Avtomobillərin duracaq haqqı kartla ödəniləcək

post-img

Azərbaycanda müxtəlif təyinatlı nəqliyyat vasitələrinin sayı gündən-günə artır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hazırda ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun da 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür. Avtomobillərin sayının çoxalması isə müəyyən problemlərin yaranmasına səbəb olur. 

Bu sahədə ən ciddi problem avtomobillərin duracaqlarda saxlanması ilə bağlıdır. Elə paytaxtda, eləcə də digər iri şəhərlərdə günün müxtəlif saatlarında yaranan tıxacların da əsas səbəbi məhz avtomobillərin saxlanma yerlərinin  kifayət qədər olmaması, bəzi sürücülərin isə parklama qaydalarına düzgün riayət etməməsi ilə bağlıdır. Ərazidə avtomobillərin  saxlanması üçün yerlərin olmaması ucbatından sürücü maşınını qanunsuz olaraq haradasa qoymaq məcburiyyətində  qalır. Bu isə inzibati xəta olmaqla yanaşı, həm də tıxacların yaranmasına rəvac verir. 

Eyni zamanda, ölkəmizdə bu sahə uzun illər nəzarətsiz qaldığından bəzi mərkəzi küçə və prospektlərdə ayrı-ayrı şəxslərin qazanc mənbəyi kimi yaratdıqları qeyri-qanuni parklanma yerləri də tıxacların yaranmasına və vətəndaşların haqlı narazılığına səbəb olur. Ən əsası isə  bu sahədə vahid ödəniş sisteminin olmaması və yığılan vəsaitlərin büdcədən yayınması kimi problemlər mövcuddur.  

 Yaxın vaxtlarda isə Azərbaycanda avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, bunun üçün xüsusi mobil tətbiq də istifadəyə veriləcək. İlkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər. Parklanmadan gələn gəlirlər sistemin saxlanılmasına, həmçinin dövlət tərəfindən nəqliyyat infrastrukturunun inkişafına yönəldiləcək.

Yeri gəlmişkən, iyunun 25-də Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ni təsdiq edib. Qərara əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla, Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40 və 30 qəpik məbləğində müəyyən edilib. Gəncə və Sumqayıt şəhərlərinin mərkəzi hissələrində parklanmanın 1 saatı üçün 40 qəpik, digər ərazilər üçün isə 20 qəpik ödəniş edilməsi nəzərdə tutulub.

Yeni qərara görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq. “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”na uyğun olaraq fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayacaqlar.

Ərşad HÜSEYNOV, 
nəqliyyat üzrə ekspert

İndiyə qədər Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə faktiki olaraq duracaqlar  mövcud idi. Sadəcə, həmin yerlərdən yığılan vəsaitlərin aqibəti məlum deyildi. Cəmiyyətdə avtomobillərin parklanmasından yığılan vəsaitlərin kimlər tərəfindən idarə olunması, hara getməsi ilə bağlı suallar var idi. Çünki həmin ödənişlər Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdi.

Nəhayət, Nazirlər Kabineti həmin suallara cavab olaraq belə bir qərar qəbul etdi. Hökumətin yeni qərarı ilə Bakı, Sumqayıt və Gəncədə zonalara uyğun parklanmaya görə ödənişlər müəyyən olundu. Həmin ödəniş haqlarının faktiki olaraq avqust ayının 1-dən başlayaraq tətbiq ediləcəyi gözlənilir.

Hesab edirəm ki, avtomobillərin parklanmasını və buna görə vəsaitlərin yığılmasını həm beynəlxalq təcrübə, həm də hazırda dövriyyədə olan ödəniş sistemləri nəzərə alınmaqla sivil qaydada təşkil etmək lazımdır. Burada əsas prinsiplər ondan ibarət olmalıdır ki, şəffaflıq təmin edilsin, ödənişlər ayrı-ayrı şəxslərin cibinə deyil, dövlət büdcəsinə və yaxud da  büd­cəyə bağlı olan digər hesablara getsin. Eyni zamanda, insanlardan əlavə nəsə tələb olunmasın, müxtəlif xoşagəlməz, neqativ hallar baş verməsin.

 Bunun üçün də müasir ödəniş vasitələrindən, ödəniş sistemlərindən istifadə daha düzgün olar. Onlardan da ən yaxşısı nağdsız ödəniş sistemidir. Burada əsas üstünlük ondan ibarətdir ki, parklanma haqları nağdsız qaydada ödəniləcək. Kimlərinsə əlavə pul alması və yaxud onu müəyyən olunmuş hesablara köçürməməsi kimi hallar olmayacaq. Üstəlik, park nəzarətçilərinin pul məsələlərində iştirakı sıfıra bərabər olacaq. Çünki onlar pulların qəbulu və mədaxil proseslərində iştirak etməyəcəklər. Park nəzarətçiləri yalnız avtomobil sahiblərinə ödəniş alətlərindən, ödəniş vasitələrindən istifadə ilə bağlı müəyyən məsləhət verə, onlara yardım edə biləcəklər.

Elməddin MURADLI, 
nəqliyyat üzrə ekspert

Hökumətin yeni qərarı Bakı şəhərini tam əhatə etsə də, heç də bütün küçə və prospektlərdə ödənişli dayanacaqlar olmayacaq. Çünki Bakı şəhərində parklanma qadağan edilmiş xeyli küçə və prospekt var. Qiymətlərə gəlincə isə, deyərdim ki, münasibdir. Nəzərə alaq ki, yol kənarında avtomobil parklayan şəxslər, əsasən, qısa zaman üçün dayanırlar. Bundan əlavə, şəhərin mərkəzi hissəsinə kimsə avtomobillə gəlirsə, o adam da, təbii ki, 1-2 manatından keçəcəyini gözə almalıdır. Əslində bu qərarın bir hədəfi də şəhərin mərkəzində şəxsi avtomobillərin sıxlığını azaltmaqdır.

Yaşayış yeri üzrə sakinlərin avtomobillərinin parklanması nəzərə alınsa da, bu qərarın işləyənlərə necə şamil ediləcəyi sual yaradır. Ona görə də, biz bununla bağlı təklif vermişik ki, onlara da güzəştlər tətbiq edilməlidir. Məsələn, ərazidə yaşayan avtomobil sahibi nəzarətçi quruma müvafiq sənəd təqdim edəcəyi təqdirdə, dayanacaqdan pulsuz istifadə edə bilər. İşləyənlər üçün də müəyyən güzəştlər olmalıdır. Çünki mərkəzi zonada işləyən vətəndaş gündə 8 manat dayanacaq haqqı ödəsə, bu, ayda minimum 160 manat edir. Bu da kifayət qədər böyük xərcdir. 

Ona görə də yeraltı avtomobil dayanacaqlarında yaxın ərazidə işləyən avtomobil sahibləri üçün də müəyyən güzəşt nəzərdə tutulub. Yəni hər gün işə gələn vətəndaş gündə 8 manat dayanacaq haqqı ödəmək məcburiyyətində qalmır. Amma küçə parklanmasında problem yaranır. Ərazidə işləyən insanlar var ki, bu məsələlər nəzərə alınmalıdır. Əks halda, bu nizamlama narazılıq yarada bilər. Yeri gəlmişkən, işləyən şəxsləri ictimai nəqliyyata cəlb etməzdən öncə ictimai nəqliyyatda sıxlığa çarə tapılmalıdır.

Mirbağır YAQUBZADƏ, 
“Xalq qəzeti”

 





Sosial həyat