BP şirkətinin Cəbrayılda “Şəfəq” günəş enerjisi layihəsi üzrə danışıqları artıq yekunlaşmaq üzrədir. Bu barədə BP-nin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. Onun sözlərinə görə, hazırlıq prosesləri artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda texniki və kommersiya işləri başa çatdıqdan sonra bu layihə ilə bağlı yekun investisiya qərarının açıqlanacağı gözlənilir.
B. Aslanbəyli, həmçinin bildirib ki, BP neft-qaz layihələri ilə yanaşı, bərpaolunan enerji sahəsindəki strategiyasına da ciddi dəyişikliklər edir: “Yeni strategiya neft-qaz resursları ilə bərpaolunan enerji resursları arasında seçim etmək deyil, hər iki istiqamətdə fəaliyyəti davam etdirməkdən ibarətdir. Bu istiqamətdə işlər paralel aparılır”.
Xatırladaq ki, 2022-ci ilin iyun ayında Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP tərəfindən Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Bu sənəd işğaldan azad olunan ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpaolunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35 faizədək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində həyata vəsiqə alıb.
“Xalq qəzeti”