Fransa yenə də Qarabağ iqtisadi rayonunda yaşayan etnik ermənilərin reinteqrasiyası kimi Azərbaycanın sırf daxili işinə müdaxilə edir. Ölkənin xarici işlər naziri Ketrin Kolonnanın tvitterdəki mikrobloqunda yazdıqları bundan xəbər verir. Xanım nazir bugünlərdə yazıb ki, Fransa Qarabağda (o, haylar kimi, Qarabağ sözünün əvvəlinə “dağlıq” ifadəsini artırmağı da yaddan çıxarmır-S.H.) yaşayan ermənilərin hüquqlarını qorumaqla Ermənistanın Azərbaycanla danışıqlar yolu ilə sülhə nail olmaq istiqamətində səmimi səylərini (?) dəstəkləyir. Daha sonra qeyd edib ki, Fransa ədalət və beynəlxalq hüquqa hörmət naminə öz qüvvələrini səfərbər edir (?).
Burada sual yaranır: Ermənistan sülhün əldə olunmasında nə dərəcədə səmimidir? Ortada olan faktlar İrəvanın sülh istəyində səmimi olmadığını göstərir. Halva-halva deməklə ağız şirin olmadığı kimi, barış, əməkdaşlıq deməklə də sülh əldə olunmur. Bölgədə davamlı sülhün əldə olunması üçün ortaya siyasi iradə qoymaq gərəkdir. Siyasi iradənin mövcudluğu isə hələlik Ermənistan hakimiyyətində müşahidə olunmur. Bugünlərdə 44 günlük Vətən müharibəsinin başa çatmasının iki il səkkiz ayı tamam olur. Ötən müddət ərzində Ermənistanla sülh sazişinin imzalanması istiqamətində danışıqlar aparılsa da, hələlik, yekun nəticə əldə etmək mümkün olmayıb. Bunun da təqsirkarı, birmənalı olaraq, rəsmi İrəvandır. Haylar iki ölkənin şərti sərhədində vaxtaşırı təxribatlar törədir, danışıqlar prosesində yeni-yeni əsassız tələblər irəli sürür, prosesi hər vəchlə pozmağa çalışırlar. İki ölkə arasında sərhədlərin delimitasiya prosesində ciddi tərpəniş, Zəngəzur dəhlizinin açılması məsələsində də irəliləyiş yoxdur. Qarabağdan erməni yaraqlıları çıxarılmayıb, Ermənistan faktiki işğal altında saxladığı Azərbaycan anklavlarını qaytarmaqdan imtina edir. Bütün bunlar İrəvanın gerçək sülhdə maraqlı olmadığını göstərir.
***
Maraqlıdır ki, Fransa rəsmilərinin bu açıqlamaları Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ da daxil olmaqla 86,6 min kvadratkilometr ərazidə suverenliyini tanıdığını bəyan etməsi, yəni ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi fonunda baş verir. Belə olan təqdirdə, Fransanın baş diplomatının, o cümlədən digər rəsmilərinin bu mövqeyi onların Roma papasından daha artıq katoliklik etməyə çalışdığının göstəricisidir. Onlar bu cür mövqe nümayiş etdirməklə bütün normaları aşmış olurlar. Bu kimi qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətini daha da genişləndirməsinə rəvac verir.
***
Fransanın bu qərəzli mövqeyi təkcə Azərbaycanda etiraz doğurmur. Xarici ekspertlər də Parisin mövqeyindən narazıdırlar. Məsələn, İsrailin “İsrail Milli Xəbərləri – Arutz Şeva” radiostansiyasının saytında Ariel Koqanın Fransanın ikili standartlarına həsr olunmuş məqaləsi dərc olunub. Postsovet məkanı üzrə mütəxəssis olan A.Koqan yazır ki, Fransada iğtişaşlar zamanı Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidə təhqir edilib: “Fransa od içindədir. Tərk edilmiş ərazilərin sakinləri hökumətə, ağdərililərə və yəhudilərə çoxdan nifrət bəsləyirlər. Bütün bunlara baxmayaraq, Prezident Emmanuel Makron narahat görünmür, hətta Elton Conun konsertində rəqs edib. Fransız yəhudiləri, deyəsən, Makron qədər əylənmirlər – onların çoxu böyük müsəlman əhalisi olan şəhərətrafı qəsəbələrdə yaşayır və iğtişaşlar onlar üçün birbaşa təhlükə yaradır. Fransanın ikili standartları təkcə Yaxın Şərqdə özünü büruzə vermir. Prezident Makron Parisdəki iğtişaşlara az diqqət yetirərək, diqqətini başqa şeyə, yəni bütün Avropa İttifaqı və İsrail üçün enerji resursları mənbələrindən biri olan Cənubi Qafqazın strateji əhəmiyyətli regionunda münaqişənin qızışdırılmasına yönəldib. Regional qarşıdurmanın mərkəzində vaxtilə işğal olunmuş Azərbaycan ərazisi olan Qarabağdakı separatçı birləşmə dayanır. Aİ, ABŞ və təbii ki, İsrail münaqişənin sülh yolu ilə həllində maraqlıdır, çünki Azərbaycan Rusiya qazı və neftinə strateji alternativdir. Yəni münaqişənin gərginləşəcəyi təqdirdə enerji resurslarının Avropaya axını pozula bilər. Aİ və ABŞ Bakı ilə İrəvan arasında sülh sazişinin əldə edilməsində vasitəçilik etməyə çalışsa da, Fransa, Rusiya və İranla birlikdə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin əleyhinədir”.
Məqalədə bildirilir ki, Makron öz ölkəsindəki iğtişaşlarla mübarizə aparmağa belə cəhd etmədən başqasının sədaları altında rəqs edir. O, iyunun 27-də Marseldə erməni icmasının liderləri ilə görüşündə deyib ki, “Fransa Qarabağ məsələsində aydın mövqeyə malik yeganə ölkədir”. Müəllifin fikrincə, görünür, o, regionda separatizmi dəstəkləməkdə davam edəcək: “Makronun Qarabağda separatizmi aktiv şəkildə dəstəkləməsi, hətta, onları hərbi texnika ilə təmin edəcəyini vəd etməyə qədər gedir. Makron Aİ-nin rəsmi mövqeyi ilə ziddiyyət təşkil etdiyindən xəbərsiz ola bilməz, amma, görünür, onun çox da vecinə deyil. Makronun siyasəti nəticəsində mümkün eskalasiya ilə bağlı narahatlıqlar əsaslıdır. “The Wall Street Journal” qəzeti yazır ki, Paris, ümumilikdə, Cənubi Qafqazda Rusiya və İranın oyununu gücləndirən mövqe tutub. Prezident Emmanuel Makron regionda diplomatiya aparmaq üçün çox səy göstərir, lakin onun hərəkətləri Azərbaycanın yox, Ermənistanın xeyrinədir”.
“Fransanın indiki siyasəti Qərb və İsrail üçün təhlükədir”, – deyə israilli ekspert yazıb.
Onu da qeyd edək ki, iyulun 6-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransız həmkarı ilə telefon danışığı aparıb. Bu barədə yayılan rəsmi məlumatda qeyd olunur ki, tərəflər “Azərbaycanın Laçın dəhlizini qeyri-qanuni şəkildə bağlaması nəticəsində Qarabağda yaranmış humanitar böhranı” müzakirə ediblər. Fransa bu cür mövqe nümayiş etdirməklə özünü gözdən salır, olan-qalan nüfuzunu da itirir. Rəsmi Parisin bu mövqeyindən geri çəkilməsi Ermənistanla Azərbaycan arasında real sülhün əldə olunmasına, Cənubi Qafqazın çiçəklənən bölgə kimi inkişafına gətirib çıxaracaq. Fransa bölgədə əngəlləyici rol oynamaqdan tez bir zamanda əl çəkməlidir.
Rizvan HÜSEYNOV,
politoloq
– Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanın ünvanına son vaxtlar səsləndirdiyi çox yersiz və sərt çıxışları əks-effekt verdi və Parisi bizim bölgəmizdən daha çox uzaqlaşdırdı. Yəni, itirən Fransa oldu. Xarici işlər naziri Ketrin Kolonna indi münasibətləri yumşaltmağa səy göstərir. İkibaşlı, çoxmənalı cümlələrlə havadarı olduqları ermənilərin xətrinə dəyməməyə çalışır. Ancaq tvitter-də yazdığından belə çıxır ki, o, Qarabağın “müstəqilliyini” tanımasa da, burada ermənilərin yaşadığını vurğulayır, həmçinin oranın Azərbaycan ərazisi olduğunu qeyd etmir. Düzdür, başqa ölkə nümayəndəsi bu fikri səsləndirsəydi, Azərbaycan təərfindən sərt tənqid olunardı. Amma Fransa ənənəvi, yüz faizlik ermənpərəst mövqedən çıxış edir. Bu dəfə Ketrin Kolonnanın belə deyək, yalandan da olsa, neytrallıq nümayiş etdirməsi Fransada İranın yolu ilə getdiklərini çox gözəl başa düşdüklərini göstərir. O mənada ki, İran ötən il və bu ilin əvvəlində Azərbaycana təzyiq göstərmək istədi. Hətta hərbi-siyasi təzyiqə əl atdı. İran-Azərbaycan sərhədində İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 50 minlik ordusu güc nümayiş etdirmək istəyirdi, amma nəticədə həm İranda daxili iğtişaşlar başladı, həm də İran Azərbaycanda olan-qalan nüfuzunu itirdi. İndi Fransa da həmin yolu gedir. Həm özünü xərclədi, həm də Fransada iğtişaşlar davam edir. Daxili qarşıdurma pik həddə çatıb. Küçələrdə narazı kütlələr avtomobilləri aşırır, onları yandırır, mağazaların vitrinlərini sındırırlar. Əsasən ermənilərin sevimli Marsel şəhərində iğtişaşlar nəzarətdən çıxıb və Fransa dövləti üçün tam təhlükədir.
Buradan çıxan nəticə odur ki, istər İran, istərsə də Fransa anlamalıdırlar ki, bu regionda təkcə Azərbaycanın maraqları yox, həm də Azərbaycanın müttəfiqlərinin və tərəfdaşlarının maraqları var. Nə İran, nə də Fransa 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geopolitik reallığı dəyişə bilməzlər. Onların sözün məcazi mənasında desək, dişlərini sındırdılar. Ona görə də Kolonna indi hardasa münasibətləri qaydaya salmağa çalışır.
Həmçinin, İranın xarici işlər naziri bir müddət öncə Bakıda oldu. İran-Azərbaycan münasibətlərinin yumşaldılması üçün çox cəhdlər var. Paralel olaraq Fransa da bunu edir. Nə qədər qəribə də olsa, bu, Fransa-İran-Rusiya alyansıdır. Biz burada üç ölkənin işbirliyini görürük. Fikir verirsinizsə, hər üç ölkədə daxili problemlər var. İstər Rusiayda Priqojin qiyamı və ondan sonrakı siyasi böhran, istər Fransada daxili böhran, istərsə də İranda ali dini rəhbərliklə SEPAH tərəfdarları arasında çox ciddi çəkişmələr gedir. Yəni, eyni vaxtda həm Kremldə, həm Yelisey sarayında, həm də Tehranda didişirlər. Həm də ictimai-siyasi vəziyyət çox ağırdır. Bu, onu göstərir ki, adları çəkilən ölkələr özlərini xərclədilər. Uğursuz mövqe seçdilər. Ermənistanı və Qarabağı müdafiə etmək adı ilə bizim bölgəmizdə olan-qalan dayaqlarını itirdilər. Sonda onu da qeyd edək ki, bu il prinsipialdır. İlin sonunadək Azərbaycan və onun müttəfiqlərinin layihələrinə qarşı çıxan ölkələr layiqli cavablarını alacaqlar. Necə ki, artıq almağa başlayıblar.
Səxavət HƏMİD, “Xalq qəzeti”