Muxtar respublikada kağız məhsulları istehsalı sahəsinin işə salınması sakinlərə bayram hədiyyəsi olub. Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib.
Məlumat verilib ki, yeni müəssisə “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində yaradılıb. İstehsal sahəsinin yaradılmasına 2,5 milyon manat dan artıq sərf olunub ki, bunun 550 min manatını dövlət maliyyə dəstəyi təşkil edir. Burada Türkiyə istehsalı olan 4 salfet və 1 karton-rulon xətti fəaliyyət göstərir. “Zərif” əmtəə nişanı ilə 4 növdə 8 çeşiddə salfet, 1 növdə karton-rulon istehsalı həyata keçirilir. Hazırda müəssisədə 20 nəfər çalışır və satışdan, istehsal imkanlarından asılı olaraq işçi sayının artırılması planlaşdırılır. Xammal Türkiyədən alınır və 100 faiz sellüloz maddələrdən əldə edilir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli müəssisədə yaradılan şərait, istehsal prosesi, məhsulların dizaynı, istifadə imkanları, keyfiyyəti ilə yaxından maraqlanıb, tapşırıqlarını çatdırıb.
Fuad Nəcəfli inşası davam etdirilən “Naxçıvan Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətində də olub, müəssisənin istehsal, qablaşdırma, anbar, laboratoriya hissələrinə baxıb. Burada ilkin olaraq 4 çeşiddə araq istehsal ediləcək, gələcəkdə, çaxır, konyak, viski istehsalı da nəzərdə tutulur. Səlahiyyətli nümayəndə müəssisənin layihəsi, istehsal imkanları, avadanlıqların işləmə mexanizmi ilə yaxından maraqlanıb, görüləcək işlərdə keyfiyyət amilinin diqqətdə saxlanılması barədə tapşırıqlarını verib.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri