həm də onun Azərbaycanın daxili məsələsinə göstərdiyi münasibətin təzahürüdür. Bu baxımdan Beynəlxalq Ədalət Məhkəməsinin qərarı bizdən ötrü özündə hüquqi xarakteri ilə yanaşı, həm də ciddi siyasi uğuru əks etdirir. Eyni zamanda, bu qərar Ermənistanın beynəlxalq hüquq müstəvisində genişləndirməyə çalışdığı kampaniyanın qarşısına sədd çəkdi. Yuxarıda qeyd etdiyimiz kimi, ermənilərin özləri və xəstə təfəkkürlü siyasi hakimiyyəti sülhə gəlməməkdən ötrü min oyundan çıxır. Onların qoca qitədəki havadarları isə Azərbaycanın haqq işinə mane olmaqdan ötrü daha hansı üsullara əl atmaq barədə düşünürlər. Daha alınmayacaq. Çünki artıq dünya gücləri, beynəlxalq təşkilatlar, həmçinin ali femida kimin kim olduğunun fərqindədir. 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”









Siyasət